Uğur arxasınca uğur: əvvəlcə “Maarifçi”, sonra dövlət qulluqçusu oldu

14 Yanvar, 2026 - 16:20
Uğur arxasınca uğur: əvvəlcə “Maarifçi”, sonra dövlət qulluqçusu oldu

Bir nazirlikdə işləmək, təhsil idarəçisi olmaq kimin arzusu deyil ki?

Şükufə də arzulayıb. O qədər arzulayıb ki, Elm və Təhsil Nazirliyinin elan etdiyi “Maarifçi” tələbə-məzun təcrübə proqramına düz 3 dəfə müraciət edib. İlk iki uğursuzluğu onu yolundan döndərməyib, cəhdlərini davam etdirib. 2 uğursuz cəhddən sonra “Atalar üçdən deyib”, - ümidi ilə növbəti dəfə proqrama baş vurub. Bu da son. O, artıq Elm və Təhsil Nazirliyinin əməkdaşıdır.
“Azərbaycan müəllimi”nin inadkar qəhrəmanı Şükufə Hüseynzadə hazırda Quba-Xaçmaz Regional Təhsil İdarəsində məsləhətçidir.

“Bütün bacarıqlarımı nümayiş etdirəcək, bu sınağı qazanacaqdım”

O, Quba rayonundakı Mahmud Mahmudov adına Afurca kənd tam orta məktəbini bitirib. Bakalavr təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat müəllimliyi” ixtisası üzrə aldıqdan sonra elə həmin universitetdə səviyyəsini artırmağa qərar verib. Magistratura səviyyəsində “Təhsildə qiymətləndirmə və monitorinq” üzrə ixtisaslaşıb. “Maarifçi” tələbə-məzun təcrübə proqramına ixtisası ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirmək məqsədilə baş vurub: “Proqrama qəbul elan olunduğunu sosial şəbəkədə gördüm. Məlumat diqqətimi çəkdiyindən ətraflı məlumat toplamağa başladım”.

“Maarifçi” ilə bağlı qarşısına çıxan məlumatlar, proqramın şərtləri Şükufənin diqqətini çəkib: “Bu proqram bir tələbə üçün çox cəlbedicidir. Təcrübənin sonu rəsmi iş olub-olmamağından asılı olmayaraq, tələbə üçün nazirlikdə işləmək, əməkdaşlarla ünsiyyət qurmaq, iş mexanizmini öyrənmək imkanı əldə etmək, sözün əsl mənasında, bir şansdır. Bu şansı əlimdən verə bilməzdim. Odur ki, bütün bacarıqlarımı nümayiş etdirəcək, bu sınağı qazanacaqdım”.

3 mərhələdə olan qəbul prosesinə qatılan Şükufə sənədlərini təqdim etdikdən sonra test imtahanına hazırlaşıb. Biliyinə güvəndiyindən bu mərhələdə uğur qazanacağına şübhəsi yox idi. Amma müsahibə mərhələləri hər kəs kimi onu da həyəcanlandırıb: “İlk “Maarifçi”lərdən olmaq üçün çox çalışdım, amma müsahibə mərhələsində kəsildim. İkinci dəfə proqrama qəbul elan olunanda yenə qatıldım, bu dəfə də mübarizəmi yarımçıq dayandırmaq məcburiyyətində qaldım. Nəhayət, III dəfə “Maarifçi” proqramı elan olundu və mən onun iştirakçılarından birinə çevrildim”.

İki fərqli strukturda təcrübə

3 cəhddən sonra “Maarifçi” olmağın sevinci çox böyük olsa da, məsuliyyəti də bir o qədər ağır olub: “Düşünürəm ki, “Maarifçi”yə seçilərkən mənə üstünlüyü ixtisas sahəm qazandırdı. III dəfə müsabiqəyə qatılanda artıq pedaqoji təhsilimi uğurla tamamlamış bir məzun olmaq, “Təhsildə qiymətləndirmə və monitorinq” üzrə magistratura təhsilimi tamamlamaq üzrəydim, özümü daha yaxşı ifadə edə bilirdim”.

Şükufənin “Maarifçi”də fəaliyyəti məhsudar keçib: “Təcrübəyə Təhsil İnstitutunda Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsində başladım. Burada beynəlxalq qiymətləndirmələrə hazırlıq və onların təşkili, həmçinin keçirilən qiymətləndirmələr zamanı əldə olunan dataların təhlili, beynəlxalq təcrübənin araşdırılması ilə bağlı idi”.

Proqramın şərtlərinə görə, 4 aylıq təcrübə dövründə yerdəyişmə olur. İlk iki ayı bir yerdə, növbəti iki ayı isə başqa yerdə təcrübə  keçən proqram iştirakçıları iki fərqli strukturda özünü göstərmək imkanı qazanırlar: “Elm və Təhsil Nazirliyində Məktəbəqədər və ümumi təhsil şöbəsində keçdiyim təcrübə magistratura təhsili aldığım ixtisasla bağlı idi. Məhz bu təcrübə ilə qiymətləndirmə sahəsində əldə etdiyim bilikləri tətbiq edərək kariyera yolumda inkişaf əldə etdim”. 

Şükufə deyir ki, hər iki təcrübə çox maraqlı olub: “Eyni sahə olsalar da, aspektləri fərqli idi”.

“Maarifçi” mənə dostluqlar, real iş şəraitində təcrübə, birgə əməkdaşlıq qazandırdı”

Şükufə Hüseynzadə üçün “Maarifçi” tələbə-məzun təcrübə proqramında iştirak çox böyük əhəmiyyət kəsb edir: “Proqram dövründə bir sıra layihələrdə iştirak etdim, təhsil sahəsində önəmli rol oynayan şəxslərlə tanış oldum, onların karyerada necə uğur qazandıqlarını gördüm. Bununla yanaşı, “Maarifçi” mənə dostluqlar, real iş şəraitində təcrübə, birgə əməkdaşlıq qazandırdı”.

3 böyük sevinci bir günə sığdırdı

“Məzun günü” Şükufənin ən uğurlu günü, təqvimin ən yaddaqalan tarixi olub: “Magistraturadan “Məzun günü”müz idi. O günə magistr dissertasiya müdafiəsi də vardı. Müdafiəm uğurlu olmuşdu. Qiymətlər elə o gün elan olundu. Müdafiədən çıxıb “Məzun günü”nə gedəndə yolda zəng gəldi və “Maarifçi” proqramının nəticələrinə uyğun olaraq işə qəbul olunduğum barədə məlumat verdilər. Çox xoş gün idi, çox sevinmişdim”.

Sevinci sonra da davam edib: “Təhsil sahəsində fəaliyyət göstərmək hələ tələbəlikdən məqsədim idi. Bu səbəbdən dövlət qulluğuna qəbul üçün müsabiqənin test mərhələsində iştirak edərək orada da yüksək nəticə göstərmişdim. “Maarifçi” tələbə-məzun təcrübə proqramı yekunlaşandan sonra həmin müsabiqənin də müsahibə mərhələsi oldu və mən orada da uğur qazanaraq dövlət qulluqçusu kimi fəaliyyətə başladım”.

Şükufə bu müsabiqədəki uğurunu da “Maarifçi” ilə əlaqələndirir: “Düşünürəm ki, “Maarifçi”də iştirak dövlət qulluğuna qəbul üçün müsahibədə verilən suallara daha rahat cavab verməyimə kömək oldu. Qanunvericiliyin tətbiqini görmək onu ifadə etməyi rahatlaşdırdı. Praktik cavablarla bu mərhələdə üstünlük əldə etdim”.