Türkiyədə uşaqlar üçün xüsusi SİM kartın tətbiqi müzakirə olunur
Türkiyədə son dövrlərdə məktəblərə baş verən hücumlardan sonra uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı yeni tənzimləmə mexanizmlərinin hazırlanması müzakirə olunur.
"Azərbaycan müəllimi" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumu (BTK) mobil rabitə və internet istifadəsi sahəsində genişmiqyaslı dəyişikliklər üzərində işləyir.
Məlumata əsasən, hazırlanan təkliflərdən biri 18 yaşdan aşağı istifadəçilər üçün xüsusi “uşaq xətti” (SİM kart) tətbiqidir. Bu modelə görə, valideynlər öz adlarına qeydiyyatdan keçmiş mobil nömrələri “uşaq xətti” kimi təyin edə biləcəklər.
Beləliklə, azyaşlı istifadəçilərə məxsus nömrələr sistemdə ayrıca kateqoriya kimi müəyyənləşdiriləcək və onların istifadəsinə xüsusi nəzarət mexanizmləri tətbiq olunacaq.
Yeni sistem çərçivəsində valideynlər uşaqların istifadə etdiyi tətbiqləri və daxil olduqları məzmunu daha yaxından izləyə biləcəklər. Eyni zamanda, yaşa uyğun olmayan tətbiq və platformalara girişin məhdudlaşdırılması mümkün olacaq.
Mütəxəssislər qeyd edirlər ki, uşaqlar zərərli və ya yaşlarına uyğun olmayan məzmuna ən çox mobil telefonlar vasitəsilə çıxış əldə edirlər. Nəzarət mexanizmlərinin zəifliyi bu riski daha da artırır.
Aparılan araşdırmalarda bəzi hallarda hücumları törədən şəxslərin zorakılıq məzmunlu oyunlara intensiv şəkildə məruz qaldığı iddia olunur. Bu isə rəqəmsal oyunların uşaqlar üzərində təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Təklif olunan dəyişikliklər arasında VPN xidmətləri də yer alır. İddialara görə, ölkədə bloklanmış məzmunlara çıxış imkanı yaradan VPN servislərinin lisenziyalaşdırılması və nəzarətə götürülməsi planlaşdırılır.
Digər yeniliyə əsasən, bir şəxsin adına qeydiyyatdan keçirilə bilən mobil nömrələrin sayına məhdudiyyət qoyulması nəzərdə tutulur. Bu addımın nəzarəti asanlaşdıracağı bildirilir.
Qeyd olunur ki, sadalanan dəyişikliklər hələlik müzakirə mərhələsindədir və bu istiqamətdə rəsmi qərar açıqlanmayıb.



