350-yə yaxın məktəb kağız jurnallardan imtina edib
2025-ci ilin fevralından pilot layihə kimi başlayan “Rəqəmsal məktəb” platforması artıq Bakıdakı 350-yə yaxın ümumi təhsil müəssisəsində tam istifadəyə verilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, təhsilin idarə olunmasını avtomatlaşdıran bu yenilik sayəsində məktəblərdə kağız jurnallardan imtina edilərək qiymətləndirmə, davamiyyət və nizam-intizam qeydləri tam elektron formata keçirilib.
Valideynlər www.reqemsal.edu.az saytı və ya fərdi kabinet vasitəsilə övladlarının dərslərini, qiymətlərini və davamiyyətini canlı izləyə, məktəb rəhbərliyi ilə onlayn əlaqə saxlaya bilirlər. Platforma üzərindən keçirilən sorğularda 200 mindən çox valideyn iştirak edərək məktəb mühitini, 36 min valideyn isə müəllim fəaliyyətini qiymətləndirib:
“Platforma vasitəsilə şagirdlərin summativ qiymətləndirmə nəticələrinin təhlili aparılır ki, bu da akademik geriləmələrin vaxtında aşkarlanmasına və dəstək tədbirlərinin görülməsinə şərait yaradır. Növbəti tədris ilindən etibarən layihənin coğrafiyası genişlənərək Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir və Abşeronu da əhatə edəcək”.




