Türkiyədə məktəbdə civədən zəhərlənmə: Çox sayda şagird xəstəxanaya yerləşdirildi
Diyarbəkirdə orta məktəbdə civə zəhərlənməsi baş verib.
"Azərbaycan müəllimi" Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə günorta saatlarında Yenişehir rayonunda yerləşən İnönü orta məktəbinin 7-ci sinfində baş verib. İddialara görə, bir şagirdin çöldən sinfə gətirdiyi civə yerə tökülüb. Bir müddət sonra bəzi şagirdlərdə başgicəllənmə və ürəkbulanma şikayətləri yaranıb. Müəllimlərin məlumatı əsasında məktəbə təcili tibbi yardım, polis əməkdaşları cəlb olunub.
Sinif ehtiyat tədbiri olaraq boşaldılıb, 14 şagird təcili yardım maşınları ilə şəhərdəki xəstəxanalara aparılıb. Şagirdlərin xəstəxanada müalicəsi davam edir. AFAD əməkdaşları isə sinifdə araşdırma apararaq tökülən maddənin təhlükəsiz şəkildə toplanması üçün işlərə başlayıblar.
Hadisə ilə bağlı araşdırma davam edir.



