Tələbələrə dayanıqlı inkişaf məqsədləri üzrə təlim keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İqtisadi nəzəriyyə və marketinq kafedrasının dosenti Könül Ağayeva tərəfindən dayanıqlı inkişafın əhəmiyyətini vurğulamaq və gənclər arasında bu sahədə bilik və bacarıqları artırmaq istiqamətində xüsusi təlim təşkil olunub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, dizayn fakültəsinin tələbələrinə keçirilən təlimdə iştirakçılar BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədi (DİM) haqqında geniş məlumat əldə edib, bu hədəflərin cəmiyyətə və gələcək nəsillərə təsiri barədə müzakirələr aparıblar.
Təlim zamanı tələbələr dayanıqlılıq prinsipləri, ekoloji, sosial və iqtisadi aspektlər, habelə innovativ həll yolları mövzusunda praktiki biliklər qazanıblar. İnteraktiv sessiyalar, qrup müzakirələri və real həyatda tətbiq edilə bilən nümunələr əsasında qurulan təlimə maraq böyük olub.
Bildirək ki, təlimin əsas məqsədi gəncləri dayanıqlı inkişaf sahəsində aktiv iştirakçıya çevirmək, gələcək layihələrində bu prinsipləri tətbiq etmələrinə şərait yaratmaqdır.
Bu təşəbbüs davamlı inkişafın təbliği istiqamətində atılan mühüm addımlardan biri olub və gələcəkdə də bu sahədə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.


