SXA-nın sədri: İxtisaslaşmış kadrların işə cəlbinə xüsusi önəm veririk
“Həssas əhali qruplarına göstərilən səyyar, stasionar və yarımstasionar sosial xidmətlərin operativ və səmərəli təşkili, sosial xidmətlərə əlçatanlığın artırılmasına xüsusi əhəmiyyət veririk. Bu məqsədlə sosial xidmətlər üzrə mütəxəssis hazırlığı həyata keçirən ali təhsil müəssisələri ilə əməkdaşlıq edir və ixtisaslaşmış gənc kadrların işə cəlbinə xüsusi önəm veririk”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün keçirilən 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair mətbuat konfransında deyib.
O bildirib ki, “Sosial iş”, “Psixologiya” və digər ixtisaslarda təhsil alan universitet tələbələri üçün birgə təlimlərin, müvafiq sahələr üzrə istehsalat və elmi-tədqiqat təcrübə proqramlarının təşkilində birgə addımlayırlar: “Eləcə də beynəlxalq və respublika səviyyəsində elmi tədbir və mühazirələrin təşkili və bu kimi digər istiqamətlərdə əməkdaşlıq edirik.
Geridə qoyduğumuz ildə Sosial Xidmətlər Agentliyinin Aparatı, filialları və müəssisələrinə təhkim olunmuş 121 tələbənin istehsalat təcrübəsi proqramı təşkil edilib, onlar müxtəlif struktur bölmələrimizdə müvafiq sahədə əyani biliklərə yiyələniblər.
Agentlik öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bir sıra xarici ölkələrin aidiyyəti qurumları ilə təcrübə mübadiləsini də davam etdirir. Sosial xidmət sahəsində fəaliyyət göstərən müvafiq qurum və beynəlxalq təşkilatlarla qarşılıqlı təcrübə səfərləri təşkil edilir. Ötən il agentliyin nümayəndələri Türkiyə, Rusiya, Polşa, İspaniya, İsveç və digər ölkələrdə səfərdə olub, sosial sahədə tətbiq olunan müasir yanaşmalar,xidmətlərin təşkili mexanizmləri və qabaqcıl təcrübələrlə yaxından tanış olublar”.



