UNEC – Dünyasəviyyəli universitet yolunda yeni mərhələ
Dünyanın aparıcı universitetləri ilə rəqabət artıq uzaq hədəf deyil. Müasir universitetin gücü onun yalnız neçə tələbəyə təhsil verməsi və ya ölkə daxilində nə qədər tanınması ilə ölçülmür. Əsl meyar universitetin yaratdığı elmi dəyər, dünya akademik məkanında qazandığı mövqe, beynəlxalq əməkdaşlığa verdiyi töhfə və qlobal rəqabətdə ortaya qoyduğu nəticədir. Bu gün universitetlər öz sərhədləri daxilində deyil, dünya miqyasında qazandığı nəticələrə görə qiymətləndirilirlər.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) son illərdə keçdiyi inkişaf yolu da məhz bu dəyişən yanaşmanın fonunda diqqət çəkir. Universitet qarşısına yalnız milli səviyyədə uğur qazanmaq deyil, dünyasəviyyəli universitetə çevrilmək məqsədi qoyub. THE World University Rankings 2027-də əldə olunan nəticə isə bu strateji hədəfə gedən yolda UNEC-in mövqeyinin möhkəmləndiyini göstərən mühüm göstəricilərdən biridir.
Bu baxımdan Times Higher Education World University Rankings 2027-nin nəticələri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) son illərdə keçdiyi inkişaf yolunun miqyasını göstərən mühüm göstəricilərdən biridir.
UNEC 2027-ci il reytinqində 2297 universitet arasında 701-800-cü qrupda yer alıb. Daha mühüm məqam isə odur ki, bu nəticə universitetin əvvəlki göstəricisi ilə müqayisədə ciddi yüksəlişdir. UNEC həmçinin Azərbaycan və Cənubi Qafqaz üzrə ən yüksək nəticə göstərən universitet mövqeyini qoruyub.
UNEC-in nəticəsini yalnız “701-800” rəqəmi ilə ifadə etmək bu uğurun miqyasını tam göstərmir. Əsl mənzərə reytinqin ayrı-ayrı göstəricilərinə, bir il ərzində baş verən dəyişikliklərə və UNEC-in dünyanın tanınmış universitetləri ilə müqayisəsinə baxdıqda ortaya çıxır.
THE World University Rankings 2027-də 118 ölkədən 2297 ali təhsil müəssisəsinin göstəriciləri qiymətləndirilib. Qürurverici hallardan biri odur ki, əvvəlki illə müqayisədə həm universitetlərin, həm də ölkələrin sayının artmasına baxmayaraq, UNEC öz mövqeyini daha da yaxşılaşdıraraq 701-800-cü qrupda qərarlaşıb.
UNEC-in reytinqdə ümumi balı 40,2-42,3 intervalındadır. Universitetin bu nəticəyə çatmasında iki istiqamət xüsusilə fərqlənir: tədqiqatın keyfiyyəti və beynəlmiləlləşmə.
Bu iki göstəricidəki nəticə UNEC-in, sadəcə, reytinqdə yüksəlmədiyini, həm də yüksəlişin konkret akademik və institusional göstəricilərə əsaslandığını göstərir.
Tədqiqatın keyfiyyəti üzrə UNEC 323-cü, beynəlmiləlləşmə üzrə isə 376-cı mövqedə qərarlaşıb. Yəni universitetin ümumi 701-800-cü qrupdakı mövqeyinin arxasında dünya miqyasında ilk 400-lükdə yer alan iki mühüm göstərici dayanır.
Bu, UNEC-in inkişaf modelinin mahiyyətini də göstərir: universitetin qlobal rəqabətdə irəliləyişinin əsas dayaqları elmi tədqiqatların keyfiyyətinin yüksəlməsi və beynəlxalq akademik inteqrasiyanın genişlənməsidir.
UNEC dünyanın bəzi aparıcı universitetlərindən yüksəkdədir
UNEC-in nəticəsinin miqyasını göstərən ən diqqətçəkən məqamlardan biri reytinqdə onunla müqayisə olunan universitetlərdir.
