Universitetlərimizin uğur formulu – Məqsədyönlü fəaliyyətin bəhrəsi
Məlum olduğu kimi, Böyük Britaniyanın “QS Quacquarelli Symonds” şirkəti ixtisas sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin növbəti buraxılışını (QS World University Rankings by Subject) dərc edib. QS-in bu tədqiqatında Azərbaycan ali təhsil müəssisələri son illərdə ölkəmizin ali təhsil sisteminin rəqabətqabiliyyətliliyinin gücləndrilməsi yönündə mühüm dinamika göstəriblər.
Öncə reytinqin nəticələrinə diqqət yetirək: İlk dəfə olaraq Azərbaycanın 7 universiteti reytinqdə 22 müxtəlif sahə üzrə üzrə təmsil olunub. Sıralamada yer alan Azərbaycan universitetlərinin sayı təxminən 2 dəfə, fənn sahələrinin sayı isə 4 dəfə artıb. Bakı Dövlət Universiteti ciddi uğura imza ataraq sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub. Reytinqdə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar. Müvafiq reytinqdə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsi kimi Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir.
Universitetlərimizin uğur formulu
Qeyd edək ki, QS tədqiqatının nəticələri Azərbaycan ali təhsil müəssisələrinin son illərdə beynəlxalq reytinqlərdə yer almaq üçün nümayiş etdirdiyi davamlı və məqsədyönlü fəaliyyətin nəticəsidir. Bu fəaliyyət universitetlərimizin beynəlxalq reytinqlərdəki mövqelərinin yaxşılaşması istiqamətində ciddi irəliləyişləri ortaya qoyub. Nəticələr onu göstərir ki, həm universitetlər, həm də aidiyyəti dövlət qurumları tərəfindən ali təhsil müəssisələrimizin beynəlxalq təmsilçiliyinin təmin olunması, görünürlüyün artırılması baxımından sistemli yanaşma formalaşdırılıb. Ölkə rəhbərliyinin ali təhsil müəssisələrimizin qarşısında qoyduğu mühüm hədəflərə cavab olaraq universitetlərimiz beynəlxalq ali təhsil mühitində tanınma siyasətlərini yenidən gözdən keçirməkdədir və bu səylər artıq öz bəhrələrini verməkdədir.
Məlum olduğu kimi, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na əsasən, ölkənin ən azı üç ali təhsil müəssisəsinin dünyada TOP-800-lükdə təmsil olunması strateji hədəf kimi müəyyən edilib. Son illərdə ali təhsil müəssisələrimizin beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsi isə universitetlərimizin bu hədəfə yaxınlaşmasının göstəricisi kimi qiymətləndirilə bilər. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi ali təhsil müəssisələrimizin davamlı səyləri bu imkanların real olduğunu deməyə əsas verir. Adıçəkilən universitetlərimizin QS-in sonuncu və daha əvvəlki reytinq sıralamalarında üstün mövqe nümayiş etdirməsi də bu qənaətlərimizi gücləndirir və nikbinlik var ki, universitetlərimiz addım-addım öz hədəflərinə çatmaq üzrədir.
Qeyd olunmalıdır ki, 2020-ci ildən etibarən Azərbaycanın ali təhsil müəssisələrinin QS beynəlxalq reytinqlərində irəliləməsi artıq bir faktdır və bu dinamika ölkənin 3 aparıcı universitetlərinin nümunəsində açıq şəkildə görünür. Digər tərəfdən məqsəd bütün universitetlərimizin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına nail olmaqdır ki, bu sahədə də ali təhsil müəssisələrimizdə uğurlu model kimi artıq beynəlxalq reytinq komandaları ilə əməkdaşlıq edən, qlobal reytinq tədqiqatlarının meyar və metodikaları ilə işləyən ixtisaslaşmış milli elmi heyətlərin fəaliyyətini qeyd etmək lazımdır. Məhz beynəlxalq reytinqlərdə yer almaq və möhkəmlənmək səyləri universitetlərimizin qlobal hədəflərə çatmasına imkan yaradan amillərdəndir. İstər THE, istər QS, istərsə də digər reytinqlərdə ayrı-ayrı universitetlərimizin təmsilçiliyi ölkəmiz, ali təhsil sistemimiz üçün böyük uğur, nailiyyətdir.
