Uşaqlarda zorakılıq meyilləri: Sosial şəbəkələrə girişin qadağan edilməsi bunun həll yoludurmu?

6 Fevral, 2026 - 15:42
Uşaqlarda zorakılıq meyilləri:

Müasir dövrdə uşaqlıq mərhələsi getdikcə daha erkən yaşlardan etibarən rəqəmsal mühitin təsiri altına düşür. Sosial media artıq yalnız böyüklərin ünsiyyət və informasiya mübadiləsi məkanı deyil, eyni zamanda məktəb yaşına çatmamış uşaqların belə gündəlik həyatına daxil olan, “sosiallaşma”, özünüifadə və davranış modellərinin formalaşdığı əsas platformalardan birinə çevrilmişdir. Bu transformasiya uşaqların diqqət mexanizmlərindən emosional tənzimləməsinə, özünüdəyər qavrayışından sosial münasibətlərinə qədər geniş spektrdə təsir yaradır.

Eyni zamanda, rəqəmsal mühitdə tez-tez rast gəlinən aqressiv məzmun, zorakılıq elementləri və normallaşdırılmış konflikt davranışları uşaqlarda zorakılıq meyillərinin formalaşması və güclənməsi riskini artırır. Bu baxımdan sosial medianın uşaqların davranışlarına təsirinin araşdırılmasında zorakılıq meyllərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Belə tədqiqatlar uşaqlarda empatiya səviyyəsinin azalması, impulsiv davranışların artması və sosial problemlərin zorakılıq yolu ilə həllinə meyl kimi faktorların erkən mərhələdə müəyyən edilməsinə imkan yaradır.

Rəqəmsal texnologiyaların sürətli yayılması fonunda ailə nəzarəti, valideyn icazəsi və fərdi məsuliyyət kimi ənənəvi qoruyucu mexanizmlər getdikcə daha məhdud təsir gücünə malik olur. Nəticədə əsas sual ortaya çıxır: uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məsuliyyəti yalnız ailənin üzərinəmi düşməlidir, yoxsa dövlət və platformalar səviyyəsində sistemli və institusional tənzimləmə artıq qaçılmaz zərurətə çevrilmişdir?

Avstraliya modeli: məsuliyyət platformalara yönəlir

Avstraliya bu sahədə qlobal miqyasda ilk “sistem miqyaslı” addımlardan birini ataraq, 16 yaşdan aşağı şəxslərin bir sıra sosial media platformalarında hesab saxlamasını və yeni hesab açmasını məhdudlaşdıran tənzimləməni 10 dekabr 2025-ci il tarixindən etibarən tətbiq etmişdir. Burada sanksiyalar uşaqlara və ya ailələrə deyil, birbaşa platformalara yönəlir: şirkətlər “məqbul addımlar” atmalı, əks halda ciddi maliyyə sanksiyaları ilə üzləşə bilərlər.

Tətbiqin ilk mərhələsi bu yanaşmanın miqyasını aydın şəkildə göstərmişdir. Meta şirkəti Avstraliyada qanuna uyğunlaşma çərçivəsində 4–11 dekabr tarixləri arasında Instagram, Facebook və Threads platformalarında ümumilikdə təxminən 550 min hesabı deaktiv etdiyini açıqlamışdır. Bu fakt iki mühüm məqamı eyni zamanda ortaya qoyur: birincisi, platforma səviyyəsində icra mexanizmləri real təsir yarada bilir; ikincisi isə yaş təsdiqi və səhv deaktivasiya kimi texniki-etik problemlər bu tip tənzimləmələrin ayrılmaz tərkib hissəsidir.
Avstraliya nümunəsi eyni zamanda bir növ “təbiət eksperimenti” funksiyasını yerinə yetirir. Bu qərar tədqiqatçılara rəqəmsal mühitin uşaqların və yeniyetmələrin psixoloji rifahına təsirini daha sistemli şəkildə müşahidə etmək imkanı yaradır. Bununla yanaşı, tənqidçi mövqelər də mövcuddur; sübut bazasının hələ tam formalaşmaması və tətbiqin arzuolunmaz nəticələr doğura bilməsi ilə bağlı narahatlıqlar ifadə olunur. Avstraliyadakı tədqiqat qrupları bu tənzimləmənin gənclərin psixoloji rifahına və valideynlərin nəzarət imkanlarına real təsirini uzunmüddətli perspektivdə araşdırmağı planlaşdırır. Mütəxəssislərin ümumi qənaətinə görə, qadağanın uşaqları sosial mediadan faktiki olaraq uzaqlaşdırıb-uzaqlaşdırmadığını və rifah səviyyəsini yüksəldib-yüksəltmədiyini qiymətləndirmək üçün ən azı bir neçə illik müşahidə zəruridir.

