Memarlıqda müasirlik və milliliyin vəhdəti  – Heydər Əliyev Azərbaycan memarlıq təhsilinin banisidir 

21 Sentyabr, 2026 - 14:01
Memarlıqda müasirlik və milliliyin vəhdəti 

Azərbaycanda memarlıq və şəhərsalma ənənələri xalqımızın mədəniyyət tarixinin ayrılmaz hissəsidir. XX əsrin ikinci yarısında Azərbaycan memarlığının inkişafında xüsusi bir mərhələ başlayıb. Bu mərhələnin əsas xüsusiyyətlərindən biri memarlığın yalnız tikinti sahəsi kimi deyil, şəhərin simasını, milli-mədəni yaddaşı və ictimai mühiti müəyyənləşdirən mühüm istiqamət kimi qəbul edilməsi idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın çoxəsrlik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsini nəzərdə tutan mühüm dövlət sənədidir. Sərəncamda memarlıq abidələrinin bərpası və şəhərsalma fəaliyyətinin institusional əsaslarının gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığı qeyd olunur. Ümumtəhsil müəssisələrində 2026-2027-ci tədris ilinin ilk dərslərinin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunması bu sahədə müvafiq maarifləndirmə işlərinin aparılması, gənc nəslin milli-mədəniyyət abidələrimiz barədə biliklərinin zənginləşdirilməsinə xidmət edir. 

Vətənə hədsiz məhəbbətin ifadəsi 

Azərbaycanda şəhərsalma və memarlığın inkişafı, geniş tikinti potensialının yaradılması, yüksəkixtisaslı kadrların hazırlanması və müvafiq layihələrə cəlb olunması baxımından Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illər xüsusi mərhələ təşkil edir. 

Ulu Öndər Bakı, Sumqayıt və Gəncə kimi iri sənaye şəhərlərində şəhərsalmanın planlı və elmi əsaslarla aparılmasına xüsusi diqqət verirdi. Dahi lider şəhərsalma məsələlərindən danışaraq bu sahədə Bakıda xeyli işlərin görüldüyünü xüsusi qeyd edir, şəhərsalmanın elmi əsaslarla planlaşdırılması və tikinti işlərinin davam etdirilməsinin paytaxt üçün mühüm məsələ olduğunu xüsusi vurğulayırdı. 1996-cı ildə Heydər Əliyevin Bakıda Beynəlxalq Bankın yeni binasının açılışı mərasimində çıxışı zamanı səsləndirdiyi bu sözlər onun vətənə hədsiz məhəbbətini, ölkəmizdə quruculuq işlərinə yüksək diqqət və qayğısını çox gözəl əks etdirir: “Mən şəhərin hər bir daşını, hər bir küçəsini, binasını özüm üçün doğma hesab edirəm. Əgər hər kəs millətini, şəhərini, Vətənini və paytaxtımız olan Bakını sevirsə, belə hissiyyatla yaşamalıdır”.

Memarlıq təhsilinə xüsusi diqqət

Müasir dövrdə Azərbaycanda memarlığın və şəhərsalma mədəniyətinin inkişafı təməli 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır. Məhz həmin illərdə Bakıda ən böyük abadlıq işləri görülüb, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan bir sıra memarlıq əhəmiyyəti daşıyan komplekslər, ali təhsil müəssisələri, şəhəri gözəlləşdirən neçə-neçə bina tikilib istifadəyə verilib. Heydər Əliyevin təşəbbüsü sayəsində çox sayda memarlıq abidəsinin bərpası mümkün olub.

Heydər Əliyevin Azərbaycanda memarlığın inkişafına verdiyi töhfələr yalnız şəhərlərin yenidən qurulması, yeni binaların və memarlıq komplekslərinin yaradılması ilə məhdudlaşmırdı. Bu siyasətin mühüm istiqamətlərindən biri də memarlıq və tikinti sahəsi üçün milli kadrların hazırlanması idi. 

