Müəllimlər üçün hansı süni intellekt alətləri ödənişsizdir?

20 Noyabr, 2026 - 10:49
Müəllimlər üçün hansı süni intellekt alətləri ödənişsizdir?

Azərbaycanda müəllimlərin süni intellekt texnologiyalarından istifadəsinin genişləndirilməsi və tədris prosesinin daha səmərəli təşkili istiqamətində yeni imkanlar yaradılıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəis müavini Ayaz Abuşov məlumat verib.

Bildirib ki, Elm və Təhsil Nazirliyi ilə “Google” şirkətinin əməkdaşlığı çərçivəsində “Rəqəmsal məktəb” platformasında müəllimlər üçün “Gemini” və “NotebookLM” süni intellekt alətləri ödənişsiz təqdim olunur.

Platformada yer alan bu alətlər müəllimlərə dərs hazırlığı, şagirdlərin qiymətləndirilməsi, məlumatların emalı və rəqəmsal məzmunun yaradılması proseslərini daha səmərəli təşkil etməyə imkan verir.

Süni intellekt əsaslı texnologiyaların köməyi ilə müəllimlər müxtəlif mənbələrdən əldə olunan məlumatları təhlil edə, uzun mətn və sənədləri ümumiləşdirə, dərs mövzuları üzrə ideyaları strukturlaşdıra və bilik bazası yarada bilərlər.

Bununla yanaşı, “Rəqəmsal məktəb” platformasında müəllimlər üçün “Google Classroom”, “Google Calendar”, “Google Docs” və “Google Drive” xidmətləri də təqdim olunur.

Bu xidmətlər müvafiq olaraq tədris materiallarının paylaşılması və qiymətləndirmə, dərs və tədbirlərin planlaşdırılması, sənədlərin yaradılması və redaktəsi, eləcə də faylların saxlanılması və paylaşılması imkanları yaradır.

Qeyd edək ki, bu təşəbbüs müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə, dərs hazırlığına sərf olunan vaxtın optimallaşdırılmasına və tədris prosesində müasir texnologiyaların tətbiqinə xidmət edir.