Universitetlər proqramlarını MİQ-in çərçivə sənədinə uyğun dəyişdirməlidir – AGMA

5 Fevral, 2026 - 11:37
Universitetlər proqramlarını MİQ-in çərçivə sənədinə uyğun dəyişdirməlidir

“Tələbələr yalnız dördüncü kursda pedaqoji təcrübəyə gedirlər və bu da cəmi bir-iki ayı əhatə edir. Bu müddət pedaqoji təcrübənin qazanılması üçün çox azdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Azərbaycan Gənc Müəllimləri Assosiasiyasının (AGMA) sədri Pərvinə Qədimova Təhsil TV-nin efirində yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.

Sədr qeyd edib ki, tələbələrin bir hissəsi dördüncü kursu bitirdikdən sonra MİQ-ə hazırlaşmaq üçün hazırlıq kurslarına gedirlər: “Dörd il təhsil alırsınız, səkkiz semestr oxuyursunuz, sonda pedaqoji təcrübəyə gedirsiniz, diplom müdafiə edirsiniz və yenə də işə qəbul olunmaq üçün lazım olan bütün bacarıq və biliklər sizə ötürüldüyü halda hazırlığa gedirsiniz. O zaman sual olunur: universitetin verdiyi bilik MİQ-dən keçmək üçün kifayət edirmi? Bu məzunların çoxu universitet tərəfindən verilən biliklərin tam yetərli olmaması səbəbindən hazırlığa gedir”.

P.Qədimova buna səbəb kimi MİQ-in çərçivə sənədi ilə universitetlərin tədris proqramlarının uyğunlaşmamasını görür: “Hər il müəllimlərin işə qəbulu müsabiqəsi üçün qiymətləndirmə çərçivəsi yenilənir və ya bəzən yenilənməsə də, təkmilləşdirilmiş formada ictimaiyyətə açıqlanır. Həmin qiymətləndirmə çərçivəsində olan mövzulara əsasən ATM-lərdə tədris proqramları daimi şəkildə dəyişdirilməlidir.

Hər dəfə qiymətləndirmə və digər materiallarla bağlı müxtəlif sənədlər təqdim olunur. Həmin sənədlərə uyğun olaraq proqramlara əlavələr edilməlidir. Yəni bu həm proqramlardan, həm də dərs deyən müəllimlərdən müəyyən qədər mobillik tələb edir ki, bu dəyişiklikləri dərslərində tətbiq edə bilsinlər”.