İnklüziv təhsil: Quba-Xaçmaz bölgəsində maneəsiz və əlçatan məktəb mühiti 

14 Sentyabr, 2026 - 10:28
İnklüziv təhsil: Quba-Xaçmaz bölgəsində maneəsiz və əlçatan məktəb mühiti 

İnklüziv təhsil hər bir şagirdin fərdi xüsusiyyətlərindən, fiziki imkanlarından və xüsusi təhsil ehtiyaclarından asılı olmayaraq keyfiyyətli təhsil almaq hüququnun təmin edilməsinə əsaslanan müasir təhsil modelidir. Yeni tədris ili yaxınlaşdıqca məktəblərdə inklüziv təhsilin təşkili və əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər həyata keçirilir.

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, orta ümumtəhsil məktəblərində inklüziv təhsil 2019-2020-ci tədris ilində tətbiq edilib  və ilk dəfə Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə həyata keçirilib. Həmin il məktəbin 2 “c”, 3 “c”, 3 “b” siniflərinin hər birinə 1, 5 “b” sinfinə isə 2 sağlamlıq imkanları məhdud şagird qəbul edilib. 2021-2022-ci tədris ilində Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin 2 “c”, 3 “g”, 4 “d” sinifləri inklüziv təhsilə qoşulub. 2024-2025-ci tədris ilində Qusar şəhər Nemət Məmmədəliyev adına 3 nömrəli, eləcə də Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəblərin hər birində  1 inklüziv sinif açılıb. 2026-2027-ci tədris ilində Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbdə yeni inklüziv sinif yaradılması nəzərdə tutulur və hazırlıq işləri aparılır. Belə ki, infrastrukturun müvafiq tələblərə uyğunlaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu çərçivədə zəruri infrastruktur imkanları yaradılır, məktəb xüsusi avadanlıq və tədris vasitələri ilə təmin edilir. Eyni zamanda, inklüziv təhsil prosesinin səmərəli təşkili üçün loqopedik xidmət təşkil edilir.

Bu istiqamətdə görülən işlərlə, inklüziv təhsilin məktəb mühitində necə təşkil olunması və şagirdlərin təhsil prosesinə cəlb edilməsi ilə yaxından tanış olmaq məqsədilə Quba-Xaçmaz regionundakı belə ümumtəhsil müəssisələrindən birində olduq.

“Hər inklüziv sinifdə iki xüsusi təhsilə ehtiyacı olan şagirdin yerləşdirilməsi nəzərdə tutulur”

Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin direktoru Lalə Bədəlova rəhbərlik etdiyi təhsil ocağında  inklüziv təhsilin təşkili və inkişafı barədə ətraflı məlumat verərək qeyd edib ki, ilk dəfə 2019–2020-ci tədris ilindən etibarən inklüziv siniflərin fəaliyyətinə başlanılıb. Və bu təşəbbüs məktəbdə bərabərhüquqlu təhsil imkanlarının yaradılması, xüsusi təhsilə ehtiyacı olan şagirdlərin təhsil prosesinə fəal cəlb olunması və onların sosial inteqrasiyasının təmin edilməsi istiqamətində mühüm addımdır: “Məktəb-liseydə inklüziv təhsil I sinifdən etibarən təşkil olunur. Hər inklüziv sinifdə iki xüsusi təhsilə ehtiyacı olan şagirdin yerləşdirilməsi nəzərdə tutulur və sinifdə ümumi şagird sayı 22 nəfəri keçmir. Bu yanaşma tədris prosesində müəllimin hər bir şagirdə fərdi yanaşmasına, onların təlim ehtiyaclarının daha düzgün müəyyənləşdirilməsinə və pedaqoji dəstəyin səmərəli təşkilinə imkan yaradır. İnklüziv siniflərin fəaliyyəti yalnız xüsusi təhsil ehtiyacı olan şagirdlərin təhsilə cəlb olunması ilə məhdudlaşmır. Burada əsas məqsəd şagirdlərin birgə öyrənməsi, ünsiyyət qurması, sosial bacarıqlarını inkişaf etdirməsi və cəmiyyətə fəal inteqrasiyası üçün əlverişli mühit formalaşdırmaqdır”.

Məktəb-liseyin girişində panduslar quraşdırılıb

İnklüziv təhsilin səmərəli təşkili üçün yalnız tədris prosesinin deyil, məktəbin infrastrukturunun da şagirdlərin ehtiyaclarına uyğunlaşdırılması mühüm əhəmiyyət daşıyır. Məktəb rəhbərinin sözlərinə görə, bu istiqamətdə məktəb-liseyin girişində panduslar quraşdırılıb, xüsusi təhsil ehtiyacı olan şagirdlərin məktəbə daxil olub-çıxmasını asanlaşdıran maneəsiz hərəkət imkanları təmin edilib,sinif otaqlarının tədris prosesində iştirak edən şagirdlərin fərdi ehtiyaclarını nəzərə alan şəkildə təşkili təmin edilib, məktəb mühitinin mümkün qədər təhlükəsiz, əlçatan və rahat olması istiqamətində müvafiq şərait yaradılıb.

