TAU ilə həyata keçirdiyimiz əməkdaşlıq modelini indi Qarabağa daşıyırıq - Erol Özvar

27 Avqust, 2026 - 12:53
TAU ilə həyata keçirdiyimiz əməkdaşlıq modelini indi Qarabağa daşıyırıq

Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar İstanbul Texniki Universitetinin (İTÜ) Qarabağ Universitetində akademik bölmələrinin yaradılması qərarının iki ölkə arasında ali təhsil əməkdaşlığında yeni və mühüm mərhələsi olduğunu bildirib.

“Azərbaycan müəllimi”nin məlumatına görə, E.Özvar deyib ki, Türkiyə ilə Azərbaycan arasında ali təhsil əməkdaşlığında yeni və çox dəyərli bir addım atılır:

“İki ölkənin güclü universitetlərini ortaq akademik məqsəd ətrafında bir araya gətirən və Türkiyə-Azərbaycan Universiteti ilə həyata keçirdiyimiz əməkdaşlıq modelini indi Qarabağa daşıyırıq”.

Qarabağ Universitetinin daşıdığı tarixi və simvolik əhəmiyyətə diqqət çəkən Özvar bildirib:

“Qarabağ Universiteti Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yüksələn müstəqilliyin, gələcəyin və mədəni dirçəlişin ən mənalı simvollarından biridir. İTÜ-nün mühəndislik sahəsindəki güclü potensialını Qarabağ Universiteti ilə birləşdirərək Qarabağın yenidən qurulmasına elm, texnologiya və ixtisaslı insan resursları ilə töhfə verəcəyik”.
İki ölkə arasında ali təhsil əməkdaşlığını davamlı strukturlara çevirməyi planlaşdırdıqlarını vurğulayan Özvar deyib: “İki qardaş ölkə arasındakı güclü əlaqələri ali təhsildə davamlı qurumlara və ortaq elmi potensiala çevirməyə davam edəcəyik. Qarabağın gələcəyini quracaq gənclərin yetişdirilməsinə Türkiyənin ən güclü universitetlərinin bilik və təcrübəsi ilə dəstək verəcəyik”.

Türkiyənin ali təhsil sahəsində beynəlxalq miqyasda getdikcə daha güclü mövqeyə yüksəldiyini bildirən Özvar Ali Təhsil Şurasının hazırladığı beynəlmiləlləşmə modelinin müxtəlif coğrafiyalara yayıldığını qeyd edib.

Türkiyənin ali təhsil sahəsində malik olduğu akademik potensialı daha geniş coğrafiya ilə birləşdirəcək yeni modellər hazırlamağa davam edəcəklərini bildirən Özvar deyib: “Hazırladığımız modeli genişləndiririk. Qarabağ Universitetində mühəndislik yönümlü bölmələr açacağıq”.

Qeyd edək ki, İTÜ ilə Qarabağ Universiteti arasında əməkdaşlığın təməli 21 yanvar 2026-cı ildə Ali Təhsil Şurasında qoyulub. Ali Təhsil Şurasının sədri Erol Özvar və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə İTÜ ilə Qarabağ Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumu bakalavr, magistratura və doktorantura səviyyələrində əməkdaşlığı, tələbə və müəllim mübadiləsini, birgə tədqiqat layihələrini, ikili diplom proqramlarını və mühəndislik sahəsində birgə laboratoriya fəaliyyətini əhatə edir. “Rəsmi Qəzet”də dərc olunan Prezidentin Qərarı ilə bu əməkdaşlıq yeni mərhələyə yüksəldilib və daha əvvəl razılaşdırılmış akademik bölmələrin fəaliyyətə başlamasına yol açılıb.