Ülkər Səttarova: Layihə tələbələrin qlobal bazarda da asanlıqla iş tapmasına imkan verəcək
“Bu layihənin sonunda tələbələrin IT sahəsində bilik və bacarıqları xeyli artacaq. Xarici təcrübə də buna öz töhfəsini verəcək ki, onlar gələcəkdə həm lokal, həm qlobal bazarda çox asanlıqla özlərinə iş tapsınlar və bizə lazım olan səviyyədə IT biliklərinə sahib olsunlar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) direktoru Ülkər Səttarova “IT SkillSprint” təhsil proqramının açılış mərasimi zamanı jurnalistlərə söyləyib.
O bildirib ki, “IT SkillSprint” Elm və Təhsil Nazirliyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşəbbüsüdür: “Layihə 120 nəfər tələbəni əhatə edir, çox böyük seçim prosesindən keçiblər. Tələbələrin ixtisasları əsasən IT yönümlü ixtisaslardan seçilib. Bu tələbələr bir semestr ərzində, bir neçə ay müddətində xüsusi intensiv bir kursdan keçəcəklər və bu kurs xarici şirkət tərəfindən təqdim olunur. Bu, tələbələrin IT sahəsində olan biliklərini, bacarıqlarını daha da inkişaf etdirmək, real proyektlər, layihələr üzərində işləmək üçün nəzərdə tutulub. Yəni biz ona çalışacağıq ki, həmin bu bir semestr, yəni yarım tədris ili müddətində tələbələr tamamilə, dərindən bu biliklərə və bacarıqlara fokuslansınlar və öz IT bilik və bacarıqlarını yüksəltsinlər”.