1969-cu ildə Azərbaycanda rəhbərliyə gəldikdən sonra Heydər Əliyev ali təhsilin, xüsusilə də ölkənin iqtisadi və sosial inkişafı üçün zəruri olan ixtisaslar üzrə kadr hazırlığının genişləndirilməsinə böyük əhəmiyyət verirdi. Ulu Öndərin təşəbbüsü ilə 1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması bu siyasətin mühüm nəticələrindən biri oldu. Bu ali məktəb sonrakı illərdə Azərbaycanda memarlıq, şəhərsalma və tikinti sahəsində peşəkar kadrların hazırlanmasının əsas mərkəzlərindən birinə çevrildi. 

Bu addımın əhəmiyyəti xüsusilə həmin dövrün genişmiqyaslı tikinti və şəhərsalma prosesləri fonunda daha aydın görünür. 1970-1980-ci illərdə Bakıda və Azərbaycanın digər şəhərlərində yeni yaşayış massivlərinin, ictimai binaların, sənaye obyektlərinin, mədəniyyət və idman komplekslərinin tikintisi geniş vüsət alıb. Belə bir şəraitdə yalnız yeni binaların tikilməsi deyil, onları layihələndirəcək, şəhər mühitini formalaşdıracaq, milli memarlıq ənənələrini müasir tələblərlə uzlaşdıracaq mütəxəssislərin hazırlanması da strateji məsələ idi. 

Heydər Əliyevin təhsil siyasətinin daha geniş miqyası da bunu təsdiqləyir. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanda ali məktəblərin sayı 12-dən 17-yə yüksəlib, kadr hazırlığının əhatə dairəsi genişlənib. Eyni zamanda, Azərbaycanda hazırlana bilməyən ixtisaslar üzrə gənclərin SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsinə xüsusi diqqət yetirilib. Bu siyasət respublikamızda memarlıq və şəhərsalma sahəsinə də təsir göstərirdi. Azərbaycanda memarlıq təhsilinin və elminin mövcud potensialının inkişaf etdirilməsi, yeni kadr nəslinin yetişdirilməsi ölkədə həyata keçirilən geniş şəhərsalma layihələrinin elmi və peşəkar bazasını gücləndirirdi. 

Heydər Əliyevin təşəbbüsü ilə  memarlıq və şəhərsalma  sahəsində həyata keçirilən layihələrə həm də kadr, elm, təhsil və yaradıcılıq mühitinin formalaşdırılması baxımından da yanaşmaq lazımdır.

Memarlıq təhsili ilə memarlıq siyasətinin vəhdəti

Özünəməxsus tarixə və inkişaf xüsusiyyətlərinə malik olan Azərbaycan memarlığının tərəqqisində Heydər Əliyevin xüsusi xidmətləri vardır. İlk arzusu memarlıq sənətinin sirlərinə yiyələnmək olan Ulu Öndər sonralar Azərbaycanın rəhbəri kimi tikinti memarlığında da çox dəyərli irs yarada bilib.  Memarlığa xüsusi həvəsi olan Ulu Öndər 1939-cu ildə Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olsa da, İkinci Dünya müharibəsinin başlanması səbəbi ilə bu sahədə təhsilini başa çatdıra bilməyib.  Ümummilli Lider bu xüsusda 15 dekabr 2000-ci il Azərbaycan Dövlət Neft Akademiyasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimindəki çıxışında bildirirdi: “Mən bu gün buraya, bu binaya gələrkən gəncliyimi xatırladım. 1939-cu ildə mən Naxçıvanda orta məktəbi qurtarandan sonra, - onda 16 yaşım var idi, - Bakıya gəldim. Memarlığa çox həvəsim olduğuna görə, inşaat-memarlıq fakültəsinə daxil oldum. Burada iki ildən bir az çox təhsil aldım. İkinci Dünya müharibəsi təhsilimin yarımçıq qalmasına, həyatımın istiqamətinin dəyişilməsinə səbəb oldu. O vaxtdan 60 il keçir. Bir-iki dəfə öz arxivimə baxanda oxuduğum o iki ildə verdiyim imtahanları bildirən qiymət kitabçasını gördüm. İndi burada siz də arxivdən tapmısınız ki, hansı fənlərdən imtahan vermişəm, hansı qiyməti almışam, orada müəllimlərin imzaları vardır. Düzdür, iki il azdır, ondan 60 il keçibdir. Mən ondan sonra hərbi işdə olmuşam, siyasətlə məşğul olmuşam. Görünür ki, mənim memarlığa olan həvəsimlə yanaşı, bu istedadım da var imiş. Ancaq o illəri heç unutmuram”.

