Uşağın nitqində gecikmə: Nə vaxt loqopedə müraciət etməliyik?

28 İyul, 2026 - 09:31
Uşağın nitqində gecikmə:

Uşağın danışmağa başlaması, onun ilk söz deməsi valideynlər üçün ən həyəcanlı anlardan biri hesab olunur. Lakin bəzi hallarda nitqin formalaşması gözlənilən tempdə getmir, söz ehtiyatının məhdudluğu, səslərin düzgün tələffüz edilməməsi və ya ünsiyyət qurmaqda çətinliklər valideynləri narahat etməyə başlayır.

Bəs erkən yaşlarda rast gəlinən nitq problemlərinin əsas səbəbləri nələrdir? Valideynlər hansı hallarda loqopedə müraciət etməlidirlər və erkən müdaxilə uşağın inkişafına necə təsir göstərir?

Nitq problemlərinin korreksiyası necə aparılır?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan loqoped Turanə Əliyeva bildirib ki, nitqində kənaraçıxmaları olan uşaqların korreksiyası loqopedik qiymətləndirmə ilə başlayır: “Müayinə zamanı problemin növü və səbəbi müəyyən edilir. Daha sonra uşağın ehtiyacına uyğun fərdi korreksiya proqramı hazırlanır. Korreksiya prosesində nəfəs, səs məşqləri, fonematik eşitmənin inkişafı, səslərin düzgün tələffüzünün formalaşdırılması və onların gündəlik həyatda uşağın nitqində möhkəmləndirilməsi üzərində işlər aparılır. İlkin ümumi inkişaf geriliyi olan uşaqlarda isə lüğət ehtiyatının artırılması, qrammatik quruluş və rabitəli nitqin inkişafına xüsusi diqqət yetirilir. Korreksiyanın müddəti isə nitq pozuntusunun növündən və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Təbii ki, erkən diaqnostika müntəzəm olaraq loqopedik məşğələlərin aparılması və valideynin də evdə dəstəyi uğurlu nəticənin əsas şərtləridir. Yəni tək loqopedik seanslarla məhdudlaşdırılmamalıdır, valideynlər də öz məsuliyyətlərini anlamalı və uşağın gündəlik fəaliyyətlərində, evdə parkda gəzərkən belə uşağın nitqinin inkişafı üzərində daim məşqlər aparılmalı və fəaliyyətlər həyata keçirilməlidir”.


Nitq pozuntuları genetik ötürülür yoxsa sonradan yaranır?

T.Əliyeva qeyd edib ki, bu suala birmənalı formada cavab vermək olmaz: “Çünki nitq pozuntularının yaranması həm irsi, həm də sonradan yaranan amillərdən asılı ola bilər. Bəzi ailələrdə nitqin geri inkişaf etməsi, ailədə hər hansı bir şəxsdə kəkələmə kimi problemin olması və bunun bir neçə nəsildə özünü göstərməsi halları ola bilər. Biz buna genetik meyillilik deyirik. Genetik meyilliliyin olması isə mütləq ki, irsi olaraq həmin uşaqda da özünü göstərəcək demək deyil. Digər tərəfdən də uşağın erkən yaş dövrlərində keçirdiyi xəstəliklər eşitmə zəifliyi, nevroloji problemlər, uşağın intellektual inkişafında yaranan müxtəlif fərqliliklər, psixoloji travmalar və uşağın həyatında kifayət qədər canlı ünsiyyətin olmaması da onun inkişafına mənfi təsir göstərə bilər. Bir tərəfdən də son illər hər kəsin diqqətini çəkən amillərdən biri ekran asılılığıdır. Buraya telefon, planşet, televizor kimi elektronik vasitələr aiddir. Bu vəsaitlər uşağın niqtini inkişaf etdirmir. Əksinə uzun müddət uşaq passiv şəkildə ekrana baxdığı zaman nitqin ləngiməsi, danışığın gecikməsi, söz ehtiyatının məhdud olması və ünsiyyət bacarıqlarının zəifləməsinə gətirib çıxara bilər”.

