Universitetlərdə yeni fənn proqramları tədris olunacaq

10 Sentyabr, 2026 - 15:49
Universitetlərdə yeni fənn proqramları tədris olunacaq

Universitetlərdə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı üzrə yeni fənn proqramları tədris olunacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu, yeni təsdiqlənən "Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulub.

Proqrama görə, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində elm, təhsil və kadr potensialının gücləndirilməsi istiqamətində ali təhsil müəssisələrində yeni fənn proqramlarının tətbiqi nəzərdə tutulur.

Bu istiqamətdə əmək bazarındakı dəyişikliklərə, texnoloji yeniliklərə və cəmiyyətin ehtiyaclarına uyğun olaraq ali təhsil müəssisələrinin tədris planlarında mütəmadi şəkildə təkmilləşdirmələr və yenilənmələr aparılması, o cümlədən ali təhsil müəssisələri ilə daha sıx əlaqələr qurulması yolu ilə ixtisaslı kadr potensialının artırılması üzrə işlərin davamlı şəkildə görülməsi zəruri hesab olunur.

Eyni zamanda, özəl sektorda qida, baytarlıq və bitkiçilik obyektlərində çalışan kadrlar üçün nəzəri və praktiki bilikləri əhatə edən kursların keçirilməsi və fənn proqramlarına “Sağlam qidalanma” ilə bağlı mövzuların daxil edilməsi məqsədəuyğun hesab edilir.

Bundan əlavə, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların texniki komitələri ilə birlikdə iş və elmi araşdırmalar aparılmasının təkmilləşdirilməsi, qida təhlükəsizliyi sahəsində elmi məlumat bazasının genişləndirilməsi vacib istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

Görüləcək tədbirlər çərçivəsində ali təhsil müəssisələrində qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı üzrə müasir tələblərə uyğun kadr hazırlığının təkmilləşdirilməsi nəzərdə tutulur.