Uşaqlar böyüklərin ideoloji mübahisələrinin tərəfinə çevrilməməlidir – Şəmil Sadiq

12 Oktyabr, 2026 - 17:12
Uşaqlar böyüklərin ideoloji mübahisələrinin tərəfinə çevrilməməlidir

“Məktəbdə geyim qaydaları barədə məsələni dərhal dinə münasibət müstəvisinə keçirmək onun təhsil baxımından mahiyyətini arxa plana atır”.

Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında dosent Şəmil Sadiq bildirib.

Onun sözlərinə görə, son vaxtlar məktəbli forması ətrafında aparılan müzakirələrin yalnız hicab mövzusuna gətirilməsini doğru deyil: “Məktəb təhsil və tərbiyə məkanıdır.Burada təhsil alan övladlar gələcəyimizdir. Bizim vəzifəmiz onların sağlam, təhlükəsiz mühitdə, bərabər imkanlarla təhsil almalarına şərait yaratmaq, sərbəst düşünən şəxsiyyət kimi yetişmələrinə  kömək etməkdir. Məktəbin dünyəvi xarakterini qorumaq da bu məsuliyyətin bir hissəsidir.

Son vaxtlar məktəbli forması ətrafında aparılan müzakirələrin yalnız hicab mövzusuna gətirilməsini doğru hesab etmirəm. Məktəbdə geyim qaydaları barədə məsələni dərhal dinə münasibət müstəvisinə keçirmək onun təhsil baxımından mahiyyətini arxa plana atır. Halbuki müzakirənin mərkəzində şagird, məktəb mühiti və hamıya aydın olan ümumi qaydalar dayanmalıdır. Azərbaycan yetərincə tolerant dövlətdir və heç zaman insanlarımızın inancına qarşı olmayıb və olmur. Hər kəs öz inancını yaşayır”.

Ş.Sadiq bildirib ki, məktəbli forması ortaq məktəb kimliyini gücləndirməyə, geyim üzərindən yaranan sosial fərqlərin görünməsini azaltmağa xidmət etməlidir: “Müzakirələrdə işlətdiyimiz sözlərə də məsuliyyətlə yanaşmalıyıq. Qanunda “hicab” ifadəsinin işlədilmədiyini bilə-bilə bunu qabardırlar. Ümumiyyətlə, dilimizdə “yaylıq”, “baş örtüyü” kimi ifadələr var. Çox maraqlıdır, niyə bu gün “hicab” kəlməsi trend olub, onu düşünməliyik. Demək ki, hansısa maraqlı qüvvələr var və mövzunu məhz bu müstəviyə daşımaqla Azərbaycanın tolerant imicinə zərbə vurmaq istəyirlər. Burada yalnız islam inanclı insanlar hədəf alınmayıb, müxtəlif sektalar, qruplar, məzhəblər məktəbə təsir etmək istəyir. Buna qarşı da dövlət müəyyən addımları ataraq uşaqları qorumalıdır. 
Mənim etirazım məktəb və uşaq üzərindən dini-siyasi qarşıdurma yaradılmasınadır. Məktəbli forması ilə bağlı hər bir qaydanı “İslama qarşı addım” kimi təqdim etmək cəmiyyətdə əsassız gərginlik yarada bilər.

Dünyəvi məktəbə dəstək vermək dini inanca hörmətsizlik demək deyil. Mən hesab edirəm ki, məktəb uşağa bilik verməli, düşünmək, sorğulamaq və seçimlərini şüurlu şəkildə etmək bacarığı qazandırmalıdır. Ailənin dini baxışına hörmətlə məktəbin dünyəvi təhsil prinsiplərini qorumaq arasında münasibəti də məhz bu məsuliyyətlə qurmalıyıq”.

Sonda Ş.Sadiq vurğulayıb ki, məktəbin dünyəvi xarakteri və ümumi geyim qaydaları qorunmalıdır. Bunun üçün qaydaların məzmunu və məqsədini cəmiyyət düzgün anlamalı, uşaqlar böyüklərin ideoloji mübahisələrinin tərəfinə çevrilməməlidir.