Vüsal Xanlarov: İnternet bağlantısı olmayan məktəbimiz yoxdur
2026-cı ildə məktəblərə ümumilikdə 236 min 295 kompüterin verilməsi nəzərdə tutulur.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsildə rəqəmsallaşma" mövzusunda təlim sessiyası zamanı bildirib.
O qeyd edib ki, ölkədə şagirdlərin 82 faizi genişzolaqlı internet bağlantısı ilə əhatə edilib. Azərbaycanda 2 857 məktəb genişzolaqlı internetlə təmin olunub. 2020-ci ildə bu göstərici 171 məktəb təşkil edib.
İdarə rəisinin sözlərinə görə, rəqəmsallaşmanın əsas məqsədi şagirdlər üçün bərabər təhsil və öyrənmə imkanlarının yaradılmasıdır:
"Rəqəmsallaşma, ilk növbədə, şagirdlər üçün bərabər öyrənmə imkanları yaratmalıdır. Bəzən elə düşünülür ki, interneti olmayan məktəblər var. Əslində, internet bağlantısı olmayan məktəbimiz yoxdur. Lakin məktəblərin 63 faizi genişzolaqlı internetə qoşulub".




