TAU-nun 21 tələbəsi Türkiyədə təhsil alacaq 

31 Oktyabr, 2025 - 17:28
TAU-nun 21 tələbəsi Türkiyədə təhsil alacaq 

“Bakalavr təhsilini bitirən 21 azərbaycanlı tələbənin magistratura və doktorantura səviyyəsində təhsil almaları üçün xaricə  göndərilməsi barədə qərar qəbul olunub”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil TV-nin “Özəl müsahibə” verilişində Türkiyə–Azərbaycan Universitetinin (TAU) prorektoru Mehmet Şimşir səsləndirib.

O qeyd edib ki, sadəcə, bu prosesin mexanizmini işə salmaq qalır.

“Bu məqsədlə 2026–2027-ci tədris ilində həmin tələbələri Türkiyəyə göndərəcəyik. Bu istiqamətdə onlara müvafiq təlim də veriləcək”, – deyə prorektor bildirib.

Mehmet Şimşirin sözlərinə görə, əsas məsələ qarşılıqlı əməkdaşlığın təmin olunmasıdır: “Biz tələbələri həm Türkiyəyə göndərə, həm də magistratura və doktorantura proqramlarını burada yarada bilərik. Çünki təsis müqaviləmizdə hər üç təhsil səviyyəsində - bakalavriat, magistratura və doktorantura üzrə burada təhsil verilməsinin mümkünlüyü qeyd olunub”.