UNEC və Qırğız Milli Universiteti ikili diplom proqramı həyata keçirəcək

19 Fevral, 2026 - 15:57
UNEC və Qırğız Milli Universiteti ikili diplom proqramı həyata keçirəcək

Qırğızıstanın Yusif Balasaqunlu adına Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyevin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də səfərdə olub.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradovla keçirilən görüşdə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub. Qeyd edilib ki, ötən ilin sonunda UNEC nümayəndə heyəti Qırğızıstanda səfərdə olaraq Qırğız Milli Universitetində danışıqlar aparıb. Həmin səfər zamanı əldə olunan razılaşmaların davamı olaraq Bakıda keçirilən görüşdə konkret əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Professor Ədalət Muradov UNEC-in təhsil imkanları, rəqəmsal idarəetmə sistemi, beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları, eləcə də universitetin beynəlxalq reytinqlərdəki mövqeyi barədə məlumat verib. Dogdurbek Çontoyev isə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında danışaraq, təhsil, elm və tədqiqat sahələrində birgə fəaliyyət perspektivlərinə toxunub.

Müzakirələrin nəticəsi olaraq UNEC və Qırğız Milli Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda tələbə və müəllim mübadiləsi, birgə konfransların təşkili, elmi-tədqiqat layihələrinin hazırlanması və beynəlxalq sertifikat proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.

Görüşdə həmçinin hər iki universitet arasında magistratura pilləsi üzrə "Maliyyə" və "Menecment" ixtisaslarını əhatə edən ikili diplom proqramına dair müqavilə imzalanıb. Razılaşmaya əsasən, tələbələr təhsillərinin bir ilini tərəfdaş universitetdə davam etdirəcək və proqramı uğurla başa vurduqdan sonra hər iki ali təhsil müəssisəsinin diplomunu əldə edəcəklər.

İmzalanma mərasimindən sonra qonaqlar üçün UNEC-də infotur təşkil olunub. Nümayəndə heyəti universitetin müxtəlif struktur bölmələri ilə tanış olub.

Sonra Qırğız Milli Universitetinin rektoru Dogdurbek Çontoyev UNEC tələbələri ilə görüşərək dayanıqlı inkişaf mövzusunda mühazirə ilə çıxış edib.