“TələbəPlus” kartlarının ilk istifadəçiləri

7 Noyabr, 2024 - 15:56

BDU tələbələri yeni kartdan nə gözləyir?

Çoxdan gözlənilən “TələbəPlus” kartlarının tələbələrə paylanılmasına başlanılıb. Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa”nın birgə layihəsi olan vahid tələbə kartının ilk nümunələri ən yüksək bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olunan 14 tələbəyə təqdim edilib. Aralarında 4 nəfər Prezident təqaüdçüsünün olduğu həmin tələbələr universitetdə hüquq və riyaziyyat müəllimliyi ixtisasları üzrə təhsil alırlar.

“Çox sevindim ki, kitab alışında 10 faiz güzəşt ediləcək”

“TələbəPlus” kartının ilk istifadəçisi olan 14 yüksək ballı tələbədən biri “Hüquqşünaslıq” ixtisası üzrə I kurs tələbəsi Məhəmməd Qasımovdur: “Kartların çox üstünlüyü var. Həmin üstünlüklər tələbələrə həyat şəraitlərini yaxşılaşdırmaqda, karyera və özünüinkişaf istiqamətində planlarını icra etməkdə xeyli dəstək olacaq. Bu qədər imtiyaz və güzəştlər verən belə bir karta sahib olmaq sevindiricidir. Çox sevindim ki, kitab alışında 10 faiz güzəşt ediləcək. Ən çox bu güzəştdən istifadə edəcəyəm. Dərsdən sonra yemək seçimində də, muzeylər, sinemalarda da kartlarımız köməyimizə gələcək”.

“Kartın verdiyi çoxsaylı güzəşt və imtiyazlardan istifadə etmək üçün səbirsizlənirəm”

Sevil Rəcəbova Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ingilis dilində təhsil alır: “Vahid tələbə kartını çoxdan gözləyirdim və artıq kartların verilməsi sevindirici haldır. Bu kartı ilk alanlardan biri olmaq isə xüsusilə əhəmiyyətlidir. Ancaq məni ən çox yüksək bal topladığıma, göstərdiyim yüksək nəticəyə görə diqqət görməyim sevindirdi. Şadıq ki, müxtəlif güzəştlərə və imtiyazlara sahib olacağıq. Bu kart vasitəsilə kafe və restoranlarda, əyləncə mərkəzlərində, kitabxanalarda, hətta nəqliyyatda da güzəştlər əldə edəcəyik. Kartın verdiyi çoxsaylı güzəşt və imtiyazlardan istifadə etmək üçün səbirsizlənirəm”.

“Kartı ilk alanlardan biri olaraq sevinirəm”

Tədrisi ingilis dilində olan “Riyaziyyat müəllimliyi” ixtisası üzrə BDU tələbəsi Fidaya Şərifli universitet həyatından, dərslərindən çox razıdır. Seçdiyi ixtisasa BDU-da yüksək səviyyədə yiyələnəcəyinə şübhə etmir: “Riyaziyyat müəllimliyi uşaqlığımdan bəri xəyalımdır. Yüksək bal toplamaqla məhz bu ixtisasa riyaziyyatın ən yüksək səviyyədə tədris edildiyi Bakı Dövlət Universitetində yiyələnmək imkanı qazandım. Amma bu gün bəlli oldu ki, bu balla sadəcə universitet tələbəsi olmağa yox, həm də “TələbəPlus” kartının da ilk sahiblərindən biri olmağa imkan qazanmışam”.

F.Şərifli deyir ki, “TələbəPlus” kartlarının verdiyi imkanlar, qazandırdığı güzəştlər barədə ətraflı məlumat toplayıb: “Kartı ilk alanlardan biri olaraq sevinirəm. Ancaq kartların verilməsi xəbəri mənim qədər hələ kartını almayanları da sevindirdi. Çünki hamımız bu kartı düz 2 aydır gözləyirik. “TələbəPlus”un verdiyi bütün imkanlardan yararlanacağıq”.

“Bu, tələbələrin bütün sosial həyatını əhatə edəcək kart sistemidir”

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, ilk növbədə, I kurs tələbələri kartla təmin edilirlər: “Növbəti həftələrdə 25 mindən çox tələbəmizə kartların verilməsini davam etdirəcəyik”.

E.Babayev hesab edir ki, tələbələr “TələbəPlus” kartının dəyərini bilməlidirlər: “Bu, tələbələrin bütün sosial həyatını əhatə edəcək kart sistemidir. Bu baxımdan tələbəyönümlü layihənin çox böyük əhəmiyyəti var. Tələbələr bu kartlardan səmərəli istifadə etməyi bacarmalıdırlar. “TələbəPlus” kartı ilə, sadəcə, təqaüd almaq və ödəniş etmək üçün deyil, eyni zamanda bir çox imtiyazlardan bəhrələnmək mümkün olacaq”.

“Həm partnyorlarımız, həm də tələbələr qazanacaqlar”

“Kapital Bank”ın korporativ satışlar departamentinin direktoru Qara Əbdülrəhmanov “Azərbaycan müəllimi”nə bildirib ki, qısa müddətdə ərsəyə gələn layihənin uğuruna inanır. Təhsilin bankın korporativ sosial fəaliyyətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayan bank rəsmisi hesab edir ki, təmsil etdiyi qurum layihəyə böyük dəyər verir: “Hazırda təhsil alan tələbələr ölkənin gələcək inkişafında mühüm rol oynayacaqlar. Bu kontekstdən yanaşdıqda layihə bank üçün də böyük dəyər kəsb edir. Tələbələrin həyatı məhz bu kart vasitəsilə rahatlaşacaq. Bank onların bütün fəaliyyətini rəqəmsal müstəviyə keçirilməsində yardımçı olacaq. Bu layihəyə qoşulmaqla tələbələrimizə xidmət göstərməyə hazır olduğumuzu bildirmək istəyirik”.

Q.Əbdülrəhmanov bu layihədə bütün tərəfdaşlərın qazanacağını deyib: “Kart vasitəsilə tələbələr müxtəlif partnyorlarımızdan imtiyazlar alacaqlar. Tərəfdaşların əldə edəcəyi əsas qazanc ondan ibarətdir ki, sayca az olmayan tələbələrin diqqətini öz məhsullarına cəlb edəcəklər. Beləliklə, tələbələrə endirim, partnyorlarımıza isə satış imkanı qazandıracağıq. Bu layihədə həm partnyorlarımız, həm də tələbələr qazanacaqlar”.

“Biz çalışacağıq ki, “TələbəPlus” maksimum imtiyazlar yaratsın”

“Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyev təmsil etdiyi şirkətin fəaliyyətinə diqqət çəkib, rəqəmsal ödənişlərdə “Visa”nın dünya lideri olduğunu deyib. Son 5-10 il ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayaraq, ölkənin artıq strateji bazarlardan birinə çevrildiyini, rəqəmsal ödənişlərin burada da həyatın vacib reallığı olduğunu deyib: “Rəqəmsal Azərbaycan” Azərbaycan strategiyasıdır və biz sizinlə birlikdə rəqəmsal Azərbaycanı qurmalıyıq. Bu baxımdan Təhsilin İnkişafı Fondu, “Kapital Bank”, “Visa” çalışacaq ki, “TələbəPlus” maksimum imtiyazlar yaratsın, sizin tələbatınıza uyğun formalaşsın və ən yaxşı məhsullardan biri olsun”.