Uşaq dərsə niyə diqqətini cəmləyə bilmir? – Səbəblər və çıxış yolları

21 Sentyabr, 2026 - 11:00
Uşaq dərsə niyə diqqətini cəmləyə bilmir? – Səbəblər və çıxış yolları

Uşaqlarda diqqət dağınıqlığı və disleksiyanın vaxtında fərq edilməsi uşağın oxu, yazı, nitq və ümumi təlim bacarıqlarının düzgün istiqamətdə inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Valideyn, müəllim və mütəxəssis arasında düzgün qurulan əməkdaşlıq isə çətinliklərin erkən mərhələdə müəyyənləşdirilməsinə və uşağa uyğun dəstək mexanizmlərinin seçilməsinə imkan yaradır.

Bəs valideynlər diqqət dağınıqlığı və disleksiyanın ilkin əlamətlərini necə müəyyən edə bilərlər? Bu hallarda hansı müdaxilə üsulları daha effektiv hesab olunur və loqoped dəstəyi nə zaman başlanmalıdır?

Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan ADPU-nun Xüsusi təhsil kafedrasının baş müəllimi Turan Şahvələdli Qədimova bildirib ki, uşaqda diqqət çatışmazlığı və ya disleksiya əlamətləri müşahidə olunursa, problemi adi diqqətsizlik və ya dərsə maraqsızlıq kimi qiymətləndirmədən erkən mərhələdə mütəxəssisə müraciət etmək vacibdir. Diqqət çatışmazlığı zamanı müəyyən davranışlar uşaqda davamlı şəkildə və müxtəlif vəziyyətlərdə müşahidə oluna bilər. Uşaq tapşırığa başlamaqda və onu sona çatdırmaqda çətinlik çəkə, diqqəti tez-tez ətrafdakı səslərə, əşyalara və hadisələrə yönələ bilər:

“Uşaq verilən təlimatı unuda və ya yarımçıq yerinə yetirə, dərs zamanı əşyalarını tez-tez itirə, bir fəaliyyətdən digərinə keçə, uzun müddət diqqət tələb edən işlərdə çətinlik çəkə bilər. Bundan əlavə, suallara tələsik cavab verə, səhvlərini yoxlamaya, söhbət zamanı fikrini tez itirə və gündəlik fəaliyyətlərdə də unutqanlıq göstərə bilər”.

T.Şahvələdli Qədimova bildirib ki, bu proses qiymətləndirilərkən uşağın xarakteri və yaş xüsusiyyətləri də nəzərə alınmalıdır:

“Valideyn uzunmüddətli müşahidə ilə bu prosesi aşkara çıxara bilər. Əsas məsələ həmin davranışların yalnız uşağın maraq göstərmədiyi və ya çətin hesab etdiyi dərsdə deyil, müxtəlif fəaliyyətlərdə və fərqli mühitlərdə davamlı şəkildə təkrarlanmasıdır”.

Mütəxəssis disleksiyanın isə əsasən oxu və yazı bacarıqlarının mənimsənilməsində davamlı çətinliklərlə özünü göstərdiyini qeyd edib:

“Uşaq hərf və səsləri əlaqələndirməkdə, sözləri düzgün və sürətli oxumaqda çətinlik çəkə bilər. Yazıda hərfləri və ya səsləri buraxa, sözləri səhv yaza bilər. Belə uşaqlarda oxuma sürətinin yaşıdlarından aşağı olması, oxuyarkən sözləri qarışdırmaq və ya bir sözün əvəzinə başqa söz demək, oxuduğu mətnin məzmununu anlamaqda çətinlik çəkmək kimi hallar müşahidə oluna bilər”.

Onun sözlərinə görə, bir-birinə oxşar qrafik simvolların fərqləndirilməsində çətinlik də disleksiya zamanı müşahidə edilə bilən əlamətlərdəndir:

“Bəzi uşaqlarda əlifba, həftə günləri və aylar kimi ardıcıllıqların mənimsənilməsində, sağ və solu fərqləndirməkdə, fonoloji bacarıqlarda və bəzi riyazi əməliyyatlarda da çətinliklər müşahidə oluna bilər. Lakin qeyd etmək vacibdir ki, bu əlamətlərdən hər hansı birinin müşahidə olunması uşağın disleksiyası olduğu anlamına gəlmir”.

T.Şahvələdli Qədimova valideynlərin diqqət çatışmazlığı ilə adi diqqətsizlik və dərsə maraqsızlığı fərqləndirməsi üçün uşağın çətinliyi hansı hallarda yaşadığına diqqət yetirməli olduğunu bildirib:

“Əgər uşaq yalnız sevmədiyi və ya ona maraqsız gələn dərsdə diqqətini cəmləməkdə çətinlik çəkir, lakin sevdiyi fəaliyyət zamanı uzun müddət diqqətli ola bilirsə, burada motivasiya və ya tapşırığın mürəkkəbliyi də rol oynaya bilər. Lakin diqqət problemi oyun, söhbət, ev tapşırığı və gündəlik fəaliyyətlər də daxil olmaqla müxtəlif vəziyyətlərdə davamlı müşahidə olunursa, bunun səbəbi daha ətraflı araşdırılmalıdır”.

