Təqaüdə çıxmasını istəmədiyim yeganə “Azərbaycan müəllimi”

2 Sentyabr, 2026 - 10:35
Təqaüdə çıxmasını istəmədiyim yeganə “Azərbaycan müəllimi”

Bilənlər bilir, mən bir müddətdir ki, işimi dəyişmişəm. Təhsil televiziyasında çalışıram. İşlədiyim binada “Azərbaycan müəllimi” qəzetinin də redaksiyası yerləşir. Gün ərzində dəfələrlə redaksiyanın qarşısından keçirəm. Hər dəfə oradan ötüb gedəndə qəlbimə bir istilik hopur, gözlərim istər-istəməz redaksiyanın qapısına yönəlir.

Orxan Pamuk buna “tıkırtı”, Mikayıl Müşfiq “ürpəriş” deyir, mən “əsinti” deyərdim. Bəlkə də həmin an ürəyimin kardioqramması çıxarılsa, orada heç bir dəyişiklik görünməz, ancaq mən, mən həmən an qəlbimdə baş qaldıran həzin əsintini duyuram. 
Nədən ki, dünyada, eləcə də ölkəmizdə qəzetçilik ənənəsinin sürətlə yox olub getdiyi bir zamanda yaşayırıq. Fastfudların ləziz yeməkləri, reels-lərin verilişləri/filmləri, telefon qalereyalarının müxtəlif şəkil redaktəsi tətbiqlərinin fotostudiyaları əvəz etdiyi bir dövrdə qəzet ənənəsi də sürətlə tarixə qovuşur.

Demək olar, daha heç kəs qəzet almır. Qəzet çapı ənənəsi də sürətlə tarixə qovuşaraq misgərlik, sərraclıq, papaqçılıq və sair unudulmuş, gərəksiz peşələrin sırasında yer almağa başlayır.

Hegel nə zamansa deyirdi ki, qəzet oxumaq realist insanın səhər duasıdır. Artıq səhər dualarımızı "Telegram" xəbərləri, reels-lərlə edirik.  

Təbii ki, ömrünü yazıya, kitaba xərcləmiş, kağızın qoxusunu ən yaxşı ətirlərə tay tutan adamlar üçün gerçəkliklə barışmaq çox ağırdır.

Biz zamanın nəbzinə uyum sağlamağa çalışsaq da istəməzdik ki, qəzet ənənəsi yox olub getsin. Əlbəttə, ilk baxışda bunda qorxulu heç nə yoxdur. Sadəlövhcəsinə “Artıq bütün məlumatlar mavi lövhələrdədir, qəzet ənənəsi keçmişdə qaldı”, - deyə bilərik. Özümüzdə təpər taparıq: Sadəcə nostalgiya hissindən arınıb reallığa adaptasiya olmaq gərəkdir, vəssəlam. Lakin mənə elə gəlir ki, qəzetlərin saytlara, kitabların elektron lövhələrə çevrilməyinin fəsadını nə zamansa bəşəriyyət olaraq yaşayacağıq. 
Bütün günü fastfud yeyən adamın orqanizmində hansı tibbi, fizioloji dəyişikliklər baş verirsə, kağız medianın, ənənəvi kitab çapının yox olması da cəmiyyətin düşüncəsində buna bənzər fəsada gətirib çıxarır, buna əminəm.

Ümid edirəm ki, bu ənənə tamamilə yox olub getməyəcək, hansısa şəkildə qorunub saxlanılacaq.

O baxımdan demək istəyirəm ki, belə bir zamanda — aldığımız informasiyaların amansız sürətlə bir-birini əvəzləyib unutqanlıq uçurumuna yuvarlandığı, baxdığımız reels-lərin ovqatımızı üskük oynadanlar kimi bir göz qırpımında dəyişdirdiyi bir dövrdə — bir qrup insanın zamanın tələblərinə sinə gərərək yenə də qəzet çap etməsi, əski ənənələri yaşatması nəcib və diqqətəlayiq fəaliyyətdir.

Onun üçün də mən hər dəfə redaksiyanın qarşısından keçəndə elə bilirəm ki, sarıtəhər qapının arxasında kimlərsə sehirli-sirli bir işlə məşğuldurlar. Nə zamansa Qutenberqin kitab çapı necə möcüzəvi bir iş idisə, indiki zamanda qəzet çapı mənə eyni dərəcədə heyrətamiz görünür.

Hər şeyin elektronlaşdığı bir dövrdə bir qrup insanın kağız mətbuatın səngərini qoruması adamı toxtaq tutur. Kimlərinsə hələ də zamanın sərsəri çağırışlarına aldanmaması adamın təpərini artırır.

Deməli, hələ ümid var...

Bu gün isə “Azərbaycan müəllimi” qəzetinin 92 yaşı tamam olur. Bir mətbu orqan üçün 92 yaş böyük ömürdür. Bu mənada “Azərbaycan müəllimi” bir brenddir, ənənədir, tarixin bir parçasıdır.

Bu orqanın sıralarında Azərbaycanın dəyərli şair və yazıçıları da çalışıblar. Kimlər yoxmuş qəzetin əməkdaşları içində: Üzeyir Hacıbəyli, Səməd Vurğun, Mirzə İbrahimov, Sabit Rəhman...

Mən bu qəzetə uzun ömür arzulayıram. Arzulayıram ki, 92 yaşlı bu qəzet — bu ağsaqqal mətbu orqanı, Azərbaycan mətbuat tarixinin bir parçasına çevrilmiş bu nəşr — uzun illər yaşasın.

Qoy bir çox dəyərin yeri gəldi-gəlmədi müasirlik etiketi altında dəyərsizləşdiyi bu dövrdə öz əhəmiyyətini qoruyub saxlasın və gələcək nəsillərə ötürsün.

Və “Azərbaycan müəllimi” nə qədər qocalsa da, heç vaxt təqaüd yaşına çatmasın.