THE WUR 2027 cədvəlinə əsasən, UNEC-in yerləşdiyi 701-800-cü qrupdan sonra gələn 801-1000-ci qrupda dünyanın müxtəlif ölkələrindən tanınmış universitetlər yer alır. Bu siyahıda Qlazqo Kaledoniya Universiteti, Hacəttəpə Universiteti, Patras Universiteti, Varşava Universiteti, Vestminster Universiteti, Yıldız Texniki Universiteti, Sevilya Universiteti, Texas Universiteti (Arlinqton) və s. kimi ali təhsil müəssisələrini görə bilirik. UNEC həmin universitetlərdən daha yüksək reytinq qrupunda qərarlaşıb. Bu müqayisə UNEC-in nəticəsinin beynəlxalq miqyasını göstərən ən mühüm faktlardan biridir.
Əsas sıçrayış: UNEC tədqiqat universitetinə çevrilmə xəttini gücləndirir
UNEC-in THE WUR 2027 nəticəsinin ən güclü tərəfi tədqiqatın keyfiyyəti (Research Quality) göstəricisidir. Bir il əvvəl bu istiqamətdə 481-ci mövqedə olan UNEC 2027-ci ildə 323-cü yerə yüksəlib. Beləliklə, universitet cəmi bir il ərzində 158 pillə irəliləyib. Eyni zamanda göstəricinin balı 74,5-dən 80,4-ə yüksəlib. Bu nəticə UNEC-in qlobal akademik rəqabətdə ən mühüm üstünlüklərindən birinin məhz tədqiqat olduğunu göstərir.
Artım yalnız yekun göstəricidə baş verməyib. Tədqiqat keyfiyyətini formalaşdıran komponentlərdə də əhəmiyyətli dinamika qeydə alınıb. Elmi tədqiqatın mükəmməlliyi göstəricisi 7,79-dan 13,24-ə yüksəlib. Sitat təsiri 1,96-dan 2,9-a, tədqiqat gücü 1,83-dən 2,12-yə, tədqiqat təsiri isə 23,77-dən 28,38-ə çatıb.
Xüsusilə elmi tədqiqatın mükəmməlliyi üzrə artım diqqətçəkəndir. Çünki bu göstərici elmi fəaliyyətin yalnız kəmiyyətini deyil, yüksəkkeyfiyyətli tədqiqat nəticələrinin mövcudluğunu da xarakterizə edir.
Başqa sözlə, UNEC-in qlobal reytinqdəki yüksəlişi yalnız universitetin daha çox elmi iş aparması ilə izah olunmur. Elmi nəticələrin keyfiyyəti, təsiri və beynəlxalq akademik dövriyyəyə daxil olması da güclənir.
UNEC-in tədqiqat keyfiyyəti dünya medianından 27,1 bal yüksəkdir
UNEC-in tədqiqat sahəsindəki nəticəsini daha aydın görmək üçün onu dünya universitetlərinin median göstəricisi ilə müqayisə etmək kifayətdir.
Reytinqdə UNEC-in Tədqiqatın keyfiyyəti üzrə göstəricisi 80,4 bal təşkil edib. Bu, dünya universitetlərinin 53,3 ballıq median göstəricisindən 27,1 bal yüksəkdir.
UNEC-in tədqiqat keyfiyyəti üzrə nəticəsinin dünya medianından bu qədər yüksək olması universitetin elmi fəaliyyətinin artıq yalnız milli akademik çərçivədə deyil, beynəlxalq müqayisə müstəvisində də güclü nəticə göstərdiyini deməyə əsas verir.
UNEC beynəlmiləlləşmədə dünya medianını ciddi şəkildə üstələyib
UNEC-in THE World University Rankings 2027 nəticələrində ən böyük irəliləyiş Beynəlxalq baxış (International Outlook) göstəricisində qeydə alınıb. Universitet bu göstərici üzrə bir il ərzində 652-ci yerdən 376-cı yerə yüksəlib, göstərici üzrə balı isə 59,0-dan 74,7-yə çatıb. UNEC-in bu nəticəsi dünya universitetləri üzrə 44,9 ballıq median göstəricidən 29,8 bal yüksəkdir.
