Tələbələr üçün nəqliyyat güzəştləri tətbiq edilməlidir - Vüqar Bayramov
“28 May”–“Nizami” stansiyaları arasında təmir işlərinin aparılması ilə əlaqədar metrodan istifadə imkanlarının məhdudlaşdırılması universitetə gedib-gələn tələbələrin də nəqliyyat xərclərini artıra bilər.
Bəs təmir müddətində tələbələr üçün xüsusi güzəştlərin tətbiqi mümkündürmü? Ümumiyyətlə, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da tələbələr üçün ictimai nəqliyyatda fərqli tariflərin müəyyənləşdirilməsi gündəmə gətirilə bilərmi?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov “Azərbaycan müəllimi”nə bildirib ki, nəqliyyatda tələbələr üçün güzəştlərin tətbiqi dünya praktikasında mövcuddur və əksər dövlətlərdə bu üsuldan istifadə edilir.
“Nəzərə almaq lazımdır ki, inkişaf etmiş ölkələrdə tələbə və pensiyaçılar daha aşağı tariflərdən istifadə edirlər. Biz də Azərbaycanda da belə güzəştlərin təklif edirik. Tələbələrin sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə alsaq, belə güzəştlərin verilməsi məqsədəuyğun olardı”.
Sosial kateqoriyaya daxil olan vətəndaşların güzəştlərdən istifadəsini məqsədəuyğun hesab edən deputat qeyd edib ki, bu sahədə gündəlik, həftəlik və aylıq kartların satışa çıxarılması da vacib məqamlardandır:
“Həmin kartlarda qiymətlərin fərqli olması da önəmlidir. Bu zaman daha uzunmüddətli dövr üçün nəqliyyat kartı alan vətəndaş orta hesabla daha az ödəniş edə bilər. Bu, bir tərəfdən nəqliyyat müəssisələrinin qısa zamanda daha çox vəsait cəlb etməsinə və investisiya imkanlarını genişləndirməsinə gətirib çıxara bilər. Digər tərəfdən isə ictimai nəqliyyatdan daha çox istifadə edən vətəndaşlarımız aylıq, yaxud həftəlik kartlar əldə etməklə ictimai nəqliyyatdan daha aşağı tariflərlə istifadə edə bilərlər. Bu baxımdan, təbii ki, biz bu praktikanın da tətbiqinin tərəfdarıyıq”.




