Mədəniyyət təhsilə inteqrasiya olunur: məktəb proqramında dəyişiklik olacaq?

11 Fevral, 2026 - 11:07
Mədəniyyət təhsilə inteqrasiya olunur:

Azərbaycanda mədəniyyət sahəsinin uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası təsdiq edilib. Prezident İlham Əliyevin imzaladığı Sərəncam mədəniyyətin sistemli şəkildə inkişafı, milli-mənəvi dəyərlərin qorunması və müasir mədəniyyət modelinin formalaşdırılması məqsədi daşıyır. Konsepsiyada mədəniyyətin cəmiyyətin əsas institutları, o cümlədən təhsil sistemi ilə əlaqəli şəkildə inkişaf etdirilməsi də nəzərdə tutulur.

Sənəddə 2026–2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, Azərbaycanın mədəni dəyərlərinə dair biliklərin tədrisinin təmin edilməsi ilə bağlı müddəalar yer alıb. Bu müddəalar ictimaiyyət və təhsil cəmiyyəti arasında müəyyən müzakirələrə də səbəb olub. Xüsusilə bəzi informasiya resurslarında tarix, ədəbiyyat və incəsənət fənlərinin “birləşdirilməsi” ilə bağlı yayılan məlumatlar da diqqəti çəkib.

Məsələ ilə bağlı “Azərbaycan müəllimi”nin Elm və Təhsil Nazirliyinə ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasında nazirliyin icraçılar siyahısında olduğu bütün tədbirlər, o cümlədən sorğu edilən istiqamətlə bağlı digər icraçı qurumlarla birgə müzakirələr aparılacaq və atılacaq addımlar müəyyənləşdiriləcək.

Beləliklə, Konsepsiya çərçivəsində təhsil və mədəniyyətin qarşılıqlı əlaqəsinin gücləndirilməsi məsələsi daha aktual xarakter alır. Mədəniyyətin təhsil sisteminə inteqrasiyası eyni zamanda gənc nəslin dünyagörüşünün formalaşdırılması, estetik zövqünün inkişafı, milli kimlik şüurunun möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki məktəb həm də dəyərlər aşılayan, cəmiyyətin mənəvi gələcəyini formalaşdıran əsas mühitlərdən biridir.

“Hazırkı təhsil sistemində mədəniyyətə dair proqramlar üçün kompleks yanaşma yoxdur”

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) beynəlxalq əlaqələr üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, təhsil mədəniyyətin formalaşdırdığı məfhumdur və təhsilin növü, səviyyəsi, nəticələri müəyyən mədəniyyətin törəmələri və göstəriciləridir: “Mədəniyyət sisteminin bütün hissələri ancaq qarşılıqlı əlaqədə fəaliyyət göstərə bilir və əgər bir sahədə boşluq, yaxud yanlışlıq yaranırsa, onun dağıdıcı nəticələri mövcud quruluşa qısa zamanda təsir edir. Yeni Konsepsiya da məhz bu amili əsas gətirərək işlənib. Bu gün gənclərimiz iki mədəni qütbün kəsişməsində – ənənəvi və müasir mədəniyyətlərin ortaq nöqtəsindədir. Yeni yanaşmanın məhz bu məqamda formalaşması gələcək onilliklər üçün dəqiq hədəfləri müəyyən edir. Bu gün Azərbaycan gənci keçmişini bilib, gələcəyini qurmalıdır. Dünya dəyişir və bu qaçılmazdır. Lakin tarix göstərir ki, əzəli dəyərlərə güvənən və yenilikləri doğru istiqamətdə istifadə etməyi bacaran icmalar daim intibah yaşayırlar. Konsepsiyanın ümumi yanaşması da belədir.


Təəssüf ki, mövcud pilləli təhsil sistemimizdə mədəniyyətimizə dair proqramlar ixtisas istiqamətləri istisna olmaqla, təsviredici xüsusiyyət daşıyır, kompleks yanaşma yoxdur. Konsepsiyada 2026-2030-cı illərdə mədəniyyət və təhsilin inteqrasiya məsələlərinin müəyyən dərəcədə dəqiq yol xəritəsi təqdim olunur ki, burada məktəb proqramına Azərbaycan mədəniyyətinin tədrisinin əlavə olunması formal yanaşmanı yeni məntiqi səviyyəyə qaldıracaq”.

Mədəniyyət müstəqil fənn kimi tədris olunmalıdırmı?