“Məktəbdə inklüzivlik yalnız “şagirdin sinfə qəbul edilməsi” kimi deyil, onun məktəb həyatının bütün komponentlərində bərabərhüquqlu iştirakının təmin olunması kimi qəbul edilir. İnklüziv təhsil xüsusi təhsil ehtiyacı olan şagirdlər üçün təhsil imkanlarının genişləndirilməsinə, sosiallaşma və ünsiyyət bacarıqlarının inkişafına, özünəinamın formalaşmasına, müstəqil fəaliyyət imkanlarının artırılmasına, təlim prosesində fəal iştirakın təmin edilməsinə, cəmiyyətə inteqrasiyanın sürətlənməsinə şərait yaradır. Eyni zamanda inklüziv siniflərdə təhsil alan digər şagirdlərdə empatiya, qarşılıqlı hörmət, tolerantlıq, əməkdaşlıq və sosial məsuliyyət kimi mühüm şəxsi keyfiyyətlərin formalaşmasına da müsbət təsir göstərir”, - deyə Lalə müəllim əlavə edib.
Qeyd olunub ki, 2026–2027-ci tədris ilində məktəb-liseyin VI sinfində inklüziv sinifdə təhsil alan şagirdlər olacaq. L.Bədəlova vurğulayıb ki, ildən-ilə inklüziv təhsilə cəlb olunan şagirdlərin sayının artması məktəbdə yaradılmış təhsil mühitinə olan tələbatın və inklüziv modelin davamlı inkişafının göstəricisidir: “Bu dinamika onu göstərir ki, inklüziv təhsil məktəbimiz üçün yalnız ayrı-ayrı şagirdlərin təhsilinin təşkili deyil, məktəbin ümumi təhsil fəlsəfəsinin mühüm tərkib hissəsinə çevrilib.Məktəbimizin inklüziv təhsil sahəsində əsas məqsədi “hər kəs üçün təhsil” prinsipini praktik şəkildə reallaşdırmaq, hər bir şagirdin potensialını üzə çıxarmaq və onun təhsil prosesində özünü dəyərli hiss etdiyi mühiti yaratmaqdır”.

Pedaqoji heyətin peşəkar hazırlığı 

Məktəb-liseydə inklüziv təhsilin keyfiyyətli və səmərəli təşkili yalnız müvafiq fiziki mühitin yaradılması ilə məhdudlaşmır. Bu prosesin əsas komponentlərindən biri də pedaqoji heyətin peşəkar hazırlığı və inklüziv təhsil üzrə kompetensiyalarının formalaşdırılmasıdır.

Ümumtəhsil müəssisəsinin direktoru diqqətə çatdırıb ki, belə siniflərdə tədris fəaliyyəti həyata keçirən bütün müəllimlər inklüziv təhsilin təşkili və tətbiqi üzrə xüsusi təlimlərdə iştirak edib, adıçəkilən modelinin mahiyyəti, məqsəd və prinsipləri, xüsusi təhsil ehtiyacı olan şagirdlərlə işin təşkili, fərdi yanaşma və təlim strategiyaları ilə bağlı zəruri bilik və bacarıqlara yiyələniblər:“Bu hazırlıq müəllimlərə şagirdlərin fərdi təhsil ehtiyaclarını düzgün müəyyənləşdirmək, təlim prosesini fərdiləşdirmək, müxtəlif təlim üsul və strategiyalarından istifadə etmək, xüsusi təhsil ehtiyacı olan şagirdlərin sinif fəaliyyətinə fəal cəlb olunmasını təmin etmək, şagirdlər arasında qarşılıqlı əməkdaşlıq və sosial inteqrasiyanı dəstəkləmək, qiymətləndirmə prosesində şagirdin fərdi imkan və inkişaf dinamikasını nəzərə almaq imkanı yaradır”.

Beləliklə, məktəb-liseydə inklüziv təhsilin tətbiqi “şagirdin inklüziv sinfə yerləşdirilməsi” ilə kifayətlənməyən, fiziki infrastruktur, pedaqoji hazırlıq, fərdiləşdirilmiş təlim və sosial inteqrasiyanı özündə birləşdirən kompleks təhsil modeli əsasında həyata keçirilir.