Şübhəsiz ki, bu uğurların əsasında həmçinin universitetlərdə qabaqcıl tədqiqat istiqamətlərinin dəstəklənməsi, tətbiqyönümlü layihələrin təşviqi, beynəlxalq elmi qurumlarla əməkdaşlığın qurulması, nüfuzlu akademik institutlarla, işəgötürənlərlə, sənaye liderləri və texnoloji şirkətlərlə tərəfdaşlıq əlaqələrinin yaradılması, bu əməkdaşlıqlar vasitəsilə həm elmi nəticələrin praktiki tətbiqini, həm də innovasiya yönümlü tədris mühitinin formalaşması durur.
Yüksək göstəricilər həm də universitet alimlərinin elmi nəticələri ilə bağlıdır. 2025-ci ildə “Elsevier” və “Clarivate Analytics” şirkətləri ilə yenidən imzalanmış müqavilələr əsasında 150-dən çox elm və ali təhsil müəssisəsinə “Scopus” və “Web of Science” elmmetrik bazalarına, eləcə də “ProQuest Central” və “Cambridge University Press” kimi elmi informasiya resurslarına çıxış imkanı yaradılıb, həmin resurslardan sərbəst istifadə təmin edilib. “Elsevier” şirkətinə məxsus “Scopus” elmmetrik bazasında indekslənmiş jurnallarda Azərbaycan alimləri tərəfindən dərc olunmuş nəşrlərin sayı 2025-ci ildə əhəmiyyətli artım göstərib. 2025-ci ildə Q1 indeksli elmi jurnallarda 2970-dən çox, Q2 indeksli elmi jurnallarda isə 1 250-dən çox elmi nəşr dərc olunub. Q1 indeksli jurnallarda dərc olunan məqalələrin sayı Q2 indeksli jurnallarla müqayisədə təxminən 2,4 dəfə çox olub. Bütün bu addımlar universitet alimlərimizin beynəlxalq bazalarda istinad göstəricilərinin yaxşılaşmasına yol açıb ki, bu da ali təhsil müəsssisələrimizin reytinqlərdə mövqeyini gücləndirən amillərdəndir.
Ümumiyyətlə götürdükdə isə yüksələn dinamika Azərbaycan universitetlərinin uğurlarının sistemli fəaliyyətin nəticəsi olduğunu deməyə əsas verir.
Ən yaxın illər üzrə dinamikaya göz gəzdirək:
- “Times Higher Education”nun (THE) 2026-cı il üçün sahələr üzrə fənn reytinqində 11 fənn sahəsi üzrə Azərbaycan universitetlərinin sayı ilk dəfə 4-ə yüksəlib. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Texniki Universiteti müvafiq sahələr üzrə reytinqdə yer alıblar. Əlavə olaraq, Azərbaycan universitetlərinin təmsil olunduğu fənn sahələrinin sayı da ilk dəfə 4-ə yüksəlib.
- THE-nin 2025-ci il “İnterdisiplinar Elm Reytinqi 2026” (“Interdisciplinary Science Rankings 2026”) sıralamasında dünyanın 911 ən yaxşı ali məktəbi arasında Azərbaycanın 13 universiteti, onlardan 4-ü (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti) top-1000-lükdə yer alıb.
- 2025-ci təqvim ilində “QS dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə ilk dəfə Azərbaycanın 6 ali təhsil müəssisəsi TOP 1000-də yer alıb, onlardan biri isə TOP 800-lükdə təmsil olunub. Ümumilikdə bu qlobal reytinqdə yer alan ali təhsil müəssisələrimizin sayı 9-a yüksəlib.