Beynəlmiləlləşmənin ayrı-ayrı komponentləri, yəni beynəlxalq həmmüəlliflik göstəricisi 59,5 faizdən 68,3 faizə, beynəlxalq akademik heyətin payı 14,7 faizdən 25 faizə, beynəlxalq tələbələrin payı isə 7 faizdən 11,9 faizə yüksəlib.
Başqa sözlə, universitetin beynəlmiləlləşməsi UNEC alimlərinin xarici həmkarlarla birgə elmi fəaliyyətinin genişləndiyini, beynəlxalq əməkdaşların payının yüksəlməsini, xarici tələbələrin sayının artmasını, bununla da UNEC-in ölkə xaricində də daha cəlbedici akademik mərkəzə çevrildiyini nümayiş etdirir.
Beş əsas göstəricidə ardıcıl irəliləyiş
UNEC-in THE World University Rankings 2027 nəticəsi göstərir ki, universitetin inkişafı yalnız iki istiqamətlə məhdudlaşmayıb. THE reytinqinin 5 əsas göstəricisinin hər birində UNEC əvvəlki nəticəsindən daha yüksək mövqeyə yüksəlib. Bu da universitetdəki inkişafın ayrı-ayrı sahələr üzrə deyil, daha geniş və sistemli xarakter daşıdığını göstərir.
Tədqiqatın keyfiyyəti və Beynəlxalq baxış göstəriciləri ilə yanaşı, digər əsas istiqamətlərdə də müsbət dinamika müşahidə olunub. Tədris göstəricisində UNEC 1302-ci yerdən 1182-ci yerə, Tədqiqat mühiti göstəricisində 2001-ci yerdən 1879-cu yerə, Sənaye göstəricisində isə 1904-cü yerdən 1893-cü yerə yüksəlib.
Bu nəticələrin hər biri ayrıca əhəmiyyət daşısa da, onların birlikdə yaratdığı mənzərə daha önəmlidir. Çünki reytinqdəki tədrisdən tədqiqat mühitinə, elmi fəaliyyətin keyfiyyətindən beynəlxalq əlaqələrə qədər müxtəlif istiqamətlərdə qeydə alınan irəliləyiş UNEC-dəki inkişafın kompleks xarakter daşıdığını göstərir.
UNEC-in növbəti mərhələsi: elmdən təsirə
Reytinq nəticələri universitetin yalnız güclü tərəflərini deyil, növbəti inkişaf imkanlarını da göstərir.
UNEC-in Research Quality göstəricisi 80,4 olduğu halda Research Environment göstəricisi 12,3-dür. Industry göstəricisi isə 20,4 baldır. 701-800-cü qrupun median göstəriciləri ilə müqayisədə bu sahələrdə əlavə inkişaf potensialı mövcuddur.
Bu, əslində, universitet üçün növbəti mərhələnin məntiqini müəyyən edir.
Əgər əvvəlki mərhələdə əsas məqsədlərdən biri keyfiyyətli elmi tədqiqatların yaradılması idisə, növbəti mərhələdə bu tədqiqatların universitet daxilində daha güclü elmi mühit yaratması və real iqtisadiyyatla əlaqəsinin genişlənməsi ön plana çıxır.
Xüsusilə UNEC kimi iqtisadiyyat və biznesyönümlü universitet üçün elmi tədqiqatların sənaye, biznes, maliyyə sektoru və dövlət idarəçiliyi ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan Sənaye (Industry) göstəricisinin qarşıdakı illərdə yüksəldilməsi UNEC-in qlobal reytinqdə daha yüksək qruplara keçidi üçün potensial istiqamətlərdən biridir.
UNEC türk dünyasının TOP 10 universiteti arasında
UNEC-in THE WUR 2027-dəki nəticəsinin daha bir mühüm göstəricisi onun Türk Dövlətləri Təşkilatına üzv ölkələrin universitetləri arasında TOP 10-da yer almasıdır.
