TAU-da abituriyentlər üçün onlayn infosessiya təşkil olunub

11 Avqust, 2026 - 10:32
TAU-da abituriyentlər üçün onlayn infosessiya təşkil olunub

Türkiyə-Azərbaycan Universitetində (TAU) "Zoom" platforması vasitəsilə abituriyentlər üçün onlayn informasiya sessiyası təşkil edilib.  

TAU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, informasiya sessiyasında abituriyentlər, onların valideynləri və müəllimlər iştirak ediblər. İnfosessiya zamanı spikerlər qismində TAU-nun rektoru və akademik heyətin üzvləri çıxış ediblər.

Əvvəlcə Türkiyə-Azərbaycan Universiteti haqqında tanıtım çarxı iştirakçılara nümayiş olunub, daha sonra spikerlərə söz verilib.

TAU-nun rektoru Nəcibə Nəsibova abituriyentləri salamlayıb və ixtisas seçimi dövründə onlara uğurlar arzulayıb. Rektor həmçinin iki qardaş ölkənin möhtərəm prezidentlərinin təşəbbüsü ilə qurulan və Bakıda fəaliyyət göstərən Türkiyə-Azərbaycan

Universitetinin məhz yüksək ballı parlaq gənclər üçün şans olduğunu da xüsusi vurğulayıb. O, tədrisin yalnız dövlət hesabına olduğunu və dərslərin Türkiyənin 3 nüfuzlu universitetinin – Orta Doğu Texniki Universiteti (ODTÜ), İstanbul Texniki Universiteti (İTÜ) və Hacettepe Universitetinin yüksək səviyyəli professor-müəllim heyəti tərəfindən ingilis dilində aparıldığını abituriyentlərin diqqətinə çatdırıb. Rektor bildirib ki, məzunların alacağı iki beynəlxalq səviyyədə tanınan diplomla xaricdə magistratura / doktorantura təhsili üçün şanslar və geniş iş imkanları olacaq.

TAU-nun İngilis dili proqramının rəhbəri Mutlu Çalışkan qeyd edib ki, tədris ingilis dilindədir və ixtisasların ingiliscə daha yaxşı qavranılması üçün tələbələrin dil göstəricilərinin yüksək olması vacibdir.

TAU-nun Kompüter mühəndisliyi proqramının rəhbəri prof. Ahmet Coşar, Sənaye mühəndisliyi proqramının rəhbəri dos. Ömer Faruk Beyca və Qida mühəndisliyi proqramının rəhbəri prof. Ümran Uyqun OTDÜ, İTÜ və Hacettepe universiteti ilə həyata keçirilən proqramlar, qəbul qaydaları, keçid balları və karyera imkanları barədə abituriyentlərə ətraflı məlumat veriblər.

TAU-nun Kimya laboratoriyası üzrə laborantı Sevinc Həsənzadə bildirib ki, universitetdə ixtisaslar üzrə dərslər laboratoriyalarda keçirilir və bu, tələbələrin peşəkar mütəxəssis kimi yetişməyi üçün vacibdir.

Görüş sual-cavab sessiyası ilə yekunlaşıb.