Tələbələr üçün ixtisas yönümlü qış düşərgələri başa çatıb
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə tələbələr üçün 5-9 fevral tarixlərində keçirilən ənənəvi ixtisas yönümlü qış düşərgələri yekunlaşıb.
"Azərbaycan müəllimi" xəbər veri ki, “Təhsil” İstirahət Mərkəzində baş tutan düşərgələrin əsas məqsədi iştirakçıların ixtisas biliklərinin dərinləşdirilməsi, analitik və tənqidi düşünmə, problem həll etmə, innovativ yanaşma, eləcə də liderlik və komanda işi bacarıqlarının inkişaf etdirilməsi olub. Layihə çərçivəsində gənclərin gələcək akademik və peşəkar fəaliyyətə hazırlıq səviyyəsinin artırılması prioritet kimi müəyyən edilib.
Cari il üzrə düşərgələr iki istiqaməti əhatə edib. Riyaziyyat sahəsi üzrə “MathCamp2026” layihəsi “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və “PathtoMath” Həvəskar Riyaziyyatçılar Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilib. Texnologiya və mühəndislik istiqamətləri üzrə “TechCamp2026” düşərgəsi isə “ESTIEM LG Baku” və “EESTEC LG Baku” təşkilatlarının tərəfdaşlığı çərçivəsində təşkil olunub.
Düşərgələrdə seçim mərhələsindən keçmiş riyaziyyat, texnologiya, mühəndislik və əlaqəli sahələr üzrə təhsil alan əlli nəfərə yaxın perspektivli tələbə iştirak edib. Proqram çərçivəsində ixtisaslaşmış təlimlər, praktiki məşğələlər, layihə əsaslı fəaliyyətlər və mentorluq görüşləri keçirilib.
Qeyd edək ki, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş tədris və innovasiya yönümlü təşəbbüsləri ardıcıl şəkildə uğurla həyata keçirir. Təşkilatın bu istiqamətdəki fəaliyyəti gənclərin intellektual inkişafının dəstəklənməsi, sosial fəallığının artırılması və cəmiyyətə inteqrasiyasının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



