Təkrar sertifikasiyadan keçən müəllimlər təəssüratlarını bölüşdülər
Bu gün təhsilverənlərin sertifikatlaşdırılmasının üçüncü günüdür. Təkrar sertifikasiyaya cəlb olunan müəllimlər imtahan veriblər.
“Azərbaycan müəllimi” imtahandan uğurla keçən müəllimlərlə həmsöhbət olub.
Nərimanov rayonu 93 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Nuriyyə Məmmədova imtahanla bağlı təəssüratlarını bizimlə bölüşüb:
"İmtahan yaxşı idi. Suallar müxtəlif səviyyələrə uyğun hazırlanmışdı. Həm orta, həm də çətin səviyyəli suallar var idi. Ümumilikdə yaxşı keçdi. Mən ingilis dili fənni üzrə iştirak etdim və hamıya uğurlar arzulayıram”.
O, imtahana hazırlıq prosesi ilə bağlı da fikirlərini bölüşüb:
“Hesab edirəm ki, bütün müəllimlər dərs prosesində bu mövzularla kifayət qədər işləyirlər. Suallar əsasən bildiyimiz və tədris etdiyimiz mövzuları əhatə edirdi”.
Bakı şəhəri 161 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülçin Səmədova da imtahandan razı qaldığını bildirib:
“İmtahan çox yaxşı keçdi. Suallar yüksək peşəkarlıqla hazırlanmışdı. Proqramdan kənar sualla qarşılaşmadım”.



