Sürətli sürürsənsə, ünvana tez çatırsan? – Araşdırmalar əksini deyir
Sürət həddini aşmaq sürücülərə ciddi yanacaq itkisi bahasına başa gəlsə də, gündəlik səfərlərdə cəmi bir dəqiqəyə yaxın vaxt qazandırır.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu nəticə ABŞ-nin Minnesota Universitetinin alimlərinin apardıqları və "Communications Sustainability" jurnalında dərc olunan araşdırmada yer alıb.
Tədqiqat çərçivəsində ABŞ-də 2021-ci ildə həyata keçirilmiş 120 milyon avtomobil səfəri təhlil edilib. Məlum olub ki, səfərlərin 43 faizindən çoxunda sürücülər ən azı bir dəfə sürət həddini aşıblar və ümumi hərəkət vaxtının təxminən 12 faizini icazə veriləndən yüksək sürətlə hərəkətdə keçiriblər.
Araşdırmaya əsasən, sürücülər müəyyən olunmuş sürət həddinə əməl etsələr, hər gün orta hesabla 6,7 milyon qallon (təxminən 25,4 milyon litr) yanacağa, 22 milyon ABŞ dollarına qənaət etmək və atmosferə atılan 57 min ton karbon qazı emissiyasının qarşısını almaq mümkün olar. Alimlərin hesablamalarına görə, bu göstərici təxminən 5,5 milyon minik avtomobilinin yollardan çıxarılması ilə eyni ekoloji effekt yaradır.
Tədqiqat göstərib ki, sürət həddinə riayət etmək sürücülərin düşündüyü qədər vaxt itkisinə səbəb olmur. Gündə orta hesabla 46 kilometr məsafə qət edən sürücülər üçün sürət həddinə əməl etmək səfəri cəmi 54 saniyə uzadır.
Araşdırmanın həmmüəllifi, Minnesota Universitetinin professoru Uilyam Nortrop bildirib ki, məqsəd yalnız bir dəqiqə vaxt qazanmaqdırsa, sürətlə hərəkət etmək mümkündür. Lakin təhlükəsizliyi artırmaq, yanacağa qənaət etmək və ətraf mühitə mənfi təsiri azaltmaq üçün sürət həddinə riayət etmək daha məqsədəuyğundur.
Alimlər qeyd edirlər ki, sürətin azaldılması elektrik avtomobilləri üçün də enerji sərfiyyatının azalmasına müsbət təsir göstərir. Araşdırmada vurğulanır ki, sürücülərin davranışındakı kiçik dəyişikliklər həm şəxsi xərclərin azalmasına, həm də ətraf mühitin qorunmasına əhəmiyyətli töhfə verə bilər.




