Türkiyədə fırtınaya görə bəzi məktəblər bağlanıb
Türkiyənin bir neçə bölgəsində əlverişsiz hava şəraiti səbəbindən tədris prosesi müvəqqəti dayandırılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, güclü fırtına, leysan və qarla müşayiət olunan hava şəraiti bir sıra şəhərlərdə məktəblərin fəaliyyətinə təsir edib. Xüsusilə Gaziantep və Şanlıurfa şəhərlərində qeydə alınan “super hüceyrə” tipli fırtına nəticəsində ümumilikdə 60-dan çox insan xəsarət alıb, 1 nəfər həyatını itirib.
Gaziantep şəhərində əlverişsiz hava şəraiti nəticəsində 4 rayonda yerləşən ümumilikdə 39 məktəbdə dam örtüyünün uçması və şüşələrin sınması kimi hallar qeydə alınıb. Bu səbəbdən həmin məktəblərdə 4 may tarixində tədris 1 gün müddətinə dayandırılıb.
Şanlıurfa şəhərində isə güclü yağış və fırtına ilə əlaqədar 2 rayonda bütün təhsil müəssisələrində dərslərə 1 günlük fasilə verilib.
Digər tərəfdən, Afyonkarahisar şəhərində qar yağışı və yol şəraitinin pisləşməsi səbəbindən 3 rayonda ümumi tədris prosesi, daha 8 rayonda isə yalnız daşımalı təhsil dayandırılıb. Bəzi yaşayış məntəqələrindən məktəblərə daşınan şagirdlər üçün də dərslər müvəqqəti olaraq ləğv edilib.
Rəsmi qurumlar bildirir ki, hava şəraiti ilə bağlı risklər davam etdiyindən əlavə təhlükəsizlik tədbirləri görülür və vəziyyətə uyğun qərarlar veriləcək.