Onun sözlərinə görə, disleksiya zamanı isə fərqli mənzərə müşahidə olunur:

“Uşaq oxumağa və yazmağa maraq göstərib çalışsa belə, hərf-səs əlaqəsini qurmaqda, sözləri düzgün oxumaqda və yazmaqda davamlı çətinlik çəkə bilər. Belə halda uşağı “diqqətsizdir”, “dərs oxumaq istəmir” və ya “tənbəldir” kimi qiymətləndirmək düzgün deyil. Ümumilikdə, hər iki problemin mütəxəssislər tərəfindən qiymətləndirilməsi və dəqiq diaqnozlaşdırılması məqsədəuyğundur”.

T.Şahvələdli Qədimova diqqət çatışmazlığı və disleksiyanın uşağın oxu, yazı, nitq və ümumi təlim nəticələrinə də təsir göstərə biləcəyini bildirib:

“Disleksiya zamanı uşaq hərf və səsləri qarışdıra, sözləri düzgün oxumaqda, yazıda isə hərfləri və səsləri buraxmadan sözləri düzgün yazmaqda çətinlik çəkə bilər. Oxuma prosesi uşaqdan daha çox səy tələb etdiyindən bu vəziyyət mətnin məzmununu anlamağa və digər fənlər üzrə təlim nəticələrinə də təsir göstərə bilər”.

Baş müəllimin sözlərinə görə, diqqət çatışmazlığı zamanı uşaq verilən tapşırığı tam dinləməkdə, təlimatı yadda saxlamaqda, başladığı işi sona çatdırmaqda və səhvlərini yoxlamaqda çətinlik çəkə bilər:

“Nəticədə uşağın real bilik və bacarıqları ilə məktəbdə göstərdiyi nəticələr arasında fərq yarana bilər. Nitq sahəsində də müəyyən çətinliklər müşahidə oluna bilər. Xüsusilə fonoloji emal bacarıqlarında problem olduqda səsləri fərqləndirmək, sözləri səslərə və hecalara ayırmaq, yeni sözləri mənimsəmək çətinləşə bilər. Beləliklə, hər iki problem uşağın həm oxu, həm yazı, həm də ümumi təlim nəticələrinə mənfi təsir göstərə bilər”.

T.Şahvələdli Qədimova hesab edir ki, belə hallarda loqopedik müdaxiləni gecikdirmək düzgün deyil:

“Xüsusilə uşağın nitqində, səsləri fərqləndirməsində, fonoloji şüurunda və ya məktəbə başladıqdan sonra oxu-yazı bacarıqlarında davamlı çətinliklər müşahidə olunursa, erkən qiymətləndirmə aparılması vacibdir. Məktəbəqədər dövrdə çətinliklərin erkən müəyyənləşdirilməsi və müvafiq bacarıqların inkişaf etdirilməsi sonrakı oxu-yazı problemlərinin azalmasına kömək edə bilər”.

Onun sözlərinə görə, məktəb dövründə uşağın konkret çətinlikləri müəyyənləşdirilərək fərdi korreksiya proqramı hazırlanmalıdır:

“Əsas məqsəd yalnız problemi aradan qaldırmağa çalışmaq deyil, uşağın təlim prosesində öz imkanlarından daha səmərəli istifadə etməsinə şərait yaratmaqdır. Bu baxımdan loqoped, müəllim, psixoloq və valideynin əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır”.

Baş müəllim bildirib ki, diqqət çatışmazlığı və disleksiyanın korreksiyası zamanı yanaşma uşağın fərdi xüsusiyyətlərinə və ehtiyaclarına uyğun seçilməlidir:

“Diqqət çatışmazlığı problemlərində tapşırıqların qısa və aydın şəkildə verilməsi, fəaliyyətlərin kiçik mərhələlərə bölünməsi, vizual göstərişlərdən istifadə, qısa fasilələrin təşkili, oyun və hərəkət elementlərinin tətbiqi faydalı ola bilər. Uşağın diqqətini tədricən daha uzun müddət saxlamağa yönəlmiş məqsədyönlü məşqlər də aparılır”.

T.Şahvələdli Qədimova disleksiya zamanı əsas istiqamətlərdən birinin sistemli və mərhələli fonoloji təlim olduğunu vurğulayıb:

“Uşağa səsləri fərqləndirmək, səs-hərf əlaqəsini qurmaq, sözləri hecalara və səslərə ayırmaq, daha sonra həmin səsləri birləşdirərək sözləri oxumaq öyrədilir. Oxu və yazı bacarıqları müntəzəm, ardıcıl və məqsədyönlü məşqlərlə möhkəmləndirilir”.

Onun sözlərinə görə, uşağa sadəcə daha çox oxumağı və ya daha diqqətli olmağı söyləmək kifayət etmir:

“Əvvəlcə uşağın hansı sahədə çətinlik yaşadığı müəyyənləşdirilməli, daha sonra həmin ehtiyaca uyğun sistemli, mərhələli və fərdiləşdirilmiş müdaxilə həyata keçirilməlidir”.

T.Şahvələdli Qədimova uşağın özünəinamının qorunmasını da prosesin mühüm hissəsi hesab edir:

“Uşağa dəstək göstərərkən onun özünəinamını qorumaq lazımdır. Uşaq yaşadığı çətinliyə görə günahlandırılmamalı, əksinə, kiçik uğurları belə qeyd edilməli və öyrənmə prosesində müsbət emosional mühit yaradılmalıdır. Bu prosesdə loqoped, müəllim, psixoloq və valideynin birgə fəaliyyəti mühüm rol oynayır”.