THE WUR 2027-də UNEC Türkiyənin Koç, Orta Doğu Texniki, Sabancı, Boğaziçi, Bilkent, İstanbul Texniki universitetləri, Qazaxıstanın Nazarbayev Universiteti, Özbəkistanın Daşkənd Suvarma və Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu və Daşkənd Dövlət İqtisad Universiteti ilə UNEC TOP-luqdadır.
Bu nəticənin başqa bir mühüm tərəfi də siyahının coğrafi və akademik mənzərəsidir. İlk onluqda Türkiyə, Qazaxıstan, Özbəkistan və Azərbaycan universitetləri təmsil olunur. UNEC isə bu siyahıda Azərbaycanı təmsil edən yeganə universitet kimi TOP 10-a daxil olub.
Daha əhəmiyyətlisi, UNEC-in qlobal mövqeyi onun türk dünyasının akademik məkanında da rəqabət qabiliyyətinin artdığını göstərir.
İqtisadiyyatyönümlü universitetlər arasında beynəlxalq rəqabət
UNEC-in nəticəsini daha düzgün qiymətləndirmək üçün onu öz profilinə yaxın universitetlərlə müqayisə etmək də əhəmiyyətlidir.
THE WUR 2027 üzrə aparılan təhlildə UNEC-in Mərkəzi və Şərqi Avropa, Türkiyə və Rusiyada reytinqdə yer alan ixtisaslaşmış iqtisadiyyat universitetlərinin əksəriyyətindən daha yüksək qrupda qərarlaşdığı göstərilir.
Bu siyahıda UNEC Mərkəzi və Şərqi Avropa, Türkiyə və Rusiyanın ixtisaslaşmış iqtisadiyyatyönümlü universitetlərinin əksəriyyətini qabaqlayır. Onların sırasında Buxarest İqtisadi Araşdırmalar Universiteti (Rumıniya), Afina İqtisadiyyat və Biznes Universiteti (Yunanıstan), Varşava İqtisadiyyat Məktəbi (Polşa), TOBB İqtisadiyyat və Texnologiya Universiteti (Türkiyə), İzmir İqtisadiyyat Universiteti (Türkiyə), Praqa İqtisadiyyat və Biznes Universiteti (Çexiya), Plexanov adına Rusiya İqtisad Universiteti (Rusiya) və Vrotslav İqtisadiyyat və Biznes Universiteti (Polşa) kimi ixtisaslaşmış ali məktəblər yer alır.
UNEC üçün bu müqayisənin xüsusi əhəmiyyəti var. Çünki universitet öz profilinə yaxın ali məktəblər arasında da beynəlxalq rəqabət qabiliyyətini nümayiş etdirir. Bu, UNEC-in yalnız ümumi universitet reytinqində deyil, iqtisadiyyat və biznes təhsili üzrə ixtisaslaşmış beynəlxalq akademik mühitdə də mövqeyini möhkəmləndirdiyini göstərir.
Reytinqdəki yüksəlişin fəlsəfəsi: daha çox rəqəm yox, daha çox keyfiyyət
UNEC-in Rankings 2027 nəticəsinə yalnız reytinq cədvəlindəki rəqəm kimi baxmaq düzgün olmaz. Əslində, bu nəticə universitetin son illərdəki inkişaf fəlsəfəsinin müəyyən mənada ölçülə bilən ifadəsidir.
Bir tərəfdən tədqiqatın keyfiyyəti artır. Digər tərəfdən beynəlxalq həmmüəlliflik genişlənir. Xarici akademik heyətin payı yüksəlir. Beynəlxalq tələbələrin sayı artır. Tədqiqat məhsuldarlığı yaxşılaşır. Tədris göstəricisi yüksəlir. Tədqiqat mühiti üzrə irəliləyiş əldə edilir. Bütün bunlar birlikdə universitetin qlobal mövqeyinə təsir göstərir.
