Tam ştatlı müəllim modeli bu məktəblərdə tətbiq olunacaq -AÇIQLAMA

13 İyul, 2026 - 14:19
Tam ştatlı müəllim modeli bu məktəblərdə tətbiq olunacaq

“Gələcək hədəflərdən biri də yeni təmayül tədris modelinə keçən məktəblərdə tam ştatlı müəllim modelinin tətbiqidir”. 

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu bildirib. 

Onun sözlərinə görə, bu modelə  əsasən, müəllimlər saathesabı deyil, tam iş günü əsasında fəaliyyət göstərəcəklər. Onlar səhər saat 09:00-dan 16:00-dək məktəbdə olacaq, orta hesabla həftəlik 25–27 akademik saat dərs keçəcəklər. Qalan vaxt ərzində isə geriləyən şagirdlərlə əlavə məşğələlər aparacaq, sınaq imtahanlarının təşkili, fərdi məsləhətlər və digər akademik fəaliyyətlərlə məşğul olacaqlar.

Direktor müavini qeyd edib ki, bu yanaşma şagirdlər üçün də əlavə üstünlük yaradır:

“Onlar dərsdən sonra da müəllimlərinə müraciət edərək çətinlik çəkdikləri mövzular üzrə məsləhət almaq imkanı əldə edə biləcəklər. Eyni zamanda tam ştatlı müəllimlərin əməkhaqqısının da orta aylıq əməkhaqqından yüksək olması nəzərdə tutulur”.