Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib

25 Sentyabr, 2026 - 15:46
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib.

Bu barədə institutdan "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, əvvəlcə institutun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Professor strukturda aparılan dəyişikliklər, görülən işlər və qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas hədəflər barədə məlumat verib. O bildirib ki, həyata keçirilən optimallaşdırma tədbirləri nəticəsində institutda ümumilikdə 21 laboratoriyanın fəaliyyətinin davam etdirilməsi, həmçinin 2 mərkəzin və zəruri struktur bölmələrinin yaradılması təmin olunub. Əfsun Sucayev institutda rəqəmsallaşma və elektron idarəetmənin tətbiqi istiqamətində işlərin başlandığını bildirib. Professor müasir laboratoriya idarəçiliyi üzrə kadr potensialının gücləndirilməsi və gənc mütəxəssislərin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verib.
Daha sonra Professor Beynəlxalq əməkdaşlıq sektorunun laboratoriyaların fəaliyyət istiqamətlərini təhlil edib, xarici elmi müəssisələrlə əməkdaşlıq imkanlarının genişləndirilməsi və yeni əlaqələrin qurulması istiqamətində apardığı işlərdən söz açıb.

Qeyd edib ki, Kimya İnstitutu ABŞ-nin iki universiteti ilə əməkdaşlığa başlayıb. Hazırda Texas Universiteti ilə birgə tədqiqatlar aparılır. Həmçinin Kimya İnstitutu, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Kaliforniyanın Bentley Universitetinin iştirakı ilə birgə tədqiqat qrupu yaradılıb. İnnovativ layihələrin həyata keçirilməsi istiqamətində işlərə başlanılıb.

Bununla yanaşı, Türkiyə universitetləri ilə əvvəlcədən yaradılmış əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Belarus Elmlər Akademiyasının üzvü olan Fiziki Kimya İnstitutu ilə əməkdaşlığa başlanılması istiqamətində iş aparılır və bununla bağlı memorandum hazırlanıb.

Qazaxıstanın Kimya Elmləri İnstitutu ilə əməkdaşlıq əlaqələri qurulub. Rusiyanın bir sıra elmi-tədqiqat institutları ilə isə danışıqlar aparılır.

Əfsun Sucayev bildirib ki, institut laboratoriyalarının imkanları əməkdaşlıq etdiyi beynəlxalq elmi-tədqiqat müəssisələrinə təqdim olunur və birgə tədqiqatların həyata keçirilməsi üçün yeni imkanlar araşdırılır.

Professor innovasiya istiqamətində görülən işlər barədə də məlumat verib. O bildirib ki, Yüksək Texnologiyalar Parkının “Sabah City” mərkəzi ilə müqavilə imzalanıb. Əməkdaşlığın institutda həyata keçirilən innovativ işlərlə dövlət sektoru arasında əlaqələrin gücləndirilməsinə töhfə verəcəyini vurğulayıb. 

Bundan əlavə, Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyi ilə danışıqlar aparılır. Artıq iki innovativ layihənin istehsalat mərhələsi ilə bağlı işlər həyata keçirilir.

Daha sonra institutun 2026-cı il üzrə doktoranturaya qəbulunun nəticələri açıqlanıb.

Bildirilib ki, 2026-cı il üzrə fəlsəfə doktoru hazırlığı üçün 21 vakant yerə 24 nəfər sənəd verib. Onlardan 13 nəfəri ixtisas imtahanında iştirak edib və bütün namizədlər imtahandan məqbul qiymət alıb.

Müsabiqənin nəticələrinə əsasən, 8 nəfərə institut daxilində yer verilib. Digər 5 nəfərə yer ayrılması üçün Elm və Təhsil Nazirliyinə müraciət ünvanlanıb. Qəbul olunan doktorantların tədqiqat mövzuları və elmi rəhbərləri təsdiqlənib. Onlara institutun daxili qaydaları və müvafiq təlimatlar barədə məlumat verilib.

Daha sonra Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova Kimya İnstitutunun 2026–2030-cu illəri əhatə edən Strateji İnkişaf Planını təqdim edib.

O bildirib ki, institutun Strateji İnkişaf Planında elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi, innovativ texnologiyaların yaradılması və elmi nəticələrin sənayedə tətbiqi əsas hədəflər kimi müəyyənləşdirilib.

Sevinc Həsənova bildirib ki, Kimya İnstitutu 2026–2030-cu illəri əhatə edən Strateji İnkişaf Planı çərçivəsində fundamental və tətbiqyönlü tədqiqatların inkişaf etdirilməsi, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, elmi infrastrukturun modernləşdirilməsi və yüksək ixtisaslı kadr potensialının gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Qeyd edib ki, strateji sənəd institutun uzunmüddətli inkişaf istiqamətlərini müəyyənləşdirir, elmi və innovativ fəaliyyətin vahid məqsədlər ətrafında əlaqələndirilməsini, resurslardan səmərəli istifadəni və nəticələrin ölçülə bilən göstəricilər əsasında qiymətləndirilməsini nəzərdə tutur.

Planın icrası nəticəsində institutun Azərbaycanda kimya elminin aparıcı mərkəzlərindən biri kimi mövqeyinin möhkəmləndirilməsi, beynəlxalq elmi əməkdaşlıq imkanlarının genişləndirilməsi və sənaye yönümlü innovativ məhsul və texnologiyaların yaradılması istiqamətində yeni imkanların formalaşdırılması hədəflənir.

Təqdimatdan sonra Strateji İnkişaf Planı yekdilliklə təsdiqlənib və onun icrasına başlanılması ilə bağlı müvafiq tövsiyələr verilib.
İclasda gündəlikdə duran digər məsələlər də müzakirə olunub.

Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib
Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib