Eşqi Bağırov: Məktəbdəki prosesləri rəqəmsal məlumatlarla idarə etmək vacibdir
"Təhsil xidmətlərinin elektronlaşdırılması vaxt itkisini azaldır, proseslərdə şəffaflığı artırır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, rəqəmsal məktəb platforması Bakı şəhərinin 352 ümumi təhsil müəssisəsini əhatə edir:
“Son illərdə təhsil sistemində rəqəmsallaşmanın mühüm istiqamətlərindən biri vətəndaşlara göstərilən xidmətlərin mərhələli şəkildə elektronlaşdırılması olub. Bu gün valideyn və şagird üçün əvvəllər əlavə vaxt və inzibati prosedur tələb edən bir çox xidmətlər artıq rəqəmsal mühitdə təqdim olunur. Şagirdlərin məktəbə qəbulu, məktəblər arasında yerdəyişməsi və digər bir sıra xidmətlər elektronlaşdırılıb. Bu ilin mühüm yeniliklərindən biri isə ümumi təhsil haqqında attestatların elektron formada təqdim edilməsinə başlanılmasıdır".
MÜTDA direktoru qeyd edib ki, xidmətlərin elektronlaşdırılması vətəndaş üçün prosesi daha əlçatan və çevik edir, vaxt itkisini azaldır, şəffaflığı və məlumatların dəqiqliyini artırır:
"Amma rəqəmsallaşmanın növbəti və bizim üçün daha vacib mərhələsi yalnız vətəndaşa göstərilən xidməti elektronlaşdırmaq deyil, məktəbin daxilində gedən prosesləri, xüsusilə tədrisi və keyfiyyəti rəqəmsal məlumatlar əsasında idarə etməkdir. Məhz bu baxımdan “Rəqəmsal məktəb” platforması xüsusi əhəmiyyət daşıyır. Platforma artıq Bakı şəhərinin 352 ümumi təhsil müəssisəsini əhatə edir və ondan 35 minə yaxın müəllim istifadə edir. Platformanın bizim üçün ən vacib funksiyası tədrisin və keyfiyyətin idarə olunmasıdır. Məktəbdaxili qiymətləndirmə nəticələri məktəb, sinif, fənn və ayrı-ayrı şagird səviyyəsində təhlil edilir. Bu, məktəb rəhbərinə və idarəedici strukturlara hansı sinifdə, hansı fəndə və hansı şagird qrupunda problem yarandığını daha erkən görməyə, nəticələri müqayisə etməyə və ehtiyac yaranan istiqamətdə vaxtında müdaxilə etməyə imkan verir. Başqa sözlə, “Rəqəmsal məktəb” məlumatı sadəcə toplamaq üçün deyil, məlumatı idarəetmə qərarına çevirmək üçün istifadə olunur. Platformanın ikinci mühüm istiqaməti müəllimin gündəlik fəaliyyətinin dəstəklənməsidir. Bir tərəfdən müəllimin bir sıra inzibati işləri rəqəmsallaşdırılır və onun inzibati iş yükü azalır".
E.Bağırov vurğulayıb ki, digər tərəfdən müəllim rəqəmsal və təhlükəsiz və ölkədə tətbiq edilən təhsil proqramlarına uyğunlaşdırılmış süni intellekt alətlərindən istifadə etməklə dərsin planlaşdırılması, tədris materiallarının hazırlanması və şagird nəticələrinin təhlili üçün yeni imkanlar əldə edir:
"Eyni zamanda platforma müəllimin ehtiyaclarına uyğun metodiki materiallara və dəstəyə çıxışını genişləndirir. Mühüm faydalardan biri də valideyni məktəbə və övladının təhsil prosesinə daha yaxın etməkdir. Valideyn övladının təlim nailiyyətlərini və davamiyyətini daha operativ izləyə, məktəbdə gedən proseslər haqqında məlumat ala və məktəblə daha intensiv kommunikasiya qura bilir. Beləliklə, valideyn yalnız ilin sonunda və ya valideyn iclasında uşağının vəziyyəti haqqında məlumat alan tərəf olmur. O, tədris ili boyunca uşağın inkişafını izləyən və məktəblə davamlı ünsiyyətdə olan tərəfə çevrilir. Eyni zamanda rəqəmsal imkanlar valideynlərin məktəblə bağlı fikirlərinin sistemli şəkildə öyrənilməsinə də şərait yaradır. Bu məqsədlə keçirilən genişmiqyaslı sorğuda 448 mindən çox valideyn iştirak edib. Yeni tədris ilində “Rəqəmsal Məktəb” platformasının Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir və Naxçıvanda genişləndirilməsi nəzərdə tutulur. Nəticədə platforma 500-dən çox təhsil müəssisəsini, 600 minə yaxın şagirdi və bir milyondan çox valideyni əhatə edəcək”.




