Dəyişikliklərə uyğunlaşan yeni nəslin formalaşması tələb edilir  - Nazir müavini

23 Sentyabr, 2026 - 17:18
Dəyişikliklərə uyğunlaşan yeni nəslin formalaşması tələb edilir 

“Azərbaycan universitetlərinin dayanıqlı inkişaf istiqamətində fəallığı artır və artıq 19 ali təhsil müəssisəsinin “UI GreenMetric” reytinqində yer alması bu sahədə müsbət dinamikanı göstərir”.

“Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə “GreenMetric Sustainable University Rankings 2026 Results & Ceremony” tədbirində çıxışı zamanı elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib.

Onun sözlərinə görə, dayanıqlılıq anlayışı eyni zamanda dayanıqlı və dəyişikliklərə uyğunlaşa bilən yeni nəslin formalaşdırılmasını tələb edir:

“Biz davamlı və dayanıqlı yeni nəsil – məktəblilər, tədqiqatçılar, sistemlər və universitetlər yetişdirməliyik. Bu gün beynəlxalq konfrans keçirən, Formula-1 yarışları ilə əlaqədar şəhərdə yaranan şəraitə uyğunlaşan və tədrisi onlayn davam etdirən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bunun yaxşı nümunəsidir”.

Nazir müavini bildirib ki, ali təhsil müəssisələrinin gələcəyin çağırışlarına hazır olması və bu çağırışları inamla qarşılaması vacibdir.

“UI GreenMetric” reytinqində 19 universitetimizin yer alması, onların fəaliyyətlərini və irəliləyişlərini beynəlxalq standartlarla ölçməsi bütövlükdə ali təhsil sistemi üçün həm ruhlandırıcı göstərici, həm də qarşıda duran yeni çağırışdır”.

H.Həsənli Azərbaycanın COP29-a ev sahibliyinin ölkənin universitetlərinin də dayanıqlı inkişaf gündəliyində fəallığını artırdığını qeyd edib:

“COP29 dövründə Azərbaycan universitetləri arasında yaradılan koalisiya fəaliyyətini davam etdirir və ali məktəb rəhbərlərinin bu prosesdə iştirakı həmin öhdəliyin davamlılığını göstərir”.

Nazir müavini vurğulayıb ki, Azərbaycanın yaşıl enerji və dayanıqlı inkişaf istiqamətində fəaliyyəti yalnız beynəlxalq görünürlük məqsədi daşımır:

“Ölkənin yaşıl enerjiyə keçidi, iqtisadiyyatın fosil yanacaqlardan asılılığının azaldılması və eyni zamanda inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində real nəticələr var”.

O, Qarabağı bu prosesin ən aydın nümunələrindən biri kimi göstərib:

“Azad edilmiş ərazilərdə yolların, universitetlərin, məktəblərin və digər infrastrukturun yaradılması dayanıqlı inkişaf prinsipləri nəzərə alınmaqla həyata keçirilir. Qarabağ yaşıl enerji zonası elan olunub və bölgənin özünü təmin edən dayanıqlı ekosistemə çevrilməsi üçün böyük investisiyalar həyata keçirilir. Məqsəd keçmiş dağıntıların izlərini aradan qaldırmaq və gələcəyə nümunə ola biləcək yeni inkişaf modeli formalaşdırmaqdır”.

H.Həsənli əlavə edib ki, bu istiqamətdə əsas məqsəd universitetlər arasında rəqabət və ya qalib müəyyənləşdirmək deyil:

“Bu, sıfır məbləğli rəqabət deyil. Burada söhbət ortaq baxışdan, ortaq məqsəddən və hamımızın çatmaq istədiyi ortaq nəticədən gedir. Beynəlxalq elmi əməkdaşlıq və müxtəlif ölkələrdən alimlərin birgə müzakirələri gələcək çağırışlara ortaq həll yollarının tapılması baxımından əhəmiyyətlidir”.