Ləngimənin ilk əlamətləri

Loqoped bildirib ki, nitq inkişafında ləngimənin ilk əlamətləri körpəlik dövründən özünü göstərməyə başlayır: “Uşaq müxtəlif yaş mərhələlərində müəyyən bacarıqları qazanmalıdır. Əgər hər inkişaf mərhələsinə uyğun olaraq ciddi gecikmələr müşahidə olunursa, valideyn mütləq şəkildə mütəxəssisə müraciət etməlidir. Ümumiyyətlə, uşağın yaş dövrlərinə nəzər salsaq deyə bilərik ki, 1 yaşa qədər olan uşaq müxtəlif səslər çıxarmalıdır. Artıq sadə sözləri deməyə başlamalıdır. 2 yaşında uşaq artıq 50-yə yaxın sözdən istifadə etməli və 2 sözlü ifadələr qurmağı bacarmalıdır. 3 yaşında uşaq sadə cümlələrlə danışmalı, yad insanların da böyük hissəsi onu başa düşməlidirlər. Yəni bu tək ailənin uşağı başa düşməsi ilə məhdudlaşmamalıdır. 4-5 yaşlarında isə nitqin tam formalaşma prosesi başa çatır. Uşaq əksər səsləri bu yaşda tələffüz etməlidir. Valideynlərin “böyüyəndə düzələr” fikri əlbəttə doğru deyil. Bəzi səslər yaş artdıqca sponton şəkildə düzələ bilər, lakin nitqin inkişafında gecikmə varsa, vaxt itirmək problemin daha da dərinləşməsinə səbəb ola bilər. Valideynlər hər yaş mərhələsində uşağın düzgün inkişafını bilməli və müşahidə etməlidirlər. Əgər mütəxəssisə ehtiyac varsa, təbii ki, müraciət etməlidirlər”.


Nitq problemlərinin aradan qaldırılması nə qədər vaxt alır?

T.Əliyevanın sözlərinə görə, bu müddət hər uşaq üçün fərqlidir: “Nəticəyə təsir edən bir çox amillər mövcuddur. Burada problemin növü, ağırlıq dərəcəsi, uşağın yaşı və inkişaf xüsusiyyətləri, valideyn əməkdaşlığı və məşğələlərin davamlılığı bu amillərdəndir.

Məsələn, 1-2 səsin düzgün tələffüz olunmaması bir neçə ay ərzində korreksiya oluna bilər. Lakin ümumi nitqin inkişafında ləngimə, kəkələmə və ya nevroloji mənşəli pozuntular müşahidə edilirsə, bəzən bir neçə aylar hətta il davam edə bilər. Burada əsas məqsəd yalnız səsi öyrətmək deyil, uşağın nitqini gündəlik həyatda daha düzgün, sərbəst formada istifadə etməsini təmin etməkdir”.

“Gözləyək, düzələr” düşüncəsi əvəzinə…

Loqoped bildirib ki, valideynlər uşağın inkişafında ən vacib rol oynayan şəxslərdir:

“Gün ərzində uşaqla keyfiyyətli ünsiyyət qurmaq, kitab oxumaq, oyun zamanı danışmaq, dialoq qurmaq, ünsiyyətə girmək vacibliyi yaradan oyunlardan istifadə etmək nitqin inkişafına böyük töhfə verir. Bundan əlavə olaraq uşağı başqa uşaqlarla müqayisə etmək, “oğlandır gec danışar” fikrindən kənarlaşmaq, telefon, planşet, televizor istifadəsini mümkün qədər məhdudlaşdırmaq, uşağın əvəzinə danışmamaq və bütün istəklərini söz demədən başa düşməyə çalışmamaq lazımdır. Həmçinin uşaqdan istədiyini sözlü formada deməsini tələb etmək lazımdır. Nitqdə hər hansı gecikmə müşahidə olunduqda mütləq loqopedə müraciət etmək vacibdir. Erkən müdaxilə nitq korreksiyasında ən güclü təsirlərdən biridir. Vaxtında başlanan terapiya uşağın məktəbə hazırlığını, sosial münasibətlərini, özünə olan inamını və gələcəkdə akademik uğurlarını əhəmiyyətli dərəcədə artırılmasına kömək edir.

Sonda isə valideynlərə kiçik bir tövsiyə vermək istəyirəm ki, nitq sadəcə söz demək deyil. Nitq uşağın özünü ifadə etməsi, hisslərini bölüşməsi, dostluq qurması və cəmiyyətdə uyğunlaşmasının əsas vasitəsidir. Ona görə də “gözləyək, düzələr” düşüncəsi əvəzinə erkən qiymətləndirmə aparmaq və peşəkar dəstəyə üstünlük vermək uşağın gələcəyi üçün verilə biləcək ən doğru qərarlardan biridir”.