Avropada istiqamət: yaş baryerləri və platforma hesabatlılığı

2026-cı ilin fevral ayında İspaniyada 16 yaşdan aşağı şəxslərə sosial media məhdudiyyətlərinin tətbiqi ilə bağlı müzakirələr geniş vüsət almışdır. Burada vurğu yalnız yaş həddinə deyil, eyni zamanda platformaların və texnologiya nəhənglərinin demokratik idarəetmə qarşısında hesabatlılığına yönəlir. İspaniya rəhbərliyi bu məsələdə “texnoloji oliqarxların” təsirinə boyun əyməyəcəklərini bəyan etsə də, tənqidçilər daha sərt nəzarətin məxfilik və anonimlik hüquqları üçün risk yarada biləcəyini irəli sürürlər.

Türkiyə gündəmində yeni yanaşma: Valideyn icazəsi olsa belə, 15 yaşdan aşağı olmaz

Türkiyədə son dövrlərdə müzakirəyə çıxarılan hüquqi çərçivə uşaqların sosial mediaya çıxışının tənzimlənməsində daha sistemli yanaşmanı əks etdirir. Təklif olunan modelə əsasən, valideyn icazəsi artıq “yetərli qoruyucu mexanizm” kimi qəbul edilmir və 15 yaşdan aşağı uşaqların sosial media platformalarında hesab açmasına hüquqi məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur. Bu yanaşma, uşaqların rəqəmsal mühitdə üzləşdiyi risklərin təkcə ailə nəzarəti ilə effektiv şəkildə idarə edilə bilmədiyi qənaətinə əsaslanır.
Yeni tənzimləmə yalnız yaş həddi ilə məhdudlaşmır. Platformalara yaşın təsdiqlənməsi üçün etibarlı texnoloji mexanizmlərin yaradılması, valideyn nəzarət alətlərinin standartlaşdırılması və uşaqlar üçün riskli məzmunun avtomatik məhdudlaşdırılması kimi öhdəliklərin tətbiqi nəzərdə tutulur. Bununla yanaşı, zərərli və qanunsuz məzmunun bildirilməsi mexanizmlərinin gücləndirilməsi, aldatıcı reklamların məhdudlaşdırılması və platformaların həyata keçirdikləri qoruyucu tədbirlər barədə mütəmadi hesabat verməsi tələbləri də ön plana çıxarılır. Beləliklə, Türkiyədə formalaşmaqda olan yanaşma fərdi məsuliyyətdən daha çox dövlət–platforma–ailə əməkdaşlığına əsaslanan çoxsəviyyəli qoruma modelini hədəfləyir.

Elmi tədqiqatların göstəriciləri: sosial media, psixoloji risklər və çoxfaktorlu təsir mexanizmləri

Beynəlxalq səviyyədə aparılan empirik tədqiqatlar sosial mediadan problemli istifadə formaları, psixoloji narahatlıq səviyyəsinin artması və uzunmüddətli ekran vaxtı arasında statistik əlaqələrin mövcudluğunu göstərir. Bununla belə, müasir elmi ədəbiyyat bu əlaqələrin sadələşdirilmiş səbəb-nəticə modeli ilə izah edilməsinin metodoloji baxımdan yetərli olmadığını vurğulayır. Sosial medianın psixoloji rifaha təsiri çoxsaylı sosial, ailəvi, iqtisadi və fərdi amillərin qarşılıqlı təsiri nəticəsində formalaşır.

Xüsusilə ailə mühitinin keyfiyyəti, valideyn–uşaq münasibətlərinin strukturu, məktəb mühitində akademik təzyiq səviyyəsi, sosial dəstək şəbəkələrinin zəifliyi, iqtisadi qeyri-sabitlik və fərdi emosional həssaslıq kimi dəyişənlər rəqəmsal davranış modellərinin formalaşmasında mühüm rol oynayır. Bu amillər sosial media istifadəsinin risk və ya qoruyucu təsir göstərməsini müəyyən edən əsas kontekstual faktorlar kimi çıxış edir.

