UNEC-də COP29 tədbirləri çərçivəsində beynəlxalq forum keçirilib

15 Noyabr, 2024 - 15:10

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) COP29 tədbirləri çərçivəsində “Creating the Highway for Sustainable Finance” adlı beynəlxalq forum (CASI) keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, CASI ilə COP29-un Davamlılıq üzrə Yüksək Səviyyəli Çempionu tərəfindən təşkil olunmuş forumda dövlət qurumlarından, maliyyə institutlarından və özəl sektordan 200-ə yaxın iştirakçı bir araya gəlib.

Forumda CASI və Maliyyə və Davamlı İnkişaf İnstitutunun (IFS) sədri Ma Jun, UNEC-in beynəlxalq əlaqələr üzrə prorektoru Hüseyn Həsənov, BMT-nin sabiq icraçı direktoru Erik Solheim, Azərbaycan Mərkəzi Bankının icraçı direktoru Şahin Mahmudzadə və BMT-nin Məsul İnvestisiya Prinsipləri təşkilatının (UNPRI) icraçı direktoru David Atkin inkişaf etməkdə olan ölkələrin davamlı inkişafa keçidini dəstəkləyəcək yaşıl maliyyələşdirmə mexanizmlərindən bəhs edən təqdimatlarla çıxış ediblər. Məruzəçilər davamlı maliyyə, karbon qiymətləndirməsi və yaşıl maliyyələşmə strategiyaları üzrə təcrübələri və perspektivləri auditoriya ilə bölüşüblər. Çıxışlardan sonra davamlı inkişaf üzrə qlobal çağırışlar, yerli və regional səviyyədəki imkanlar barədə geniş müzakirələr aparılıb.