Məhz buna görə UNEC-in 2027-ci il nəticəsini bir “reytinq uğuru”ndan daha geniş – universitetin akademik transformasiyasının göstəricisi kimi qiymətləndirmək lazımdır.
Dünyasəviyyəli universitet olmaq – qarşıya qoyulan məqsəddən strateji hədəfə
Azərbaycan Dövlət İqtisad Universitetinin qarşısında duran əsas məqsəd yalnız beynəlxalq reytinqlərdə yüksək mövqe tutmaq deyil, əsas məsələ UNEC-in dünyasəviyyəli universitetə çevrilməsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni rektor təyin edərkən qarşıma bir vəzifə qoymuşdur: “Azərbaycan Dövlət İqtisad Universiteti dünyasəviyyəli universitet olmalıdır!” Bu, bizim fəaliyyətimizin əsas istiqamətini müəyyən edən strateji tapşırıqdır. Biz bu tapşırığın icrası üçün universitetin inkişafının uzunmüddətli baxışını müəyyənləşdirdik. “UNEC 100 İnkişaf Strategiyası” məhz bu baxışın sistemli ifadəsidir. Strategiyanın qarşıya qoyduğu əsas məqsədlərdən biri UNEC-in 100 illik yubileyini qeyd edəcəyi 2030-cu ildə dünyanın TOP 500 universiteti sırasında yer almasıdır.
Bu gün THE World University Rankings 2027-də 701-800-cü qrupda qərarlaşmağımız məhz həmin böyük hədəfə aparan yolun növbəti mərhələsidir. Bizim üçün hər bir reytinq nəticəsi son deyil, növbəti məqsədə çatmaq üçün özümüzə verdiyimiz hesabatdır.
Biz artıq dünyanın aparıcı universitetləri ilə eyni reytinq məkanında rəqabət aparırıq. UNEC-in Türk Dövlətləri Təşkilatına üzv ölkələrin universitetləri arasında TOP 10-da yer alması da bu yolun mühüm göstəricilərindəndir. Lakin əldə etdiyimiz nəticələr bizi arxayınlaşdırmamalıdır. Əksinə, hər yeni uğur qarşımızda daha böyük məsuliyyət yaradır.
2030-cu ildə UNEC-in 100 illiyini dünyanın TOP 500 universitetindən biri kimi qeyd etmək bizim əsas hədəfimizdir. Bu hədəfə yalnız reytinq üçün deyil, dünya səviyyəli universitet anlayışının UNEC-də real məzmuna çevrilməsi üçün gedirik. Biz istəyirik ki, UNEC məzunu dünyanın istənilən universitetində, şirkətində və təşkilatında rəqabət apara bilsin, UNEC aliminin araşdırması beynəlxalq elmi mühitdə tanınsın, universitetimiz dünyanın müxtəlif ölkələrindən tələbə və alimlərin üz tutduğu, yeni ideyaların yarandığı və ölkəmizin inkişafına töhfə verən akademik mərkəzə çevrilsin.
UNEC-in 100 illiyinə gedən yol, əslində, UNEC-in gələcəyini bu gündən qurmaq yoludur. Bizim hədəfimiz aydındır. Qarşımızda beş il var və bu beş ili UNEC-in tarixinin ən mühüm inkişaf mərhələlərindən birinə çevirmək əzmindəyik.
Reytinqin metodologiyası
THE WUR universitetləri beş əsas istiqamət üzrə qiymətləndirir: Tədqiqatın keyfiyyəti – 30 faiz, tədris – 29,5 faiz, tədqiqat mühiti – 29 faiz, beynəlmiləlləşmə – 7,5 faiz, sənaye ilə əməkdaşlıq – 4 faiz. Bu bölgü göstərir ki, reytinq nəticəsinin formalaşmasında tədqiqat və tədris göstəriciləri xüsusi çəkiyə malikdir.

Ədalət MURADOV,
UNEC-in rektoru, professor
Mənbə: “Azərbaycan” qəzeti




