"Texnologiyanın səsini musiqiyə gətirməliyik" - Azərbaycanın ilk termenvoks ifaçısı

6 Noyabr, 2025 - 15:55
"Texnologiyanın səsini musiqiyə gətirməliyik"

Musiqi tarixində elə anlar var ki, insan əli ilə texnologiyanın qovuşduğu nöqtədə yeni bir dünya yaranır. Bu dünyanın səsi nə tellərin titrəyişində, nə barmaqların pianoda gəzişməsində, nə də nəfəsin fleytada səslənməsində gizlənir. Bu səs havadan doğulur, əllərin görünməz elektrik sahəsində hərəkəti ilə yaranır. Bəli, söhbət termenvoks adlı elektron musiqi alətindən gedir.

1918–1920-ci illərdə rus ixtiraçısı və musiqiçi Lev Termen tərəfindən yaradılan bu alət dünyanın ilk kontaktsız (toxunmasız) musiqi aləti hesab olunur. Səs burada elektrik dalğalarının rezonansından doğur, ifaçı isə sadəcə əllərinin məsafəsini dəyişməklə musiqinin tonunu və gücünü idarə edir. Həmin unikal səslər illər boyu elmi-fantastik filmlərdə, müasir orkestr səsləndirmələrində və eksperimental musiqidə istifadə olunub.

Bu möcüzəvi alətin sədası Azərbaycanda ilk dəfə 2024-cü ildə səsləndi. Onun sirlərinə yiyələnən və ölkəmizdə termenvoksda ifa edən ilk musiqiçi — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnaz Rzayevadır.

“Azərbaycan müəllimi” olaraq biz də Gülnaz müəllimlə bu qeyri-adi alətin sirri, gələcəkdə Azərbaycan musiqisində yarada biləcəyi yeni nəfəs haqqında söhbət apardıq.

– Gülnaz müəllimə, termenvoks kimi nadir və futuristik bir alətə marağınız necə yarandı?

– Mən 32 ildir ki, ADMİU-da müəlliməm. Bu illər ərzində “Etnoorqanologiya”, “Orqanologiyanın müasir problemləri”, “Dirijorluq” və “Partitura oxunuşu” kimi fənləri tədris etmişəm. Hər zaman tələbələrə təkcə ənənəvi deyil, həm də müasir dünya musiqi alətlərini tanıtmağa çalışıram.

 Bir dəfə araşdırma zamanı termenvoks aləti diqqətimi çəkdi. Onun kosmik tembri, sanki başqa dünyadan gələn səs rəngi və ən əsası – ifa zamanı alətə toxunmadan musiqi yaratmaq məni heyrətləndirdi. Daha dərindən öyrənməyə başladım və gördüm ki, bu alət Rusiya, Amerika, Yaponiya, Fransa kimi inkişaf etmiş ölkələrdə çoxdan tədris olunur. Məncə, bizdə də ənənəni qorumaqla yanaşı müasirliyə addım atmaq vacibdir. Termenvoks kimi alətlərin musiqi təhsilimizdə öz yeri olmalıdır. Bu həm sənətin, həm də texnologiyanın birləşməsi deməkdir.

– Azərbaycanda termenvoksun tanıdılması istiqamətində hansı addımlar atmısınız?

– Əvvəlcə ADMİU-nun “Mədəniyyət dünyası” dərgisində “Termenvoks Azərbaycanda” adlı məqalə yazdım. Daha sonra universitetdə keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” adlı beynəlxalq konfransda bu alət haqqında çıxış etdim. Sınaq məqsədilə termenvoksun kiçik modelini gətirib konfrans iştirakçılarına nümayiş etdirdim. İnsanların reaksiyası inanılmaz idi, hər kəs bu alətin səsini sanki sehr kimi dinləyirdi. O an anladım ki, artıq zaman yetişib, termenvoks Azərbaycana gəlməlidir. 
Uzun axtarışlardan sonra, nəhayət ki, aləti əldə etdim, onlayn dərslər keçdim və ifa etməyi öyrəndim. Artıq bir ilə yaxındır ki, bu alətdə ifa edirəm. İlk çıxışım 2024-cü ildə Üzeyir Hacıbəylinin ev-muzeyində oldu. Tamaşaçılar heyran qaldılar, çünki əllərin havada hərəkəti ilə, heç bir təmas olmadan səsin yaranması onları tam fərqli bir musiqi dünyasına apardı.

– Repertuarınızda hansı əsərlər var?

– Bu bir il ərzində termenvoksda həm Azərbaycan, həm də dünya musiqisindən bir sıra əsərləri ifa etmişəm: Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara Dəniz”i, “Secret Garden”in məşhur kompozisiyaları, Ennio Morriconenin “Once Upon a Time in the West” musiqisi, “Ay Laçın” və başqa melodiyalar.

Bu alətdə səsin vibrasiyası, dalğalanması və insan səsinə bənzər tembr dinləyicilərdə emosional təsir yaradır. Onlar sanki həm klassik, həm də elektron musiqinin birləşdiyi yeni bir səviyyəni duyurlar.

– Gələcək planlarınız nələrdir?

– Ən böyük arzum Azərbaycanda termenvoks məktəbi yaratmaqdır. Çünki bu alət musiqi təhsilinə tamamilə yeni nəfəs gətirə bilər. Hazırda termenvoksun daha mükəmməl modelini əldə etməyə və səs keyfiyyətini artırmağa çalışıram. Eyni zamanda, tələbələrimlə birlikdə bu alətin tədrisinə başlanılması üçün ilkin proqram üzərində düşünürük. 
  Ümidvaram ki, yaxın gələcəkdə termenvoks həm konservatoriyada, həm də musiqi kolleclərində tədris ediləcək və Azərbaycan gəncləri bu aləti sevməyə başlayacaqlar. Bu gün isə mən xoşbəxtəm ki, ölkəmdə bu alətin ilk ifaçısı kimi çıxış edirəm.

– Sizcə, belə texnoloji alətlər musiqi təhsilinə nə gətirir?

– Hər bir dövrün öz musiqi dili olur. Əgər biz tələbələrə yalnız keçmişi deyil, həm də gələcəyi öyrətmək istəyiriksə, texnologiyanın səsini musiqiyə gətirməliyik. Termenvoks bu baxımdan həm elmi maraq doğurur, həm də yaradıcı düşüncəni gücləndirir. Bu gün dünya musiqi mədəniyyətində elektroakustik alətlər çox geniş yayılıb. Məncə, Azərbaycan musiqi təhsili də bu trendlə ayaqlaşmalıdır.

Termenvoksun havada dalğalanan sədaları sanki bir rəmzə çevrilir, ənənə ilə gələcəyin birləşməsi rəmzinə. Bu alətin Azərbaycan səhnəsinə gəlişi sadəcə bir musiqi yeniliyi deyil, həm də təhsil sistemimizdə yaradıcı düşüncənin inkişafına atılan addımdır.
Gülnaz Rzayeva kimi müəllimlər musiqiyə təkcə səs deyil, həm də düşüncə gətirirlər. Onlar göstərirlər ki, bəzən musiqi barmaqla deyil, ideya ilə toxunulur. Onların işi yalnız musiqi öyrətmək deyil, gələcəyin səsini oyatmaqdır.