 Bununla belə, memarlığa olan dərin marağı Ulu Öndərin gələcəkdə Azərbaycana rəhbərliyi dövründə aydın şəkildə özünü göstərib. Ümummilli Liderin şəhərsalma ilə bağlı qəbul edilən qərarlarında peşəkar yanaşma və sistemli baxış özünü aydın büruzə verib. Heydər Əliyevin memarlıq sahəsində fəaliyyətində təhsil, elm və praktikanın həmahəng inkişafının təmin edilməsi dururdu. Bir tərəfdən yeni memar və mühəndislərin hazırlanmasına şərait yaradılır, digər tərəfdən isə onların biliklərini tətbiq edə biləcəkləri geniş tikinti və şəhərsalma mühiti formalaşırdı. 

Bu baxımdan 1975-ci ildə İnşaat Mühəndisləri İnstitutunun yaradılmasını həmin dövrdə aparılan şəhərsalma siyasətinin kadr təminatının mühüm istiqamətlərindən biri kimi qiymətləndirmək olar. Sonrakı mərhələdə həmin ali məktəbin memarlıq və inşaat profilli universitetə çevrilməsi isə bu ənənənin davamlı xarakter daşıdığını göstərir. 2000-ci ildə Heydər Əliyevin fərmanı ilə institutun Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılması memarlıq təhsilinin ölkənin ali təhsil sistemindəki mövqeyinin daha da möhkəmləndirilməsi baxımından mühüm mərhələ idi.

Memarlıq elmi və memarlarla əməkdaşlıq

Ümummilli Lider Heydər Əliyevin memarlıq və şəhərsalma sahəsində fəaliyyətində xüsusilə diqqət yetirdiyi və tələb etdiyi mühüm prinsipial yanaşma müasirliklə milli memarlıq ənənələrinin vəhdəti idi. 

Ulu Öndər 10 iyun 1995-ci il tarixdə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı müşavirədəki çıxışında bu prinsipi çox aydın ifadə etmişdi: “Şübhəsiz ki, biz bu layihələrdə müasirliyi nəzərə almalıyıq. Həm də burada Azərbaycanın milli memarlıq ənənələri nəzərə alınmalı və orada bunun nişanələri olmalıdır”.  
 Ulu Öndər hesab edirdi ki, müasir Azərbaycan memarlığı milli memarlıq əsasında inkişaf etməlidir. Dahi şəxsiyyət memarlıq abidələrinin yaradılması sahəsində düşüncələrini çox yığcam və məzmunca zəngin ifadə edirdi - memarlıq layihələri işlənərkən bu prinsipə əməl olunsun: “müasirlik də olsun, ancaq milli memarlıq ənənələri də unudulmasın. Həm gözəl, həm də sadə olsun. Gözəllik eyni zamanda sadə olanda daha gözəl görünür”. 

Heydər Əliyev memarlığa xüsusi marağını belə ifadə etmişdi: “Vaxtilə memarlarla da dəfələrlə görüşmüşəm və memarlığa xüsusi hörmətim var. Burada işlədiyim dövrdə tikilən binalarda, yaranan şəhərlərdə Azərbaycan memarlığının inkişaf etdirilməsinə çalışmışam. Bakının və ayrı-ayrı digər şəhərlərimizin tikilməsi, inkişaf etdirilməsi ilə əlaqədar layihələrə memarlarla birlikdə baxıb öz mülahizələrimi bildirmişəm”.

Bu fikirlər Ümummilli Liderin memarlıq məsələlərinə münasibətinin sistemli xarakter daşıdığını göstərir. Azərbaycan memarlıq elminin ciddi elmi ənənələri var. Məşhur memarlardan Mikayıl Hüseynov, Sadıq Dadaşov, Əbdülvahab Salamzadə və başqa alim və memarlar Azərbaycan memarlıq tarixinin öyrənilməsinə mühüm töhfələr veriblər. Ulu Öndərin fəaliyyəti dövründə isə bu elmi məktəbin inkişafı davam etdirildi. 


