Şagirdlər üçün süni intellekt əsaslı təhsil mentoru yaradılıb

20 Noyabr, 2026 - 10:46
Şagirdlər üçün süni intellekt əsaslı təhsil mentoru yaradılıb

"Azərbaycanda təhsil prosesində süni intellekt texnologiyalarının tətbiqi çərçivəsində şagirdlər üçün fərdiləşdirilmiş öyrənmə dəstəyi təqdim edən yeni rəqəmsal mentor hazırlanıb".

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov məlumat verib.

Qeyd edib ki, “Presight G42” ilə birgə hazırlanan süni intellekt əsaslı “EduSLM” təhsil mentoru şagirdlərin bilik səviyyəsinə və tədris proqramına uyğun fəaliyyət göstərir.

Təqdim olunan məlumata əsasən, alət dərslik və metodiki vəsaitlər əsasında sualların cavablandırılması, imtahan və özünüqiymətləndirmə testlərinin hazırlanması, perspektiv (illik) və gündəlik dərs planlarının tərtib edilməsi imkanlarına malikdir.

Bununla yanaşı, sistem ev tapşırıqlarının hazırlanması, yoxlanılması və qiymətləndirilməsi, tədris planlarının hazırlanması və effektiv idarə olunması, şagird nailiyyətləri üzrə məlumatlara əsaslanan analitik hesabatların hazırlanması üçün də istifadə oluna bilər.

Süni intellekt əsaslı mentorun digər imkanları sırasında daxili informasiya sistemləri əsasında məlumat yönümlü qərarvermə mexanizmlərinin tətbiqi, fənlər üzrə interaktiv və vizuallaşdırılmış tədris məzmununun yaradılması, işə qəbul və sertifikasiya imtahanları üçün sualların hazırlanması da yer alır.

Həmçinin alət riyaziyyat fənninin rəqəmsal və interaktiv üsullarla tədrisinə, vətəndaş müraciətlərinin avtomatlaşdırılmış şəkildə cavablandırılmasına imkan yaradır.

Qeyd edək ki, “EduSLM” şagirdlərin fərdi öyrənmə ehtiyaclarına uyğun dəstək göstərməklə tədris prosesinin rəqəmsal imkanlarını genişləndirməyə xidmət edir.