Türkoloji Qurultay türk xalqları arasında elmi yaxınlaşmanı möhkəmləndirir - Nazir müavini
Birinci Türkoloji Qurultay dil, ədəbiyyat, tarix və mədəniyyət məsələlərinin sistemli şəkildə müzakirə olunduğu ilk beynəlxalq elmi platforma kimi, Türk dünyasında ortaq elmi düşüncənin formalaşmasına mühüm zəmin yaradıb. Bu Qurultay, eyni zamanda, türk xalqları arasında mədəni və elmi yaxınlaşmanın ideya əsaslarını möhkəmləndirərək gələcək əməkdaşlıq üçün strateji yol xəritəsi rolunu oynayıb.
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri mədəniyyət nazirinin müavini Səadət Yusifova “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda beynəlxalq elmi konfransda söyləyib.
“Bu gün biz həmin tarixi hadisənin 100 illiyini qeyd edərkən, əslində yalnız keçmişə nəzər salmırıq, həm də gələcəyə baxırıq. Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq keçirilən “Türk Dünyası Həftəsi” bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti ilə yanaşı TDT, TÜRKSOY, Türk Akademiyası, TMİF, TÜRKPA və Yunus Əmrə İnstitutu kimi nüfuzlu beynəlxalq qurumların tərəfdaşlığı ilə həyata keçirilən bu genişmiqyaslı tədbirlər silsiləsi Türk dünyasında elmi və mədəni əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir”, - deyə nazir müavini bildirib.




