UNEC əməkdaşları Beynəlxalq Təhsil Mərkəzinin nümayəndələri ilə görüşüblər

23 Dekabr, 2025 - 13:38
UNEC əməkdaşları Beynəlxalq Təhsil Mərkəzinin nümayəndələri ilə görüşüblər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Rauf Məmmədov, şöbənin mütəxəssisləri Xanım Ağadadaşova və Röya Allahverdiyeva Beynəlxalq Təhsil Mərkəzinin nümayəndələri ilə görüş keçiriblər.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşün əsas məqsədi ali təhsil sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının müzakirəsi, xarici tələbələrin UNEC-ə cəlb olunması istiqamətində birgə fəaliyyət mexanizmlərinin müəyyənləşdirilməsi, həmçinin qarşılıqlı maraq doğuran təşəbbüslər üzrə fikir mübadiləsinin aparılması olub.

Tədbir çərçivəsində UNEC-in təhsil proqramları, beynəlxalq əməkdaşlıq əlaqələri, tərəfdaş universitetlər şəbəkəsi, eləcə də xarici tələbələr üçün yaradılmış akademik və sosial imkanlar barədə ətraflı məlumat təqdim edilib. Beynəlxalq Təhsil Mərkəzinin nümayəndələri isə mərkəzin fəaliyyəti, beynəlxalq təhsil bazarındakı rolu və xarici tələbələrin istiqamətləndirilməsi sahəsində həyata keçirilən layihələr haqqında məlumat veriblər.

Görüş zamanı tələbə mübadiləsi proqramları, birgə məlumatlandırma tədbirlərinin təşkili, beynəlxalq sərgi və təhsil yarmarkalarında əməkdaşlıq, eləcə də uzunmüddətli tərəfdaşlıq perspektivləri ətrafında müzakirələr aparılıb. Xüsusilə beynəlxalq təhsil platformalarında UNEC-in tanıdılması və universitetin qlobal görünürlüğünün artırılması məsələləri diqqət mərkəzində olub.