- QS-in 2025-ci il sahələr üzrə reytinqində (QS Subject Ranking) Azərbaycan ali təhsil müəssisələri 5 fənn sahəsi üzrə təmsil olunub.
- QS Dayanıqlılıq (QS Sustainability Ranking) reytinqinə daxil olan Azərbaycan ali təhsil müəssisələrinin sayı artaraq 8-ə çatıb.
-“THE dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan ali təhsil müəssisələrimizin sayı 4-ə yüksəlib, onlardan biri TOP 1000-likdə təmsil olunub. Ötən illə müqayisədə bu göstərici 2 dəfə artıb.
-“THE Impact reytinqi”ndə (THE Impact Rankings) 28 ali təhsil müəssisəmiz təmsil olunub və Azərbaycan universitetlərinin sayı əvvəlki ilə nisbətən 1,5 dəfədən çox artıb.
- “THE fənlərarası elm reytinqi”ndə (THE Interdisciplinary Science Ranking) ali təhsil müəssisələrimizin sayı artaraq 4-ə çatıb. Onlardan 2-si TOP 500-də qərarlaşıb.
- “QS-in 2026-cı il üzrə “ Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı 2025-ci illə müqayisədə 9-dan 15-ə yüksəlib.
Son illərdə Azərbaycanın ali təhsilində beynəlmiləlləşmə meyillərinin artması da universitetlərimizin reytinqlərdə mövqeyinin güclənməsiə yol açıb. Əcnəbi tələbə faktorunun universitetlərimizin beynəlxalq reytinq göstəricilərinin yaxşılaşmasına mühüm təsiri də danılmazdır.
Reytinqlər universitetlərimizə nə verir?
Beynəlxalq reytinqlərdə uğur Azərbaycan universitetlərini həm daha rəqabətli, həm də daha beynəlxalq səviyyəli edir, bu isə həm tələbələr, həm də ölkənin ali təhsil sistemi üçün böyük üstünlükdür. Məlumdur ki, qlobal reytinqlər ali təhsil müəssisələrinin bir neçə istiqamət (tədrisin keyfiyyəti, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq və s.) üzrə fəaliyyətinə əsaslanaraq onların sıralamasını müəyyən edən sistemdir. Reytinqlər ali təhsil müəssisəsinin beynəlxalq məkanda nüfuzunun artırılmasına, o cümlədən tələbə, müəllim və tədqiqatçılar üçün ali təhsil müəssisələri arasında seçim etməyə dəstək göstərir.
Beynəlxalq reytinqlər, milli təhsilin yerli və xarici akademik dairələrin nümayəndələri və işəgötürənlər arasında nüfuzunun ölçülməsini təmin edir, ali təhsil müəssisəsinin tədris mühitinin keyfiyyətini, elmi-tədqiqat fəaliyyətini və beynəlmiləlləşmə səviyyəsini, ali hsil müəssisəsinin məzunlarının məşğulluq göstəricilərini əks etdirir. Digər tərəfdən davamlı inkişaf sahəsində ali təhsil müəssisələrinin fəaliyyətini qiymətləndirir və bu istiqamətdə universitetlərin sistemli iştirakını təşviq edir. Müasir tədqiqatların aparılması üçün müvafiq şəraitin yaradılması, beynəlmiləşmə strategiyasının olması, həmçinin əcnəbi tələbə və müəllimlərin cəlbinin artırılması universitetlərin reytinq cədvəllərində irəliləməsinə təsir göstərir. Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə təmsil olunması onların qlobal rəqabətə davamlılığını artırır və beynəlxalq nüfuz göstəricilərinin yaxşılaşdırılmasına xidmət edir.
Heç şübhəsiz ki, reytinqin nəticələri Azərbaycan ali təhsil sisteminin beynəlxalq ali təhsil məkanında tanınmasının artdığını, regionda mühüm rol oynadığını, ölkə universitetlərinin nüfuzunun daha da möhkəmləndiyini, həm yerli, həm əcnəbi tələbələr üçün cəlbediciliyinin artdığını deməyə əsas verir.



