Son altı ili ən böyük sıçrayış dövrü hesab etmək olar - Vüsal Xanlarov
“2020-ci ildə məktəblərdə şagirdlərin yalnız 14 faizi genişzolaqlı internetə qoşulmuşdu. Son altı ili məktəblərin internet bağlantısı baxımından ən böyük sıçrayışın baş verdiyi dövr hesab etmək olar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil Sistemlərinin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Baku ID 2026” İnnovasiya Festivalı çərçivəsində “Süni intellekt transformasiyası dalğası” panel müzakirəsində səsləndirib.
O bildirib ki, bu müddət ərzində ölkə üzrə genişzolaqlı internetə qoşulan şagirdlərin payı 86 faizə çatdırılıb:
“Eyni zamanda, 2020-ci ildə bir kompüterə 33 şagird düşürdüsə, hazırda bu nisbət 1 kompüterə 6 şagird təşkil edir. Bu, cihazlara və internet bağlantısına əsas çıxış imkanlarının təmin edilməsi baxımından əhəmiyyətli dəyişiklikdir.
Lakin, əlbəttə ki, bu infrastruktur onu dəstəkləyən informasiya sistemləri olmadan hər hansı dəyər yaratmır”.
V.Xanlarovun sözlərinə görə, hazırda Elm və Təhsil Nazirliyi Azərbaycan vətəndaşları və ümumilikdə təhsil ictimaiyyəti üçün tamamilə onlayn şəkildə göstərilən təxminən 60 xidmət təqdim edir:
“Bütün bunları həyata keçirərkən anlayırıq ki, hazırkı süni intellekt dövründə həllər yaratmaq üçün zəruri olan yerli məlumat və informasiyadır. Biz də süni intellektlə bağlı yaranan böyük maraq dalğasına sürətlə qoşulduq. Çox tez anladıq ki, uğurlu süni intellekt həlləri üçün yerli bilik bazaları vacibdir. Belə bir bazaların mövcudluğu və daimi təkmilləşdirilməsi süni intellekt alətlərinin dəyərini artırır”.
İdarə rəisi bildirib ki, ölkədə süni intellekt dalğası başlamazdan əvvəl bir çox zəruri iş görülmüşdü:
“Lakin son beş-altı il ərzində cihazlara və infrastruktura çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilmişik. Müəllimlərin hazırlanması da həmişə mühüm amil olub və biz buna böyük əhəmiyyət vermişik.
Bununla yanaşı, düşünürəm ki, bu amillərlə bərabər, təhsil prosesinin, təhsilin idarə olunmasının və təhsilin təqdim edilmə formasının dəyişdirilməsinin vacibliyini də dərk etmək çox önəmlidir. Hazırda bizim üçün növbəti mərhələ məhz budur və biz artıq bu istiqamətdə çalışırıq”, – deyə o qeyd edib.