Son illərdə aparılan neyropsixoloji və davranış yönümlü tədqiqatlar da göstərir ki, alqoritmik olaraq fərdiləşdirilmiş məzmun axını, davamlı bildirişlər və “sonsuz sürüşdürmə” mexanizmləri gənclərin diqqət tənzimləmə sistemlərinə və impuls nəzarətinə təsir göstərə bilər. Bu isə xüsusilə inkişaf mərhələsində olan uşaqlarda emosional yorğunluq və asılılıq davranışlarının formalaşması riskini artırır.

Azərbaycan kontekstində tənzimləmə problemi və metodoloji yanaşma

Azərbaycan kontekstində müzakirəyə “qadağa tətbiq edilməlidirmi?” sualından əvvəl daha fundamental metodoloji məsələ ilə başlamaq məqsədəuyğundur: nəzərdə tutulan tənzimləmə konkret olaraq hansı davranış formalarını dəyişdirməyi hədəfləməlidir — hesab açma praktikasını, platformalara giriş imkanlarını, yoxsa uşaqların məzmunla qarşılıqlı əlaqə formalarını?

Mövcud sosial praktikalar göstərir ki, məktəb yaşına çatmamış uşaqların sosial mediada aktiv və görünən olması əksər hallarda yalnız onların fərdi seçimi ilə izah edilə bilməz. Bu prosesdə ailə mühiti, yaxın sosial çevrə və mövcud mədəni normativlər mühüm rol oynayır. Bəzi hallarda isə uşağın rəqəmsal “görünürlüğü” birbaşa valideynlər və digər böyüklər tərəfindən təşviq edilir və ya istehsal olunur. Bu səbəbdən tənzimləmənin obyektini yalnız uşaqla məhdudlaşdırmaq metodoloji baxımdan yetərli hesab edilə bilməz.
Bu kontekstdə tənzimləmə strategiyası platforma arxitekturasını da əhatə etməlidir. Yaş doğrulama mexanizmləri, uşaq hesablarının alqoritmik olaraq önə çıxarılması və ya “kəşf” bölmələrində görünməsi, reklam yönləndirmə sistemləri, eləcə də şikayət və müdaxilə mexanizmlərinin effektivliyi birbaşa tənzimləmə predmetinə çevrilməlidir.

Bu baxımdan Azərbaycan üçün daha rasional və davamlı yanaşma üç əsas prinsip üzərində qurula bilər:

1.    Platforma məsuliyyəti – yaşa uyğun dizayn standartlarının tətbiqi, şəxsi məlumatların qorunması, şəffaf hesabatlılıq mexanizmlərinin yaradılması və alqoritmik qərarların monitorinqi;
2.    Valideyn və məktəb savadlılığı – rəqəmsal tərbiyə modellərinin inkişaf etdirilməsi, media savadlılığı proqramlarının genişləndirilməsi və uşaqlarda emosional özünənəzarət bacarıqlarının formalaşdırılması;
3.    Alternativ sosial mühitin gücləndirilməsi – ekranın “sakitləşdirici vasitə” funksiyasına çevrilməsinin qarşısının alınması, uşaqlar üçün təhlükəsiz sosiallaşma, idman, yaradıcılıq və sosial fəaliyyətlərinin genişləndirilməsi.

Nəticə etibarilə, Azərbaycan üçün əsas qənaət ondan ibarətdir ki, sərt yaş baryerləri müzakirə predmeti ola bilər, lakin real effektivlik yalnız normativ aktların mövcudluğu ilə deyil, onların tətbiq mexanizmlərinin keyfiyyəti və platforma–ailə–məktəb üçbucağının koordinasiyalı fəaliyyəti ilə müəyyən olunur. Bu sahədə tənzimləmənin akademik əsaslandırılması isə “tək səbəb” yanaşması ilə deyil, çoxfaktorlu risklərin idarə edilməsi perspektivi ilə aparılmalıdır.

Əbülfəz Süleymanlı
Sosiologiya elmləri doktoru, Türkiyənin Üsküdar Universitetinin Sosiologiya kafedrasının professoru