Texnologiya artıq təhsilin köməkçi elementi deyil, təhsil modelinin özüdür – Ədalət Muradov

20 Dekabr, 2025 - 17:30
Texnologiya artıq təhsilin köməkçi elementi deyil, təhsil modelinin özüdür – Ədalət Muradov

“Rəqəmsallaşma dövründə artıq hamı bunu qəbul edir ki, təhsil yalnız bilik ötürmək üçün deyil, təhsil öyrənməni kökündən dəyişir. Amma heç kim deyə bilmir ki, dünyada təhsil necə olacaq və necə olmalıdır. Texnologiya artıq təhsilin köməkçi elementi deyil, texnologiya artıq təhsil modelinin özüdür”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən 3-cü Təhsil Menecerləri Forumunda səsləndirib. 

O bildirib ki, bu dəyişiklik təhsildə bizə bir sıra yeni imkanlar yaradır: “Ən birincisi, fərdiləşmiş təhsilə keçid təmin edilə bilər. Bu, o deməkdir ki, təhsilalanın bacarığını, öyrənmə qabiliyyətini və tempini nəzərə alaraq hər bir təhsilalana fərqli yanaşma ortaya qoyula bilər. Rəqəmsallaşma olmadan bunu təmin etmək mümkün deyil.

İkinci ən böyük üstünlük ondan ibarətdir ki, təhsildə məkan və zaman məhdudiyyəti aradan götürülür. İnternet olan istənilən məkan istənilən vaxtda təhsil verən bir məkana çevrilə bilər. Təhsildə əlçatanlıq problemi çox asanlıqla həll oluna bilir.

Və digər mühüm üstünlük ondan ibarətdir ki, qərarlar verilən zaman artıq mülahizələrə, köməkçilərin fikirlərinə və ətrafdakıların baxışlarına deyil, konkret dataya əsaslanan qərarlar vermək imkanı yaranır”. 

Rektor qeyd edib ki, yeni texnologiyalar dövründə təhsil məkanla deyil, düşüncə ilə ölçülür: “Pandemiya distant təhsili sürətləndirdi. Amma həmin dövrdə təhsil menecerləri, aparıcı təhsil menecerləri dünyada anlayırdılar ki, bu vəziyyət dayanacaq, son mərhələ deyil. Bu, sadəcə bir keçid mərhələsidir — distant təhsil. Bu gün isə artıq pandemiyadan altı ildən çox vaxt keçdikdən sonra bütün təhsil menecerlərinin istisnasız olaraq verdiyi sual ondan ibarətdir ki, təhsil nə qədər ağıllıdır. Heç bir təhsil meneceri artıq sual vermir: sənin təhsilin onlayndır, yoxsa distantdir. Distant təhsilin növbəti mərhələsi ağıllı təhsildir. Ağıllı təhsil keyfiyyət, fərdiləşmə və innovativ texnologiyaların tətbiqi baxımından sistemi dəyişə bilər. Təkcə rəqəmsallaşma distant təhsildə mövcud təhsili virtual məkana köçürür. Bunun sistemə təsiri isə demək olar ki, yoxdur.

Təhsilin keyfiyyəti ilə distant təhsilin heç bir əlaqəsi yoxdur. Distant təhsil sadəcə olaraq təhsili bir məkandan digərinə daşıyır”.