Ulu Öndər Heydər Əliyevin memarlıq siyasətində tarixi irsin qorunması xüsusi yer tuturdu. 1977-ci ildə İçərişəhərin Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi bu istiqamətdə mühüm addım oldu. 15 sentyabr 1981-ci ildə isə Heydər Əliyevin imzaladığı qərarla İçərişəhərdə şəhərsalma və memarlıq abidələrinin mühafizəsi, bərpa və rekonstruksiya işlərinin genişləndirilməsi, arxeoloji tədqiqatların aparılması ilə bağlı kompleks tədbirlər müəyyənləşdirildi. 

Ulu Öndər Heydər Əliyev 29 dekabr 2000-ci il tarixində Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu dəyişikliklərə diqqət çəkirdi və həmin dövrün nəticələrini belə xarakterizə edirdi: “Azərbaycanda 1970-1985-ci illər ərzində 213 yeni iri sənaye müəssisəsi istismara verilmişdi.  Bu illər ərzində Azərbaycanın paytaxtının görkəmi tamamilə dəyişmişdi. Burada müasir memarlıq üslubunda inşa edilmiş çoxsaylı binalar, mədəniyyət obyektləri, İmadəddin Nəsimiyə, Cəfər Cabbarlıya abidələr ucaldılmışdı. 14 ildə yaşayış evləri tikintisinin həcmi ağlagəlməz dərəcədə artmışdı, belə ki, bu dövrdə tikilmiş yaşayış binaları bütün Bakı şəhərinin yaşayış fonduna bərabər tutula bilərdi. Elə hesab edin ki, respublikada yeni bir Bakı salınmışdı”.

Beləliklə, Ulu Öndərin çoxşaxəli və məqsədyönlü fəaliyyəti, misilsiz tarixi xidmətləri hesabına 1969-1982-ci illərdə Azərbaycanın şəhərlərinin, xüsusilə Bakının yeni iqtisadi və sosial reallıqlara uyğun şəkildə qurulması, geniş tikinti proqramlarının həyata keçirilməsi, şəhər infrastrukturunun və ictimai məkanların inkişaf etdirilməsi təmin olundu. 1993-2003-cü illərdə isə müstəqil Azərbaycanın yeni dövlətçilik mərhələsində şəhərsalma və memarlıq məsələləri milli dövlətçilik və mədəni irsin qorunması kontekstində yeni məzmun qazandı. 

Ulu Öndərin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyası hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirilir. 

Bu siyasətin yeni mərhələsi işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq proseslərində də özünü göstərir. 44 günlük Vətən müharibəsindən sonra həmin ərazilərdə innovativ yanaşmalar əsasında şəhər və kəndlərin yenidən qurulması, tarixi və mədəni irsin bərpası, müasir yaşayış mühitinin yaradılması istiqamətində böyük layihələr həyata keçirilir. 

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə yeni yaşayış məntəqələrinin və şəhərlərin planlaşdırılması, “yaşıl enerji” yanaşmalarının tətbiqi, müasir infrastrukturun yaradılması bu prosesin mühüm istiqamətlərindəndir. Şuşanın tarixi memarlıq mühitinin və şəhərin özünəməxsus simasının bərpası isə milli memarlıq irsinə münasibətin xüsusi nümunəsi kimi diqqət çəkir. 

Bu baxımdan 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın memarlıq və şəhərsalma tarixinin müxtəlif mərhələlərinə yenidən nəzər salmaq, əldə olunan təcrübəni müasir çağırışlarla əlaqələndirmək və gələcəyin şəhər mühitinin formalaşdırılmasına dair yeni yanaşmaları müzakirə etmək üçün də əhəmiyyətli imkan yaradır. Memarlıq keçmişlə gələcək arasında körpüdür. Bu körpünün möhkəmliyi isə tarixi irsin qorunması, milli memarlıq ənənələrinin yaşadılması, müasir şəhərsalma prinsiplərinin tətbiqi və ən əsası, bu sahədə peşəkar kadrların yetişdirilməsi ilə sıx bağlıdır.