Türkiyədə məktəblərə hücumlar planlaşdıran cinayətkar dəstə saxlanılıb
Türkiyədə yeni tədris ili ərəfəsində üç məktəbə silahlı hücum etməyə hazırlaşan şəxslərə qarşı əməliyyat keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Baş Prokurorluğun koordinasiyası ilə C31K adlı cinayət qruplaşmasına qarşı mərkəzi Ankarada olmaqla 22 vilayətdə eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat zamanı 19-u cinayət prosesinə cəlb olunan uşaq olmaqla, 32 şübhəli barədə saxlanılma qərarı verilib, onlardan 27-si tutulub.
Araşdırma zamanı şübhəlilərin “Telegram”, “Discord”, “X” və “YouTube” başda olmaqla müxtəlif sosial media və kommunikasiya platformalarında qanunsuz məzmunlar yaydıqları müəyyən edilib. Onların uşaqlara aid cinsi xarakterli görüntülərin paylaşılması, milli və mənəvi dəyərləri təhqir edən materialların yayılması, heyvanlara işgəncə verilməsi və öldürülməsinə dair görüntülərin paylaşılması kimi əməllərdə iştirak etdikləri bildirilib.
İstintaq zamanı qruplaşma üzvlərinin həmçinin ictimai həssaslıq doğuran hadisələrdən və tanınmış şəxslərin yaxınlarının itkisindən istifadə edərək onların ailə üzvlərinin ünvanlarına saxta məlumatlar göndərdikləri, hədə-qorxu, şantaj, təhqir və cəmiyyətdə qorxu və təşviş yaratmağa yönəlmiş məzmunlar yaydıqları müəyyənləşdirilib.
Ən ciddi məqam isə şübhəlilərin yeni tədris ilinin başlanması zamanı üç müxtəlif vilayətdə yerləşən üç məktəbə silahlı hücum hazırlığında olduqlarına dair paylaşımlar etmələri olub.
Əməliyyat zamanı şübhəlilərin ünvanlarında axtarış aparılıb və rəqəmsal materiallar araşdırılmaq üçün götürülüb. Digər şübhəlilərin saxlanılması istiqamətində əməliyyatların davam etdiyi bildirilib.




