Təmayül tədris modeli ilə bağlı ən çox verilən sualların CAVABLARI

29 İyun, 2026 - 17:25
Təmayül tədris modeli ilə bağlı ən çox verilən sualların

Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modelinin tətbiqi ilə bağlı valideynləri, şagirdləri və müəllimləri maraqlandıran bir sıra məqamlara aydınlıq gətirilib. 

"Azərbaycan müəllimi" layihənin tətbiq mexanizmi, şagird və müəllim seçimi, eləcə də valideynlərin rolu ilə bağlı ən çox ünvanlanan sual və cavabları təqdim edir.

 Bu layihə gələcəkdə daha çox məktəbdə tətbiq olunacaq?

Layihənin genişləndirilməsi əldə olunan nəticələr və ehtiyaclar əsasında mərhələli şəkildə həyata keçiriləcək.

Valideynlərin öhdəliyi nə olacaq?

Valideynlərdən şagirdin davamiyyətinə, motivasiyasına və tədris prosesində fəal iştirakına dəstək olmaları gözlənilir.

Təmayül tədris modelinin tətbiq edildiyi məktəbə qəbul ola bilməyən şagird uğursuz hesab edilirmi?

Xeyr. Bu, sadəcə seçim məsələsidir və şagird uğursuz hesab edilmir. O, təhsilini digər məktəbdə davam etdirə bilər.

Layihədə iştirak bütün şagirdlər üçün məcburidirmi?

Xeyr. Layihədə iştirak könüllüdür və müraciət elektron qaydada təhsilalan tərəfindən həyata keçirilir.

Bir sinifdə neçə şagird olacaq?

Siniflərdə şagird sayı 15-18 nəfər arasında olacaq.

 X sinif şagirdlərinə yalnız X sinif proqramı tədris olunacaq?

Xeyr. Ali məktəblərə qəbul imtahanlarında tələb olunan əsas fənlərin saatları artırılmaqla V-XI sinif materiallarını əhatə edən xüsusi proqram üzrə tədris aparılacaq.

Müəllimlər necə seçiləcək?

Müəllimlərin peşəkarlıq səviyyəsi, sertifikasiya və digər qiymətləndirmə nəticələri, eləcə də öyrətmə bacarıqları xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.

 Müəllimlərin peşəkar və səriştəli olduğu necə müəyyən ediləcək?

Müəllimlərin seçimi müəyyən edilmiş şərtlər və spesifik tələblər əsasında aparılacaq. Onların peşəkarlığı müxtəlif göstəricilər üzrə qiymətləndiriləcək.

Sertifikasiya nəticəsi yüksək olan hər müəllim avtomatik olaraq layihəyə qəbul ediləcək?

Xeyr. Sertifikasiya və digər qiymətləndirmə nəticələri mühüm göstəricilərdən biri olsa da, seçim yalnız bununla məhdudlaşmır. Namizədlər əlavə olaraq müsahibə mərhələsindən keçəcək və onların metodiki hazırlığı, tədris bacarıqları, ünsiyyət və pedaqoji kompetensiyaları da qiymətləndiriləcək.

Müəllimlərin seçim prosesi necə həyata keçiriləcək?

Müraciət elektron qaydada təhsilverən tərəfindən ediləcək. Müəyyən şərtləri ödəyən namizədlər təcrübəli və peşəkar mütəxəssislərin iştirak etdiyi müsahibə mərhələsinə buraxılacaq və nəticələrə əsasən təsdiq ediləcəklər.

Müəllimlərin yaxşı reputasiyaya malik olduğu necə müəyyən ediləcək?

Müsahibə zamanı namizədin təhsil sahəsində iş təcrübəsi, nailiyyətləri, pedaqoji-metodik hazırlığı və peşəkar yararlılığı nəzərə alınacaq. Bu meyarlar üzrə yüksək göstəriciləri ilə seçilən təhsilverənlər layihəyə cəlb ediləcəklər.