Təhsil liderləri üçün ustad dərsi keçirilib
Azərbaycan Respublikası Təhsil Cəmiyyəti tərəfindən keçirilən “Təhsil liderləri üçün Mini MBA Proqramı” çərçivəsində məktəblərdə psixi sağlamlıq və liderlik mövzusunda ustad dərsi təşkil edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, ustad dərsinin qonağı Qarabağ Universiteti Klinikasının direktor müavini, Tibb və Sağlamlıq Elmləri Fakültəsinin dekan müavini, baş həkim, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov olub.
“Məktəbdə Psixi Sağlamlıq və Liderlik: Direktor üçün praktik yanaşmalar” mövzusunda keçirilən ustad dərsində müasir təhsil idarəçiliyində psixi sağlamlığın rolu, məktəb rəhbərlərinin emosional liderlik bacarıqları və sağlam psixoloji mühitin formalaşdırılması məsələləri geniş şəkildə müzakirə edilib.
Tədbir zamanı məktəblərdə müəllimlərin, şagirdlərin və valideynlərin psixoloji rifahının qorunmasının təhsil keyfiyyətinə birbaşa təsiri vurğulanıb.
İkram Rüstəmov çıxışında rəhbər şəxslərin yalnız inzibati idarəetmə deyil, eyni zamanda emosional dəstək və motivasiya mühiti yaradan liderlər kimi çıxış etməsinin vacibliyini qeyd edib.
Ustad dərsində stresin idarə olunması, emosional tükənmənin qarşısının alınması, böhran vəziyyətlərində səmərəli ünsiyyət, məktəbdaxili münasibətlərin sağlam qurulması və dəstəkləyici idarəetmə mexanizmləri ilə bağlı praktik nümunələrə də geniş yer verilib. Təlim zamanı real situasiyalar üzərində aparılan müzakirələr iştirakçıların mövzuya dair praktiki yanaşmalar əldə etməsinə imkan yaradıb.
İnteraktiv formatda təşkil olunan görüşdə proqram iştirakçıları məktəblərdə psixi sağlamlığın qorunmasının yalnız psixoloqların deyil, bütün idarəetmə komandasının prioritet istiqamətlərindən biri olmasının vacibliyini vurğulayıblar. Eyni zamanda vurğulanıb ki, müasir sosial mühitdə məktəb rəhbərləri yalnız idarəçi deyil, insanlarla düzgün ünsiyyət quran, onları anlayan və dəyişikliklərə çevik uyğunlaşan liderlər olmalıdırlar.
“Təhsil liderləri üçün Mini MBA Proqramı” çərçivəsində keçirilən ustad dərsləri və təlimlər təhsil idarəçilərinin peşəkar inkişafına dəstək göstərməklə yanaşı, müasir idarəetmə yanaşmalarının məktəb mühitində tətbiqinə də töhfə verir.
Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyi tərəfindən həyata keçirilir.