Prorektor qeyd edir ki, mədəniyyətin təhsilə inteqrasiyası fonunda ibtidai və orta təhsil səviyyəsində müstəqil fənn olmalıdır: “Mədəniyyətin də, təhsilin də əsas məqsədi milli özünüdərketmənin qorunması və növbəti nəsillərə zənginləşdirilmiş halda ötürülməsidir. Hər bir halda Konsepsiya mövcud təhsil sisteminin yeni səviyyəsini nəzərdə tutur. Bilirik ki, bu sahə tarix fənninin proqramı tərkibində ənənəvi olaraq hər bir tarixi dövrün son mövzusu qismində keçirilir. Sovet təcrübəsində də, indi də belədir. Əgər biz ibtidai və orta səviyyəni nəzərdə tuturuqsa, düşünürəm, mütləq qaydada müstəqil fənn olmalıdır. Bir çox dünya təcrübəsində, xüsusilə Uzaq Şərq təhsil ənənəsində bu fənn mövcuddur, bəzilərində aparıcıdır, yaxud digər fənlərlə sıx metodoloji inteqrasiya mühitində tədris edilir. Azərbaycanda bu təcrübəyə dünya bədii mədəniyyəti fənni olaraq özəl məktəblərdə rast gəlmişəm. Ali təhsil səviyyəsində universal Azərbaycan mədəniyyəti fənninin ayrıca tədrisi ilə yanaşı, ixtisas proqramlarının məzmunca əsasının mədəniyyətlə əlaqəsi nəzərə alınmalıdır. Məsələn, tibb sahəsi üzrə təhsil alan tələbələr Orta əsr Azərbaycan mühitində təbabət, əlkimya və mədəniyyətin qarşılıqlı əlaqələrini dərk etməli, peşəkar kompetensiyalarının hansı milli köklərə və tarixə əsaslandığını bilməlidirlər.

Lakin bu fənnin tədris proqramına inteqrasiyası mövcud tədris planını ağırlaşdırmamalıdır. Ümumi fənlər blokunda Azərbaycan mədəniyyəti fənni öz məzmunu ilə yanaşı, hazırda ali təhsil müəssisələrində tədris olunan fəlsəfə, Azərbaycan multikulturalizmi tipli fənlərin məzmununu da özündə ehtiva edə bilər. Proqramın təcrübi bazası muzeylərin, sərgilərin, abidələrin ziyarət edilməsini nəzərdə tutmalıdır. Effektiv nəticələr, sözsüz ki, zaman istəyir. Gözlənilənlər gənclərimizdə milli mədəni irsimiz haqqında tam təsəvvür yaradılması, tarixi və sosial yaddaş, irs və müasirlik arasında körpünün qurulması, mənəvi dəyərlərin müasir müstəvidə bərpası və istifadəsidir. 

Fənnin tədrisi daha bir problemə də ciddi töhfələr verə bilər. Mədəniyyət, incəsənət tarixi və nəzəriyyəsi istiqaməti üzrə ölkəmizdə mütəxəssislər hazırlanır və bu mərkəzlərdən ən qocamanı ADMİU-dur. Tədris fəaliyyətinə onlarla gənc ixtisasçı cəlb oluna bilər. Fənnin tədrisi xüsusilə regionların inkişafında effektiv nəticələr göstərər”.

“Elmimizin hədəfi və ciddi problemi termin bazasının Azərbaycan dilində formalaşmasıdır”

Müsahibimiz xüsusilə vurğulayır ki, elmi-tədqiqatların milli-mədəni dəyərlərimizə yönəlməsi, bəzi mövzuların yeni baxış nöqtəsindən dəyərləndirilməsi Konsepsiyanın mühüm məqamlarıdır: “Elm mədəniyyət məkanının çoxtəyinatlı mürəkkəb sistemidir. Mədəniyyətin elmə təsirinin ümumi təbiəti, ilk növbədə, onun əsasını təşkil edən ortaq dəyərlərin elmə tətbiqindən ibarətdir. Yeni konsepsiyada vurğulanan əsas məqamlardan biri Azərbaycan dilidir ki, milli elmimizin də hədəfi və bu gün üçün ciddi problemi bütün istiqamətlər üzrə peşə-sənət leksikasının təkmilləşməsi, termin bazasının Azərbaycan dilində formalaşmasıdır. Əhəmiyyətli real addım ixtisaslar üzrə izahlı lüğətlərin tərtibatıdır. Burada hansısa müəyyən fənn yetərli deyil. Yanaşmanın dəyişməsi zəruridir. 
Ümumiyyətlə, ilk növbədə, məsuliyyət və davranış mədəniyyətinin dayanıqlığı üçün konsepsiya ciddi töhfədir. Azərbaycan mədəniyyətinin əzəli dəyərləri məhz məsuliyyət üzərində qurulub. Gəncliyimiz, əsasən, ənənəvi mədəniyyət mühitində yetişir, lakin bəzən bu dəyərin vacibliyini, yükünü anlamır, yaxud yanlış başa düşür. Məhz bu baxımdan müəyyən edilən fəaliyyətlər konsepsiyanın intibah xüsusiyyətinə əsaslanmalıdır. Gənclərimizin bildiyi, tanıdığı milli dəyərlər sisteminin vacibliyi onlara yaxın dildə yiyələnməlidir, bu halda gözləntilər gerçəkləşəcək”, – deyə o əlavə edib.