Tam ştatlı müəllim modelinə nə vaxt keçiləcək?
“Tamştatlı müəllimin əməkhaqqısı orta əməkhaqqıdan yüksək olmalıdır”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.
E.Əmrullayev bildirib ki, brinci məsələ müəllimin məktəbə bağlılığı və özünü məktəbin bir parçası kimi hiss etməsidir:
“Məktəb əməkdaşlığa əsaslanan bir mühit olduğundan kollektiv iş burada xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən müəllim məktəbdə daha çox vaxt keçirməli və məktəb həyatında daha fəal iştirak etməlidir.
Digər tərəfdən, müəllimin fəaliyyəti yalnız dərs deməklə məhdudlaşmır. Onun ayrıca ödəniş almadığı bir sıra mühüm vəzifələri də var. Məsələn, müəllim dərslərə hazırlıq məqsədilə suallar tərtib etməli, yazı işlərini yoxlamalı, şagirdlərlə fərdi ünsiyyət quraraq onlara geribildirim verməli, çətinliklərinin səbəblərini anlamaq üçün onları dinləməlidir. Eyni zamanda, digər müəllimlərlə birgə peşəkar inkişaf layihələrində iştirak etməsi də vacibdir. Bütün bunlar müəllimin məktəbə aidiyyət hissinin və məsuliyyətinin güclənməsini zəruri edir”.
Nazir qeyd edib ki, üçüncü mühüm məqam müəllimlərin əməkhaqqısı ilə bağlıdır: “Əməkhaqqının yalnız dərs saatları əsasında artırılmasına nail olmaq hər zaman asan olmur. Çünki bütün müəllimləri 20–24 saatlıq dərs yükü ilə təmin etmək mümkün deyil. Tam ştatlı müəllim modelinə keçid həm tədrisin keyfiyyətinin yüksəldilməsi, həm də müəllimlərin gəlirlərinin artırılması baxımından əhəmiyyətli islahat hesab oluna bilər. Hazırda bu məsələ müzakirə mərhələsindədir və ehtimal ki, yaxın gələcəkdə bununla bağlı konkret təkliflər irəli sürüləcək. Ümumilikdə isə müəllimin əməkhaqqısı bu şərtlər daxilində ölkə üzrə orta əməkhaqqından yüksək olmalıdır”.




