Uğura gedən yol asan olmur- Dövlət Proqramı təqaüdçüsü
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın qaliblərindən biri də Ayşə Həsənovadır.
2026-cı ildə Bakı Dövlət Universitetini “Biologiya” ixtisası üzrə bitirən gəncimiz magistratura təhsilini Mançester Universitetində “Biologiya elmləri” ixtisası üzrə davam etdirəcək.
“Azərbaycan müəllimi”nin həmsöhbəti olan Ayşə Həsənova təhsil yolundan, biologiyaya olan marağından, Dövlət Proqramına müraciət prosesindən, qazandığı uğurlar və gələcək hədəflərindən söz açıb.
“Uşaqlıqdan biologiya mənim üçün maraqlı olub”
Ayşə Həsənova 2011–2022-ci illərdə Ucar rayonunun Qulabənd kəndində Cəsarət Zülfüqarov adına tam orta məktəbdə oxuyub. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin Biologiya fakültəsində alıb.
Hazırda onun qarşısında yeni bir mərhələ durur. Qeyd etdiyimiz kimi Ayşə magistratura təhsilini “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”çərçivəsində Mançester Universitetində “Biologiya elmləri” ixtisası üzrə alacaq.
Onun sözlərinə görə, biologiya sahəsinə marağının təməli uşaqlıq illərindən qoyulub:“Lap kiçik vaxtlarımdan oxuduğum ensiklopediyalarda biologiya məni özünə cəlb edirdi. Uşaqlıqdan bu sahə mənim üçün hər zaman maraqlı olub. Bakalavriat təhsili dövründə isə bu maraq daha çox tədqiqatyönümlü istiqamət aldı”.
Ayşə qeyd edir ki magistraturada təhsil almaq üçün universitet və ixtisas seçərkən əsas məqsədlərindən biri özünü tədqiqat baxımından inkişaf etdirə biləcəyi mühiti tapmaq olub: “Magistratura təhsilim üçün mümkün qədər tədqiqat şəraiti ola biləcək universitet seçməyi planlaşdırdım. Bu da Mançester Universitetində “Biologiya elmləri” ixtisasını seçməyimlə nəticələndi”, – deyə o bildirib.
“Müsahibədən sonra içimdə şübhə var idi”
Ayşə Dövlət Proqramına müraciət etdiyi dövrdə müsahibədən yaxşı təəssüratla çıxmasına baxmayaraq qalib olacağına bir qədər tərəddüdlə yanaşıb:“Müsahibədən çıxdıqdan sonra yaxşı cavab verdiyimi düşündüyümə baxmayaraq, yenə də qalib olmayacağımı düşünürdüm. Çünki proqrama kifayət qədər bacarıqlı və potensiallı şəxslər müraciət edir. Bu da istər-istəməz insanda özünə qarşı müəyyən şübhə yaradır”.
Nəticədə Dövlət Proqramının qalibləri arasında adının olması Ayşənin qarşısında yeni imkanlar açıb. O, seçdiyi nüfuzlu ali məktəbdə əldə edəcəyi bilik və təcrübənin gələcək karyerasında mühüm rol oynayacağına inanır.
“Xəyallarınızı gerçəyə çevirin”
Ayşə Həsənova xaricdə təhsil almaq və beynəlxalq səviyyədə akademik təcrübə qazanmaq istəyən gənclərə tövsiyələrini verib.O, hesab edir ki, qarşıya böyük məqsədlər qoymaqdan və həmin məqsədlərə çatmaq üçün risk etməkdən çəkinmək lazım deyil:“ Uğura gedən yol asan olmur. Lakin qarşıya məqsəd qoymaq və ona çatmaq üçün davamlı şəkildə çalışmaq və yaranan imkanlardan düzgün şəkildə istifadə etmək insanı arzularına daha da yaxınlaşdırır. Gözə çox böyük, inanılmaz görünsə də, risk alın, xəyallarınızı gerçəyə çevirin”.




