Yeni tədris ilində "Rəqəmsal məktəb"də hansı yeniliklər olacaq?
Yeni tədris ilində "Rəqəmsal məktəb" platformasının funksional genişlənməsi nəzərdə tutulur. Genişlənmə çərçivəsində formativ qiymətləndirmə, davamiyyət boşluqları və nizam-intizamla bağlı müəllim qeydləri valideyn kabinetinə operativ ötürüləcək, məktəbəhazırlıq qruplarının “Rəqəmsal məktəb” platformasına inteqrasiyası baş tutacaq.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, valideyn direktor qəbuluna yazılanda mövzu seçimi edə biləcək. Valideyn direktor qəbulundan sonra əks-əlaqə qura biləcək. Yerdəyişmə edən şagirdlərin qiymətlərinin avtomatik daşınması baş tutacaq. Platformada valideyn sorğusu funksionallığı ilə yanaşı, müəllim qiymətləndirməsi funksionallığı da təkmilləşdiriləcək.




