Bu aydan "Rəqəmsal məktəb”i regionlarda da genişləndiririk - ETN rəsmisi
““Rəqəmsal məktəb” layihəsi Bakıdakı məktəbləri vahid platformada birləşdirən milli platformadır.
Bu aydan layihəni regionlarda da genişləndiririk. Platforma şagirdlərə, müəllimlərə, məktəb direktorlarına və valideynlərə ünsiyyət qurmaq və qarşılıqlı əlaqə yaratmaq imkanı verir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Baku ID 2026” İnnovasiya Festivalı çərçivəsində “Süni intellekt transformasiyası dalğası” panel müzakirəsində səsləndirib.
V.Xanlarov bildirib ki, bütün bunlar indiyədək yaradılmış və hazırda yaradılmaqda olan infrastruktur olmadan mümkün olmazdı:
“Əvvəllər məktəbi, müəllimlər otağını, direktor otağını və İT otağını bir-birinə bağlamaq barədə düşünürdüksə, indi anlayırıq ki, bağlantı imkanları məktəblə və müəllimlərlə birlikdə paylaşılmalıdır. Bu bizim strategiyamızdır”.
Bu sahədə aparılan sınaqlar dövrünü xatırlayan idarə rəisinin sözlərinə görə, bütün məktəblər vahid şəbəkəyə birləşdiriləndə anlaşıldı ki, fiber-optik internet hər regionda, hər kənd məktəbində əlçatan deyil:
“Buna görə də müxtəlif bağlantı növlərini sınaqdan keçirməyə başladıq. Mobil operatorlarla əməkdaşlıq edərək fiber-optik şəbəkənin çatmadığı məktəblərdə simsiz bağlantı yaratdıq.
Azərbaycanın ilk peykini kosmosa göndərdiyi il də yadımdadır. O zaman təxminən 10 məktəbi peyk üzərindən internetə çıxışla təmin etmişdik. Bu, çox bahalı həll idi, amma həmin dövrdə əlimizdə olan yeganə imkan bu idi”.
O qeyd edib ki, bu gün Azərbaycanın “Fiber to Home” dövlət təşəbbüsü sayəsində ölkənin hətta kənd ərazilərində belə fiber-optik və genişzolaqlı internet bağlantısının mövcud olması böyük üstünlükdür və bu bağlantı imkanlarından məktəbləri şəbəkəyə qoşmaq üçün istifadə edilir:
““Rəqəmsal məktəb” platformasının inkişafı və oraya süni intellekt alətlərinin inteqrasiyası istiqamətində irəlilədikcə süni intellektin həll etməyə kömək edə biləcəyi problemləri də aradan qaldırmağa çalışırıq”.
V.Xanlarovun sözlərinə görə, bu istiqamətdə növbəti mərhələ fərdiləşdirilmiş təlim modelidir:
“Yəni platformadan istifadə zamanı şagird haqqında topladığımız məlumatlar əsasında hər bir şagird üçün ayrıca, fərdiləşdirilmiş təlim modelinin qurulmasıdır. İnfrastruktur və platformamız inkişaf etdikcə növbəti mərhələ də məhz bu olacaq”.




