“TEKRO” Respublika Texniki Olimpiadasının final mərhələsi TAU-da keçirilib
Mayın 17-də Elm və Təhsil Nazirliyinin (ETN) dəstəyi, Türkiyə-Azərbaycan Universiteti (TAU) və Azərbaycan Texniki Universitetinin (AzTU) təşkilatçılığı, “Master School” MMC Təhsil Mərkəzinin tərəfdaşlığı ilə “Tekro” Respublika Texniki Olimpiadasının final mərhələsi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunan olimpiada ümumtəhsil müəssisələrinin 9, 10 və 11-ci sinif şagirdləri üçün nəzərdə tutulub.
Olimpiadanın əsas məqsədi analitik düşünmə qabiliyyəti yüksək olan şagirdləri üzə çıxarmaq, onların məntiqi təfəkkürünü yoxlamaq və uğurlarını qiymətləndirməkdir.
Final mərhələsinin təşkilati işləri TAU-nun Tədris şöbəsi, türkiyəli müəllim heyəti və universitetin tələbələri tərəfindən həyata keçirilib. Tələbə könüllüləri final mərhələsinə vəsiqə qazanan şagirdləri qarşılayaraq onları təbrik edib, eyni zamanda olimpiada qaydaları barədə iştirakçılara ətraflı məlumat veriblər.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, “Tekro” olimpiadasının final mərhələsində iştirak etmək hüququ qazanan 140 şagird bilik və bacarıqlarını sınayıb. Olimpiada iştirakçıları 90 dəqiqə ərzində təqdim olunmuş 25 sualı həll etməyə çalışıb. Suallar Azərbaycan dilində təqdim olunub və çətinlik səviyyəsinə görə aşağıdakı kimi kateqoriyalara bölünüb: 8 ədəd 3 ballıq sual (cəmi 24 bal); 9 ədəd 2 ballıq sual (cəmi 18 bal) və 8 ədəd 1 ballıq sual (cəmi 8 bal).
Olimpiadanın nəticələri yaxın günlərdə açıqlanacaq. Qaliblər sertifikat və müxtəlif qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.



